Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:32

İntiqam Əliyev: «Azərbaycanda gənc hüquqşünasların özünütəsdiq mühiti yoxdur»


İntiqam Əliyev
İntiqam Əliyev
-
«People in Need» təşkilatının insan haqları üzrə mükafatına layiq görülən hüquqşünas İntiqam Əliyev AzadlıqRadiosuna müsahibə verib. O, bu mükafatın onu həm qürurlandırıb, həm də kədərləndirdiyi deyir:

- Axı Azərbaycanda çoxlu insan var ki, uzun illərin repressiyalarına baxmayaraq, ölkəni dəyişmək uğrunda çalışır. Düşünürəm ki, onların da əməyinin qiymətləndirilməsi yaxşı olardı. Bir qismi həbsxanadadır, bəziləri etdiklərinin əvəzin almadan dünyadan köçüblər. İnsan üçün ən yaxşı mükafat ədalətli cəmiyyətdə yaşamaqdır. Yaxşı olardı ki, biz ədalətli cəmiyyətdə yaşayaydıq...

İstənilən halda mükafat xoş bir şeydir. Bu, təkcə İntiqam Əliyevə yox, Azərbaycanın vətəndaş cəmiyyətinə verilmiş qiymətdir. Bu mükafat Azərbaycanda insan haqlarının durumu haqda Çexiyadakı müzakirələrə də rəvac verir. Bu, çox önəmlidir, çünki Çexiya parlamenti üzvlərinin Avropa Şurasındakı səsvermədə iştirakından tutmuş, bu ölkə hökumətinin avtoritar Azərbaycan hakimiyyətinə dəstək verməsinədək bütün sualları səsləndirəcəyik.

- 20 ildən çoxdur ki, hüquq maarifçiliyi və insan haqları sahələrində çalışırsınız. Bu müddət ərzində hüquq baxımından Azərbaycanda durum dəyişibmi?

- Çətin sualdır, çox sahələrdə geriləmələr var. İnsan hüquqlarının hissələri olan media azadlığı, sərbəst toplaşmaq azadlığı, azad seçki və digər sahələrdə vəziyyət pisləşib. Bununla yanaşı, vurğulamaq istərdim ki, vətəndaş cəmiyyətinin səyləri itməyib. O səylər olmasa, cəmiyyət daha pis vəziyyətə düşər. Bu gün çox yaxşı gənclik yetişib və ümid verir ki, Azərbaycan dəyişəcək. Azərbaycanı əvvəlki kimi idarə etmək mümkün deyil, onlar bu cür həyat tərzini, 21-ci əsrdə feodal qaydaları ilə yaşamaq istəmirlər. Geriləmələr də, uğurlar da var. Önəmli olan canlanmadır, ictimai fəallıqdır. Bütün bunlar ümid verir ki, Azərbaycanda yaxın vaxtlarda dəyişikliklərin şahidi olacağıq.

- Qərbdə, ədalətli məhkəmə sistemi olan yerlərdə hüquqşünaslıq nüfuzlu və gəlirli peşə sayılır. Siz də 20 il öncə kommersiya, ya da cinayət hüququnu seçib daha təminatlı yaşaya bilərdiniz. Nədən insan haqlarını seçdiniz?

- 20 il əvvəl kommersiya hüququnu seçsəydim, indi İntiqam Əliyevin böyük pulları, şirkəti, xarici müştəriləri vardı... Amma qayıtsam, yenə bu yolu seçərdim. Çünki insan haqlarının təmin olunması, ədalətli cəmiyyət uğrunda mübarizə aparan insanların əməyi çox şərəflidir. Bunun məhrumiyyətləri, çətinlikləri var. Mən bilmirəm, sabah başıma nə iş gələcək. Amma çox böyük üstünlüyü də var. Mükafatdan öncə də, sonra da insanların münasibətini, verdiyi dəyəri nəzərdə tuturam. Həmişə vurğuladığım kimi, bu münasibət həyatda qazandığım ən böyük mükafatdır. Birgə səylərimizlə yetişdirdiyimiz yeni nəsil, hüquqşünaslar ordusu, ölkədə dəyişiklik istəyən gənclər də həmçinin. Onlar bizim kimi insanların bu ölkədə qazandığı ən böyük mükafatdır və heç bir var-dövlət və pulla müqayisəyə gəlməyəcək sərvətdir.

- İntiqam bəy, Azərbaycanda həm peşəkar, həm də hüquqi cəmiyyət quruculuğuna qatılacaq gənc hüquqşünaslar varmı?

- Sizi əmin edirəm ki, Azərbaycanda şəxsən məndən – İntiqam Əliyevdən qat-qat güclü gənc hüquqşünaslar var. Həm hüquqi, həm xarici dil biliyi, təfəkkürü və erudisiyası baxımından qat-qat güclü hüquqşünaslar yetişib Azərbaycanda. Bu gənclərin bir qismi beynəlxalq təşkilat və hüquq firmalarında, bir qismi dövlət qurumlarında, bir qismi də xarici ölkələrdə çalışır. Azərbaycanda gənc hüquqşünasların özünütəsdiq mühiti yoxdur. Tutalım, Gürcüstanda bizim təlimlərdə birgə iştirak etdiyimiz adamlar indi spikerdir, ədliyyə naziridir, müxtəlif vəzifələrdə çalışırlar. Bizim uşaqlar onlardan heç nədə geri qalmırlar. Bu ölkənin əsil sərvəti neft, qaz deyil, həmin gənclərdir. Onların qədrini bilmirlər və onlar itib batırlar. Əminəm ki, mühit bir balaca dəyişən kimi biz hüquq sahəsindəki peşəkarlarımızla öyünəcəyik. Onların adlarını sadalamaq imkanım yoxdur – bir ordudurlar. Qısa bir müddətdə Azərbaycanı regionun gerçək lider ölkəsinə çevirə biləcək qabiliyyəti olan insanlardır.
XS
SM
MD
LG