Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:51

Human Rights Watch Əkrəm Əylisli barədə bəyanat verib


Human Rights Watch-un loqosu
Human Rights Watch-un loqosu
-
«Azərbaycan hökuməti yazıçı Əkrəm Əylisliyə qarşı aparılan təqib və qorxu kampaniyasına dərhal son qoymalıdır».

Beynəlxalq hüquq-müdafiə təşkilatı Human Rights Watch-un fevralın 12-də yaydığı bəyanatında belə deyilir.

Bəyanatda qeyd olunur ki, Azərbaycan hökuməti dərhal istintaqa başlamalı, yazıçını təhdid edənləri məsuliyyətə cəlb etməli, onun şəxsi təhlükəsizliyini təmin etməlidir.
Təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Hugh Williamson deyib ki,
«Azərbaycan hökumətinin Əkrəm Əylislini qorumaq öhdəliyi var. Amma, bunun əksinə olaraq hökumət, yazıçını təhdid edən təşəbbüslərə başçılıq edərək, onu qeyri-etik qaralama və düşmən ritorikası kampaniyaları ilə üz-üzə qoyub».

Human Rights Watch bildirir ki, «xarici ölkələrin hökumətləri və Azərbaycanın üzvü olduğu hökumətlərarası təşkilatlar yazıçının təhdid olunmasına görə məsuliyyət daşıyanlar barədə dərhal təhqiqatlara başlanması və ölkədə ifadə azadlığının təmin olunması üçün Azərbaycan hökumətinə çağırış etməlidir».

«ROMANIN MƏQSƏDİ DOSTLUĞA SƏSLƏMƏK OLUB»

Human Rights Watch Əkrəm Əylislinin «Daş Yuxular» adlı romanının Rusiyanın «Drujba narodov» jurnalının 2012-ci ilin dekabr buraxılışında çap olunduğunu xatırladır.

«Bu roman, 1920-ci illərdə və eləcə də Sovet dövrünün sonlarına yaxın erməni və azərbaycanlılar arasında silahlı münaqişənin başladığı dövrdə etnik azərbaycanlılar tərəfindən ermənilərə qarşı törədilən zorakılıqlardan bəhs edir. Əkrəm Əylislinin Human Rights Watch təşkilatına bildirdiyinə görə, romanının məqsədi erməni və Azərbaycan xalqları arasında dostluğa səsləmək olub».

Təşkilat bildirir ki, «Əkrəm Əylislinin əsərində erməniləri müsbət xarakterizə etməsi və ermənilərə qarşı törədilən zorakılıqları pisləməsi Azərbaycanda böyük səs-küyə səbəb olub. Əylisliyə qarşı nifrət ritorikasına və təhdidlərə 2013-cü ilin yanvar ayının sonlarında start verilib. Bu hal hökumətyönümlü Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin fevralın 11-də verdiyi bəyanatla kulminasiya nöqtəsinə çatıb. H. Hacıyev açıq şəkildə bəyan edib ki, Ə.Əylislinin qulağını kəsib gətirən şəxsə 10.000 AZN məbləğində pul mükafatı verəcək».
XS
SM
MD
LG