Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:07

TAKM: Ortaq türk ordusu, ya hərbi assosiasiya?


Azərbaycan hərbiçiləri
Azərbaycan hərbiçiləri
-
Bir neçə gün əvvəl bəzi yerli media orqanları “Türk dövlətlərinin ortaq ordusu yaradılıb” başlıqlı xəbərlər dərc etdilər.

Söhbət yanvarın 25-də yaradılan Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasından gedir. Qurumun qısa adı TAKM-dır, üzv dövlətlərin – Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustanın ingiliscə adlarının baş hərflərindən yaradılıb.

BU İL TÜRKİYƏ, GƏLƏN İL QIRĞIZISTAN

Simvolu at olan, ümumi qərargahı Ankarada yerləşəcək yeni quruma bu il Türkiyə, gələn il Qırğızıstan komandanlıq edəcək.

Bu xəbərin bəzi çevrələri guya təşvişə salması barədə fikirlər də səsləndi. Habermonitor.com-da “Türk dünyasının ortaq ordusu Avropanı qorxutdu” başlıqlı məqalədə oxuyuruq:

Türk əsgərləri PPK tərəfindən öldürülmüş hərbiçini dənf edirlər
Türk əsgərləri PPK tərəfindən öldürülmüş hərbiçini dənf edirlər
“Türkiyə, bir yandan Suriyadakı böhranı, o biri yandan Patriotlar'ı dartışarkən, Türk Dünyası üçün önəmli bir hərbi addım atıldı. Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan Avrasiya hərbi statuslu təşkilatını qurdu”.

“TAKM HEÇ BİR DÖVLƏTƏ QARŞI YARADILMAYIB”

Türkiyə Jandarma Baş Komandanlığı TAKM-ın heç bir dövlətə və təşkilata qarşı yaradılmadığını açıqladı: “Bu qurum Avrasiya bölgəsində yerləşən və üzv ölkələrin hərbi statuslu hüquq-mühafizə təşkilatları arasında əməkdaşlığı gücləndirmək üçün yaradılıb. Yalnız sülhə xidmət etməyi və vətəndaşlara çağdaş hüquq-mühafizə xidmətləri göstərməyi hədəfləyir”.

Elə Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova da AzadlıqRadiosuna deyir ki, söhbət bəzi media orqanlarının yazdığı kimi, hansısa ortaq ordunun yaradılmasından deyil, daxili qoşunlar, jandarm strukturları arasında qarşılıqlı əməkdaşlıqdan, təcrübə mübadiləsindən gedir:

“Bizim 1997-ci ildən Türkiyə ilə müqaviləmiz var. Zabitlərimizin xeylisi Türkiyədə təhsil alıb, təlimlərə qatılıb. Onların da bizdən öyrənəcəyi var. Bunu siyasiləşdirirlər ki, ay, nə bilim, ordu yaradıldı. Belə deyil. Sadəcə, yaxşı mənada qarşılıqlı əməkdaşlıq edəcəyik”.

ERMƏNİSTAN KTMT-YƏ ÜZV OLURSA...

Yerli müşahidəçilər diqqəti regiondakı geosiyasi duruma yönəldirlər.

Politoloq Fikrət Sadıqovun fikrincə, bir müddət əvvəl nə Rusiyanın hərbi müqaviləsinə, nə də NATO-ya üzv olacağını bildirən Azərbaycanın indi türk dövlətlərinin hərbi birliyinə girməsi müsbət sonuclar verəcək. Burada əsas rolu Türkiyənin oynayacağını düşünən politoloq elə əsas birliyin də Türkiyə-Azərbaycan arasında yaradıldığını düşünür. O, alyansa həm türkdilli, həm qeyri-türkdilli dövlətlərin qatıldığını nəzərə alaraq qurumun genişləndiriləcəyini də istisna etmir. Fikrət Sadıqov Azərbaycanın ilk növbədə qonşularına mesaj göndərdiyini bildirir:

İlham İsmayıl
İlham İsmayıl
“Yəni Ermənistana, Rusiyaya. Rusiya postsovet məkanından Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yarada bilirsə, oraya keçmiş sovet respublikalarını daxil edirsə və Ermənistan da onun üzvü olursa, biz niyə belə bir alyansa getməyək?”.

DİPLOMATİK JEST, GÜC NÜMAYİŞİ

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin direktoru İlham İsmayıl da diqqəti KTMT-nin Yerevanda hərbi akademiya yaratmaq istəyinə yönəldir. Onun fikrincə, təşəbbüs təkcə Azərbaycandan gələ bilməz, əsas təşəbbüskar Türkiyədir:

“Kimə qarşısa alternativ güc nümayişidir. Rusiyadan başqa da heç kəsə mesaj ola bilməz. Diplomatik bir jestdir, özünü göstərmək məqsədi daşıyır. Daha çox bölgə üçün nəzərdə tutulub. Monqolustan və Qırğızıstan da var, bir-birinə yaxın ölkələrdir. Orada kimə qarşı çıxasıdırlar?”

Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova da TAKM ideyasının Türkiyədən gəldiyini istisna etmir. Ancaq o, qurumun niyə indi yaradılmasına dair suala cavabında danışıqların iki ilə yaxın getdiyini, görüşlər keçirildiyini vurğulayır və bir daha məsələni “siyasiləşdirməməyə” çağırır.
XS
SM
MD
LG