Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:02

«EL» hərəkatı yaradıldı


EL hərəkatı yaradıldı
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00
-
«Bu hərəkatın Ziyalılar Forumundan ən əsas fərqi odur ki, bu təşkilat siyasidir, Ziyalılar Forumu isə ictimai qurumdur».

Hərəkatın təşkilat komitəsinin sədri Eldar Namazov yeni yaranmış «EL» hərəkatının təqdimatında belə deyib.

Martın 12-də Azərbaycanda yeni siyasi təşkilat -- «EL» hərəkatının təqdimatı olub. Hərəkatın ofisində keçirilən mərasimdə siyasi partiyaların rəhbərləri, vətəndaş cəmiyyətinin, ABŞ, Fransa, Almaniya səfirliklərinin, ATƏT və Avropa Birliyinin nümayəndələri iştirak ediblər.

AzadlıqRadiosuna müsahibəsində Eldar Namazov deyib ki, «EL»in məqsədləri çox aydındır:

«Biz istəyirik ki, Azərbaycanda insan haqlarını pozan rejimdən yeni sistemə keçək. Bunun da yolunu qarşıdakı prezident seçkisində vahid qüvvə kimi çıxış etməkdə görürük. Əminik ki, seçkilərdə demokratik düşərgənin qalib gəlmək şansı çox yüksəkdir. Bu yolda biz digər partiya, qurumlar, vətəndaş cəmiyyətinin nümayəndələri, gənclər təşkilatları ilə birgə çıxış edəcəyik».

E.Namazov seçkilərə vahid namizədlə qatılmaq məsələsinin yaxınlarda müzakirə ediləcəyini deyib.

«EL» hərəkatının təşəbbüs qrupunda professor Eldar Abbasov, Milli Olimpiya Komitəsinin keçmiş prezidenti Məhiyəddin Allahverdiyev, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, politoloq Zəfər Quliyev, siyasətçi Köçəri Nağıbəyli, futbolçu Maşallah Əhmədov və başqaları təmsil olunurlar.

AXCP sədri Əli Kərimli ölkənin problemlərinin çox olduğunu, bu səbəbdən də demokratik qüvvələrin hərəkətlənməsinin məqsədəuyğun olduğunu deyib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər də hərəkatın yaradılmasını təqdir edib.

«KÖHNƏ, EYNİ ADAMLAR»

«Yeni «EL» hərəkatını elan edənlər nə yaradırlar yaratsınlar, özləri elə köhnə, eyni adamlardır».

Bunu apa-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzov
Siyavuş Novruzov
O deyib ki, bunlar bu və ya digər şəkildə cəmiyyətin diqqətini cəlb etmək üçün atılan addımlardır:

«İnsanlar hərdən bir kostyumlarını dəyişdiyi kimi, bunlar da təşkilatlarının adlarını dəyişirlər. Bunlar da təşkilatlarını gah Ziyalılar Forumu adlanırlar, gah İctimai Palata adlanırlar və indi də EL hərəkatı adlanmağa başladılar. Hərəsi 3-4 təşkilat dəyişə-dəyişə gedirlər. Onların məramı gündəmdə qalmaq, şəxsi mənafelərini həyata keçirmək və maddi durumlarını zənginləşdirməkdir».

Hələ bir neçə ay öncə Rüstəm İbrahimbəyov ölkədə «EL» adlı yeni hərəkat yaradılacağı barədə xəbər vermişdi.

O, «EL»i üçüncü qüvvə kimi xarakterizə edib demişdi ki, iş bu qurumun formalaşdırılması ilə başa çatmayacaq:

«Bütün rayonlarda strukturlar formalaşdırılandan, əsas ictimai birliklər, siyasi partiyalarla razılığa gəlindikdən sonra Milli Şura yaradılacaq. Prezidentliyə vahid namizədi Milli Şura irəli sürəcək».
XS
SM
MD
LG