Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:40

«Biz bilmirik birinci rezin güllə atılıb, yoxsa daş?»


John MacGregor
John MacGregor
-

ATƏT-in Bakı ofisinin hərbi-siyasi şöbəsinin rəhbəri John MacGregor yanvar aksiyaları barədə AzadlıqRadiosuna müsahibə verib.

- «Binə» və İsmayıllı aksiyalarında polisin və etirazçıların davranışını bütövlükdə necə dəyərləndirirsiz?

- 12 yanvar aksiyasında polisin ilk 30 dəqiqədəki davranışından məmnun qaldım. Polis minimum gücdən yararlanaraq aksiyaya nəzarət edirdi. Amma kimliklərini bilmədiyimiz mülki geyimlilər də vardı. Bilmirdik ki, bu mülki geyimlilər kimlərdir? Uniformalı polislə əməkdaşlığını görəndən sonra ehtimal edirik ki, onlar da təhlükəsizlik əməkdaşlarıdır. Amma mülki geyimli şəxslərin davranışı uniformalı polisin davranışı qədər qənaətbəxş deyildi.

«MÜQAVİMƏTSİZ ETİRAZÇININ DÖYÜLMƏSİ MƏQBUL DEYİL»

«Binə» aksiyası
«Binə» aksiyası
- «Binə» və İsmayıllı aksiyalarını biz videolardan müşahidə edə bildik. «Binə» aksiyasında polisin rezin güllələrdən istifadə etdiyini gördük və etirazçıların polisə daş atdığını müşahidə etdik. Amma biz bilmirik birinci rezin güllə atılıb, yoxsa daş? «Binə» aksiyasında videoda gördük ki, polis nümayiş iştirakçısını tutduqdan sonra da rezin dəyənəklə döyməyə davam edir. Müqavimətsiz etirazçının saxlandığı halda döyülməsi məqbul deyil.

İsmayıllı aksiyasında dəfələrlə gözyaşardıcı qazdan istifadə olunub. Bunun çox ağır fəsadları ola bilər. Özəlliklə insanların sıx yaşadığı yerlərdə qazdan istifadə olunurdu. Gözyaşardıcı qazdan belə istifadə orada yaşayan, eləcə də yaxınlıqdakı başqa insanlara da pis təsir edə bilər.

- Polis keçirdiyiniz təlimlərə nə dərəcədə uyğun davranır?

- Bizim təlimlərə Daxili Qoşunlar, Çevik Polis Alayının təxminən 5 faiz əməkdaşı qatılıb. Onların bəziləri ilə aksiyalarda rastlaşırıq. Amma 5 faiz çox azdır. Əlbəttə, daha çox polisin təlimlərə qatılmasını istərdik. Məsələn, 12 yanvar aksiyasında ilk 30 dəqiqədə polisin davranışı təlimlərə uyğun idi.

«REZİN DƏYƏNƏK YALNIZ AYAĞA VURULA BİLƏR»

İsmayıllı hadisəsi
İsmayıllı hadisəsi
- Təlimlərdə, əsasən, minimum gücdən istifadə etməklə, polis-etirazçı dialoqu və əlaqə qurmaqla aksiyanın qarşısını almaqdan danışılır. Məsələn, təlimlərdə polisə bildirilir ki, ancaq zərurət olduğu halda rezin dəyənəkdən istifadə oluna bilər. Etirazçını müqavimətsiz vəziyyətə gətirmək üçün dəyənəklə ancaq ayaqlara vurulması yolveriləndir, çünki bədənin digər nahiyələrinə zərbə ciddi fəsadlar törədə bilər.

- Beynəlxalq təcrübədə polis hansı davranış üsullarından yararlanır?

- Polis minimum gücə dayanaraq razılaşdırılmamış aksiyanın qarşısını almalıdır. Kütlə zorakılığa meyllidirsə, get-gedə çoxalan gücdən istifadə olunmalıdır. Burada gözyaşardıcı qazdan da istifadə oluna bilər. Amma gözyaşardıcı qazların yalnız CS növündən. Bəzi ölkələrdə gözyaşardıcı qazın digər növlərindən istifadə qadağandır, çünki əl-üzünü su ilə yuyan kimi, CS qazı təsirini itirir. Digər qazların təsiri orqanizmdə uzun müddət qalır.

«REZİN GÜLLƏDƏN YANLIŞ İSTİFADƏ ÖLÜMƏ SƏBƏB OLA BİLƏR»

- Gözyaşardıcı qaz kütlənin dağılmasına kömək edə bilmirsə, bu zaman su şırnağından istifadə mümkündür. Bir iş var ki, bundan yalnız ayrıca təlim keçənlər istifadə edə bilər və su ancaq qurşaqdanaşağı hissəyə yönəlməlidir. Əks halda insanlara ciddi xəsarət yetirilə bilər.

Kütlənin dağılmasına su şırnağı da yardımçı olmazsa, ən son mərhələdə rezin güllələrdən yararlanmaq mümkündür. Təbii ki, peşəkarca və çox diqqətlə. Rezin güllə etirazçının yalnız ayaq hissəsinə atıla bilər. Məqsəd – etirazçını saxlamaqdır. Rezin güllələrdən yanlış istifadə ölümlə sonuclana bilər və belə hallar olub.
XS
SM
MD
LG