Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:28

Müdafiə komitələri birləşdirilir


İlqar Məmmədov və Tofiq Yaqublu
İlqar Məmmədov və Tofiq Yaqublu
-
Fevralın 22-də Müsavatın qərargahında partiya başqanının müavini, «Yeni Müsavat» qəzetinin əməkdaşı Tofiq Yaqublunun Hüquqlarını Müdafiə Komitəsinin təsis toplantısı keçirilib.

Komitənin sədri Müsavat Divanının üzvü Qubad İbadoğludur.

Komitə İsmayıllı hadisələrinə görə həbs olunan REAL Hərəkatının sədri İlqar Məmmədovun hüquqlarının da müdafiəsi ilə məşğul olmağı planlaşdırır.

Qubad İbadoğlu AzadlıqRadiosuna deyib ki, toplantıda həm fəaliyyət proqramını müəyyənləşdiriblər, həm də hakimiyyətə müraciət hazırlayıblar:

«Həmin müraciətdə biz həbsləri pislədik və onların dərhal azad olunmasını tələb etdik».

Müdafiə Komitəsi həbsdəkilərin buraxılması üçün imza toplamağa başlayır. İmzalar on-line şəkildə də yığılacaq.

Bundan başqa, müdafiə komitələrinin birləşdirilməsi də nəzərdə tutulur.

«Söhbət həm Nigar Yaqublunun, həm də İsmayıllıda həbs olunanların komitələrindən gedir. Məqsəd birgə müdafiəni qurmaqdır», - deyə Qubad İbadoğlu bildirir.

Komitə həmçinin beynəlxalq qurumlar, hüquq-mühafizə orqanları ilə işləməyi planlaşdırır.

Tofiq Yaqublu və İlqar Məmmədov İsmayıllı hadisələrinə görə həbs olunub. Fevralın 4-də Nəsimi rayon Məhkəməsi onlar barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddələri ilə ittiham olunurlar.

Bu il yanvarın 23-də İsmayıllıda icra başçısının istefası tələbilə etiraz aksiyaları keçirilib. Aksiyadan sonra saxlananlar var.

Bir qədər əvvəl isə Müsavat fəalı, Tofiq Yaqublunun qızı Nigar Yaqublu avtomobil qəzası törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri gənc xanımın siyasi baxışlarına görə həbs edildiyini deyirlər.
XS
SM
MD
LG