Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:05

Kremldəki türk casusu kim olub?


Adıgözəl Məmmədov
Adıgözəl Məmmədov
-
«Sovet liderlərindən olan Lavrenti Beriyanın istintaq materiallarına baxdıqda, onun Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə «Müsavat» əks-kəşfiyyatının üzvü olduğu və bu çətir altında Türkiyə xarici kəşfiyyatına çalışdığı üzə çıxır».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına yenicə çapdan çıxmış, tam məxfi sənədlər əsasında yazılmış «Kremlin türk agenti Beriya - 0029 nömrəli iş» kitabının müəllifi Adıgözəl Məmmədov söylədi.

ONUNLA BƏRABƏR HƏBS OLUNANLAR DA BUNU TƏSDİQ EDİB

Onun dediyinə görə, Beriya ilə bərabər həbs olunan adamların ifadələri də bu fikri sübut edir:

«Mir Cəfər Bağırovun, Ruxadzenin, Qoqelidzenin, Kabulovun, Merkulovun, eyni zamanda Beriyanın həyat yoldaşı Nina Teymurazovnanın ifadələrinə baxdıqda, Beriyanın gənclik dövründə «Müsavat» əks kəşfiyyatına çalışdığı aydın olur».

««MÜSAVAT» ƏKS-KƏŞFİYYATINA BOLŞEVİKLƏR TƏRƏFİNDƏN SALINMIŞAM»

Adıgözəl Məmmədov bu məsələnin Beriyanın siyasi fəaliyyəti dövründə bir neçə dəfə üzə çıxdığını da bildirir:

«Xüsusən də, Beriyanın karyerasının irəliləməsini istəməyən opponentləri tərəfindən. Hətta Azərbaycanda işləyən Kaminski bu barədə Stalinə məktub da yazmışdı. O vaxtlar AZ ÇK-da (ÇK-Çrezvuçaynaya Komissiya—Fövqəladə Komissiya) fəaliyyət göstərən keçmiş çekistlərin də belə bir məktubu olub. S.Orjonikidzenin də Stalinə bu barədə müraciəti var. Amma hər dəfə Beriya arqument kimi gətirirdi ki, mən «Müsavat» əks-kəşfiyyatına bolşeviklər tərəfindən salınmışam və oradakı informasiyaları bolşeviklərə ötürmüşəm».

Mir-Cəfər Bağırov və Lavrenti Beriya - 1935
Mir-Cəfər Bağırov və Lavrenti Beriya - 1935
NAĞI BƏY ŞEYXZAMANLININ TÜRKİYƏYƏ QAÇIRILMASINI BERİYA TƏŞKİL EDİB

A.Məmmədov Cümhuriyyət liderlərindən Nağı bəy Şeyxzamanlının Türkiyədə yazdığı kitabda Beriyanın ələ alındığı barədə məlumat olduğunu deyir:

«Nağı bəy öz əsərində qeyd edir ki, Beriya bizim kəşfiyyata işləyirdi. Hətta Nağı bəyin Bakıdan Türkiyəyə mühacirət etməsini Beriya təşkil edir».

YALAN!

Araşdırıcı Beriyanın öz tərcümeyi-halında yalana əl atdığını da deyir:

«Məlumdur ki, Beriya Suxumidə anadan olub. Bakıda texnikumda təhsil alıb. Sonra siyasi fəaliyyətə keçib və gözə çarpıb. Onunla işləməyə başlayıblar. İlk dəfə Beriyanı Musəvi soyadlı agent ələ alıb. Sonrakı mərhələlərdə Musəvi bilinməyən səbəblərdən ölür və yaxud da öldürülür. Beriya yazır ki, mən «Müsavat»dan ayrılandan sonra Gürcüstana getdim. O vaxt menşeviklər hakimiyyətdə idi və mən RSFSR-in Gürcüstan nümayəndəliyində mirzə işlədim. Amma sonradan aydın olur ki, orada işləyən Leonid Petroviç Beriya imiş, Lavrenti Pavloviç Beriya yox. O tərcümeyi-halında yazır ki, guya menşevik hakimiyyəti onu həbs edir və danışıqlar nəticəsində Gürcüstandan Azərbaycana sürgün olunur. Sovetlər qurulandan sonra AZÇK-da işə düzəlir. Əslində isə, Beriya heç Azərbaycandan getməmişdi...».

BERİYANI HƏBSDƏN AZAD EDİB ÇK-DA İŞ VERİRLƏR

Stalin və Lavrenti Beriya, 1935
Stalin və Lavrenti Beriya, 1935
Adıgözəl Məmmədov 1920-ci ildə Azərbaycanı işğal edən bolşeviklərin müsavatçılara qarşı hücuma keçdiyini bildirir:

«Hakimiyyətə yiyələnən bolşeviklər həm keçmiş müsavatçıları, həm də onların ələ aldıqları agentləri üzə çıxarmağa çalışırdılar. Təsadüfi deyil ki, o illərdə xaricə köç-mühacirət başlayır. Maraqlı bir hadisə baş verir. Qızıl Ordunun işğalından sonra Beriya həbs olunur. Mir Cəfər Bağırov yeni qurulmuş Sovet hökumətində vəzifələr tutandan sonra N. Nərimanovun təqdimatıyla Fövqəladə Komissiyanın rəhbəri vəzifəsinə gətirilir. Bundan sonra hansısa bir qüvvənin tapşırığıyla M.C. Bağırov Beriyanı həbsdən çıxararaq birbaşa AZÇK-ya işə götürür... Bu, sonralar-1953-cü ildə Beriyaya qarşı qurulan məhkəmədə Bağırova qarşı yaranan şübhələrin əsas mənbəyinə çevrilir. Ona bu tapşırığı hansı qüvvə vermişdi?».

STALİNİN SAĞ ƏLİ, HƏM DƏ, MÜTİ QULU—BERİYA

Verilişimizin qonağı İ.V. Stalinin bu məsələyə necə baxdığını anlamağa çalışır:

«Adicə bir faktdan yapışıb günahsız insanları qanına qəltan etmiş Stalin buna necə düzüb? Görünür, Stalin məhz bu faktdan yapışıb Beriyanı gözükölgəli edib, ondan «Damokl qılıncı» kimi istifadə edib, hədələyib. Yəni, sənin taleyin mənim əlimdədir—tükdən asılıdır... Türk kəşfiyyatına işlədiyini yenidən gündəmə gətirsəm --zatən, müraciətlər var-- məhv olarsan. Beriya bunu gözəl başa düşürdü. Bax, həmin andan o Stalinin müti quluna çevrilir...».
XS
SM
MD
LG