Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:46

Etirazçıların tələbindən sonra yeni komissiya yaradıldı


Arxiv Foto
Arxiv Foto
-
Fevralın 11-də Balakən rayonunda Hənifə kəndinin bir qrup sakini icra hakimiyyətinin qarşısında etiraz aksiyası keçirib. Onlar keçən il oktyabrın 14-də baş verən zəlzələdən zərər çəkənlər olub.

Etirazçılar evlərinin bərpa olunmamasını, onlara kompensasiya ödənilməsini istəyiblər. Onlardan biri, Hənifə kəndinin sakini Teymur Namazov AzadlıqRadiosuna deyib ki, icra hakimiyyətinin önünə təxminən 150 adam toplaşıb:

«Camaat haqqını tələb edir. Zəlzələdən sonra evlərimiz yaman günə qalıb. Evlərin bərpası üçün vəsait ayrılıb. Dağılan evlərin 50 faizi tikilmir. Ancaq kimin evində çat var, onlar tikilir. Bu, haqsızlıqdır».

«MƏNİM HEÇ ÇADIRIM DA YOXDUR»

Hənifə kəndinin bir başqa sakini Oruc Məmmədov deyir ki, zəlzələdən sonra evində qorxa-qorxa yaşayır. Ancaq yerli icra strukturlarından səsinə səs verən tapılmır:

«Zəlzələdə dağılmış evlərlə bağlı yeni komissiya tələb edirik. Heç nə etmirlər. Adımızı zərərçəkən siyahısına salmırlar. Evimin neçə yerində çat var. Heç bərpaya da salmayıblar. Nə qədər qorxa-qorxa yaşamalıyıq? Kənddə bəzilərində çadır var. Mənim heç çadırım da yoxdur».

Hənifə bələdiyyəsinin sədri Oqtay Mehdiyev etirazçıları narahat edən məsələlərin araşdırıldığını deyir:

«Fövqəladə Hallar Nazirliyinin komissiyaları vəziyyəti müəyyənləşdirir. Hərəsinin bir dərdi var, mən bilmirəm, hələ araşdırırıq».

YENİ KOMİSSİYA YARADILIB

Camaatın qarşısına Balakən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azad Babayev çıxıb. Azad Babayev AzadlıqRadiosuna deyib ki, yeni komissiya yaradılıb və komissiya artıq araşdırmalara başlayıb:

«Bura gələnlər 30-40 nəfər olardı. Bəziləri komissiyanın rəyindən razı deyil, bəziləri deyirdi güzəşt edin. Komissiya təşkil etdik. Hazırda komissiya işləyir, onların müraciətinə baxır. Yerlərdə də müraciətlər olur. Fövqəladə Hallar Nazirliyi bizə siyahılar verib, biz də dürüstləşmə aparırıq. Ondan sonra maliyyələşmə aparılacaq».

«DEDİLƏR YENƏ ƏRİZƏ YAZIN»

Aksiyaya Hənifə bələdiyyəsinə daxil Gülüzanbinə kəndinin sakini Xuraman Süleymanova da qatılıb. O deyir ki, zəlzələ olan gündən qəzalı evdə yaşamağa məcbur qalıblar:

«İcra başçısının müavini özü düşüb gəldi yanımıza. Dedi, gedin ərizələrinizi verin, baxılacaq. Onu da dedi ki, yeni komissiyanın təşkili üçün kənd sovetində ərizə yazın. Sözün düzü, mən inanmıram, çünki bizi çox aldadıblar. İlk dəfə komissiya gələndə də hamının evini yoxlamışdılar. Ancaq baxmamışdılar. Qəzalı vəziyyətdə olan evdə çarəsiz yaşayırıq. Maşın keçəndə ev silkələnir. Hasarımız tamam uçmuşdu. Borcla hasarı özümüz bərpa eləmişik, hələ ustanın pulunu verməmişik. Çox haqsızlıqdır. 100-dən çox ev var, hamısı ziyan çəkib. Ancaq 3-4 evi təmirə yazmışdılar. Mən nəsə edəcəklərinə inanmıram. Ancaq gedib ərizə yazdım».

Balakəndə zəlzələ 2012-ci il oktyabrın 14-də olub. 5 bal gücündə zəlzələdə insan tələfatı olmasa da, çox sayda evə ziyan dəyib.
XS
SM
MD
LG