Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:22

Human Rights Watch-dan Bakıya yeni tənqidlər


Bakıda Binə ticarət mərkəzində işləyən sahibkarların aksiyasında tutulanlardan biri. 19 yanvar 2013
Bakıda Binə ticarət mərkəzində işləyən sahibkarların aksiyasında tutulanlardan biri. 19 yanvar 2013
-


Human Rights Watch (HRW) beynəlxalq insan haqlarını müdafiə təşkilatı dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatında yenə Azərbaycanı tənqid edir. Sənədin Azərbaycana aid olan hissəsində qeyd edilir ki, 2012-ci ilin mayında Eurovision Mahnı Yarışının Bakıda keçirilməsi dünyanın diqqətini “hökumətin bərbad insan haqları siyasətinə” cəlb edib.

Sənəddə qeyd olunur ki, ölkədə siyasi fəallar, müstəqil və müxalifətyönlü jurnalistlər üçün düşmənçilik ab-havası yaradılıb. Hakimiyyət həbslərdən siyasi qisasçılıq aləti kimi istifadə etməkdə davam edir, dinc nümayişlər zor gücünə dağıdılır.

Hesabatın Azərbaycandan bəhs edən bölməsində əsasən aşağıdakılar vurğulanır:

MEDİA AZADLIĞI

İyun ayında hərbi xidmətdən boyun qaçırma ittihamı ilə məhkum edilmiş sosial media fəalı Bəxtiyar Hacıyev həbsdən azad edilib.

Amma böhtanın hələ də cinayət əməli hesab edildiyi Azərbaycanda jurnalistlərə qarşı saxta ittihamların irəli sürülməsi, təqiblər və fiziki hücumlar davam edir. “Xural” qəzetinin həbs əməkdaşı Aydın Caniyev və redaktoru Əvəz Zeynallı, Xəyal TV-nin direktoru və baş redaktoru, İranın “Səhər” peyk televiziyasının müxbiri Anar Bayramlı, “Tolışi Sado” qəzetinin baş redaktoru Hilal Məmmədov, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun blogeri və fotomüxbiri Mehman Hüseynov həbs edilib.

Sənəd müəllifləri “Sənət” qəzetinin əməkdaşı Rafiq Tağının bıçaqlandıqdan sonra vəfat etməsini, jurnalist İdrak Abbasovun amansızcasına döyülməsini, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovanın şantaja məruz qalmasını da sənəd müəllifləri xüsusi vurğulayırlar.

TOPLAŞMA AZADLIĞI

Hesabatda qeyd olunur ki, hökumət, sərbəst toplaşma azadlığını dinc nümayişləri bəzən xüsusi zorakılıqla dağıtmaqla, etirazçıları həbs etməklə məhdudlaşdırıb.
Deyilir ki, 2006-cı ildən bəri müxalifətin ilk icazəli mitinqi zamanı iki populyar musiqiçi həbs edilib. Polis onları döyüb, vəkilləri ilə görüşmələrinə icazə verilməyib. Bununla belə onlar 10 gündən sonra azad edilmişlər: “Aprel ayında müxalifətin mitinqinə çağıran vərəqələr yaydıqları üçün 20 fəal həbs edilib. Məhkəmə onlardan 7-sini 10 və 15 sutkalıq həbs cəzasına məhkum edib.

Bakıda keçirilən Eurovision Mahnı Yarışı günlərində baş vermiş etiraz aksiyaları zamanı dinc nümayişçilər döyülüb.

İcazəsiz aksiyalarda iştirak üçün cərimələrin kəskin şəkildə artırılıb.”

SYASİ MƏHBUSLAR, İŞGƏNCƏLƏR VƏ ÖLÜMLƏR

Hesabatın bu hissəsində qeyd olunur ki, siyasi motivli həbslər Azərbaycanda problem olaraq qalır. 2012-ci ilin iyununda AŞPA məlumat verib ki, Azərbaycanda siyasi məhbus olduqları iddia olunan 89 nəfər var.

Qeyd edilir ki, Azərbaycanda məhbuslar və həbs edilənlərlə pis rəftar cazasızlıq şəraitində davam etməkdədir və həbsdə olarkən iki nəfər vəfat edib.

EVLƏRDƏN QANUNSUZ ÇIXARILMALAR

“2008-ci ildən bəri Azərbaycan hakimiyyəti Bakının yeniləşdirilməsi proqramı çərçivəsində parkların, yolların və dəbdəbəli yaşayış komplekslərinin tikintisi üçün, şəhərdə əsasən orta sinfə aid məhəllələrdə yüzlərlə şəxsi mülkiyyəti – mənzilləri və evləri qanunsuz olaraq müsadirə edib. Bu proses xüsusilə də Eurovision müsabiqəsinə hazırlıq dövründə güclü vüsət alıb”, - deyə sənəddə vurğulanır.

Bildirilir ki, evlərindən çıxarılanların əksəriyyəti bazar qiymətlərinə uyğun kompensasiya ala bilməyiblər.

DİN AZADLIĞI

HRW bildirir ki, hökumət din azadlığını məhdudlaşdırmaqda davam edir.

2011-ci ilin dekabrında icazəsiz dini ədəbiyyatın çapı, ölkəyə gətirilməsi və yayılması cinayət əməli kimi qanuna salınıb. Bundan əvvəl belə hərəkətlər inzibati xətalar kimi nəzərdən keçirilirdi.

Cinayət Məcəlləsinə daxil edilmiş yeni maddədə həmçinin dini fəaliyyətin həyata keçirilməsi pərdəsi altında ictimai asayişi təhdid edən qruplar qanundankənar elan edilir.

İNSAN HAQLARI FƏALLARI

Hesabat müəllifləri yazırlar ki, polis daşqın qurbanları ilə işləyən Kür Vətəndaş Cəmiyyətinin iki üzvünü həbs edib.

2012-ci ilin aprelində təşkilatın əlaqələndiricisi Oqtay Gülalıyev xuliqanlıq ittihamı həbs olunub, lakin iyun ayında sərbəst buraxılıb. Onun həbsdə olarkən pis rəftara məruz qaldığı barədə şikayətinə baxılmayıb

Lakin həmin cəmiyyətin başqa bir üzvü – İlham Əmiraslanov “qondarma qanunsuz silah gəzdirmə ittihamı ilə” iki il müddətinə azadlıqdan məhrum edilib.

Aprel ayında Göyçaydan olan bloqqer və insan haqları fəalı Taleh Xasməmmədov xuliqanlıq və rəsmi şəxsə hücum ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, rəsmilərin və hüquq-mühafizə orqanlarının korrupsiyalaşmasını təhqiq edirdi.
Həmin rayondan olan başqa bir fəal – Vidadi İsghəndərov parlament seçkilərinə müdaxilə ittihamı ilə həbsxanaya salınıb.

ƏSAS BEYNƏLXALQ OYUNÇULAR

HRW hesabatında qeyd edir ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin pisləşməsindən narahatlıq ifadə etsələr də, Avropa İttifaqı, Birləşmiş Ştatlar və başqa beynəlxalq Bakı ilə əlaqələrində bu problemlərin həllini şərt kimi irəli sürməyiblər. işlər.
Avropa İttifaqı, ATƏT və Bakıdakı ABŞ səfirliyi jurnalist İdrak Abbasovun qəddarlıqla döyülməsini pisləyən bəyanatlar versə də, heç bir nəticə hasil olmayıb:

“Avropa İttifaqı özünün may hesabatında Qonşuluq Siyasəti proqramı çərçivəsində Azərbaycanın insan haqları, seçki prosesi və ədliyyənin müstəqilliyinə dair öhdəliklərini yerinə yetirmədiyini vurğulayıb və ilk dəfə hakimiyyətə konkret tövsiyələr verib.

Eurovision yarışının əsas nəzarətçisi olan Avropa Yayım İttifaqı da Azərbaycanda ifadə azadlığını müdafiə edən bəyanat verib, amma Azərbaycan hökumətinə qarşı açıq mövqe tutmaqdan imtina edib” – deyə sənəddə vurğulanır.

Müəlliflər qeyd edirlər ki, AŞPA-nın Hüquq Məsələləri və İnsan haqları Komitəsi Azərbaycanda siyasi məhbuslara dair hesabatı qəbul etsə də, hökumət komitə ilə əməkdaşlığı rədd edib, məruzəçini isə ölkəyə buraxmayıb.

İnsan haqlarının vəziyyətinə görə Azərbaycan təkcə HRW-dan deyil, əksər beynəlxalq təşkilatlardan sərt tənqid alır. Amma hakimiyyət təmsilçiləri ölkədə bu sahədə ciddi problemlərin olması barədə fikirləri rədd edir, belə tənqidləri Azərbaycanın siyasi hakimiyyətinə təzyiq cəhdi adlandırırlar.

Hələlik HRW-un son hesabatına Bakıdan bir rəsmi reaksiya səslənməyib.
XS
SM
MD
LG