Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:34

Mikheil Saakashvili-nin Bakı səfərinə ekspertlərin izahı


Mikheil Saakashvili
Mikheil Saakashvili
-
Fevralın 27-də Gürcüstan prezidenti Mikheil Saakashvili-nin Azərbaycana səfəri başlayıb. Səfər iki gün çəkəcək.

Ekspertlər Gürcüstan prezidentinin gəlişini həm vida, həm də gələcək planlarına hesablanmış səfər kimi qiymətləndirirlər.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Gürcüstan hakimiyyətində ikitirəlik yarandığından rəsmi Bakı qonşu ölkədə hakimiyyətin hansı qoluyla dialoqa üstünlük verib-verməməkdə çətinlik çəkir. Prezident Saakashvili ilə baş nazir Ivanishvili arasında ciddi rəqabət var. Mərkəz rəhbərinin fikrincə, Azərbaycana Saakashvili daha uğurlu variantdır:

«O, siyasətdən çəkilmir. Gələcəkdə partiyasını parlament seçkilərinə fəal şəkildə hazırlayacaq. Təbii ki, partiyasının hansısa üzvünün namizədliyini prezident seçkilərində də irəli sürəcəklər. Gələcək planlara dair Azərbaycanın hakimiyyət nümayəndələri ilə də fikir mübadiləsi aparıla bilər.

Saakashvili Azərbaycanla strateji əlaqələrə çox böyük önəm versə də, Ivanishvili, əksinə, Baş nazir olandan sonra bu münasibətlərə kölgə salacaq bəzi addımlar atdı. Gələcək parlament seçkilərində Saakashvili-nin qələbə çalması Azərbaycan üçün arzuolunandır. Azərbaycan onun partiyasından verilən namizədin prezident seçilməsini də istəyərdi. Bu mənada Saakashvili ilə müzakirə olunacaq məsələlər var».

Gürcüstan prezidenti Bakıya səfəri zamanı Tbilisidə hava limanına xanımı ilə birlikdə özünün idarə etdiyi «Nissan»da gəlib. Gürcüstan Prezidentinin Administrasiyasından yayılan video.


«BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ, BİR DAHA ENMƏZ!»

Saakashvili Milli Məclisdə - 2012
Saakashvili Milli Məclisdə - 2012
Ötən ilin martında Bakıya səfəri zamanı Mikheil Saakashvili-nin Azərbaycan parlamentindəki çıxışını çoxları xatırlayır. Həmin vaxt Gürcüstan prezidenti öz çıxışında Rusiyanı tənqidə tutmuş və Məmməd Əmin Rəsulzadədən sitat gətirmişdi.

«Elə SSRİ də öz daxilindən – imperiya siyasəti ucbatından dağıldı» – deyən Saakashvili Rusiyanın hər bir dövrdə öz işğalçı məqsədlərinin qurbanına çevrildiyini vurğulamışdı. Rəsulzadənin «Bir kərə yüksələn bayraq bir daha enməz» şüarını Azərbaycan dilində səsləndirməsi onun çıxışını daha yaddaqalan etmişdi.

SAAKASHVILI-YƏ «DEMOKRATİYANIN DOSTU» MÜKAFATI VERİLƏCƏK

«Borçalı» cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli deyir ki, Saakashvili hər şeydən öncə demokratik prezident kimi yaddaşlara iz salıb:

«Onun Milli Məclisdəki 24 dəqiqəlik çıxışı çoxlarının yadındadır. Saakashvili Məmməd Əmin Rəsulzadə
Zəlimxan Məmmədli
Zəlimxan Məmmədli
irsini davam etdirməyin Azərbaycan üçün nə qədər vacib olduğunu vurğuladı. Bizim həsrət qaldığımız ifadələri işlətdi. Qafqazda demokratiyanın şüarçılıqdan real həyata daxil olmasının müəllifi Saakashvili sayılacaq. İndi Gürcüstanın daxili bir az xaotik görünür. Əlbəttə, siyasi mübarizədir, belə də olmalıdır. Ola bilsin ki, Saakashvili Gürcüstandakı soydaşlarımıza və gürcü cəmiyyətinə verdiyi sözlərin bir qisminə əməl edə bilmədi. Ancaq o, demokratiya üçün fundamental fədakarlıq göstərib».

«Borçalı» cəmiyyəti may ayında Saakashvili-yə «Demokratiyanın dostu» mükafatını da verməyi planlaşdırır.

Bugünkü səfərində Saakashvili-ni Baş nazirin müavini Yaqub Eyyubov qarşılayıb. O, daha sonra prezident İlham Əliyevlə görüşüb. Saakashvili-nin Naxçıvana səfəri də planlaşdırılır.
Yaşar Bağırsoy
Yaşar Bağırsoy

NAXÇIVAN MÜXALİFƏTÇİSİ SAAKASHVILI İLƏ GÖRÜŞSƏYDİ, ONA NƏ DEYƏRDİ?

Yerli müxalifət təmsilçisi, AXCP-nin Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoy Saakashvili-nin Naxçıvana gələcəyindən bu gün xəbər tutduğunu söyləyir. O deyir ki, Gürcüstan prezidentinin Naxçıvana gələcəyini bir neçə gün əvvəl bilsəydi, nəticəsindən asılı olmayaraq, onunla görüş üçün müraciət edərdi:

«Saakashvili kimi demokratik fikirli bir prezidentlə görüşməyi çox istərdim. Görüşsəydim, burdakı qeyri-demokratik sistemdən danışardım. Xahiş edərdim ki, demokratik yolun layihəsini bizimkilərə də versin. Naxçıvana da öz töhfəsini əsirgəməsin. Deyərdim, burdakılara tövsiyələrini versin ki, hakimiyyətdə olanlar, ən başlıcası, insan haqlarına hörmət qoysunlar, demokratik proseslərin önünü kəsməsinlər».

Gürcüstan prezidentinin səfəri iki gün çəkəcək.
XS
SM
MD
LG