Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:35

Günel Mövlud. Acgözlüyün son həddi


Günel Mövlud
Günel Mövlud
-

Onların bu pulda da gözləri var. Bu pulu da kasıb, sahibsiz, acından ölən, kirayələrdə, yataqxanalarda yaşayan qələm adamlarına vermək istəmirlər...


Günel Mövlud


ACGÖZLÜYÜN SON HƏDDİ

Mədəniyyət və Turizm Nazirliyi kimlərin kitablarını alır...


Sizə bir siyahı təqdim etmək istəyirəm. Xahiş eləyirəm, bu siyahıya diqqətlə baxın. Orda müəllliflərin adına, saya, qiymətlərə fikir verin.

Bu, Mədəniyyət və Turizm Nazirliyinin «Təhsil» nəşriyyatından satınalma yolu ilə aldığı kitabların siyahısıdır. Siyahıya naşir Şahbaz Xuduoğlunun «Yaxşı insanlar» adlı məqaləsində rast gəldim və burdakı adlar, rəqəmlər diqqətimi çəkdi.
Əvvəl siyahı ilə tanış olun, sonra keçək məsələnin əxlaqi tərəfinə.

1. Misir Mərdanov. AZƏRBAYCAN TƏHSİLİNİN TARİXİ, 5 cilddə, bir ədədin qiyməti 65 manat. (30 komplekt)

2. Qəzənfər Paşayev. SEÇİLMİŞ ƏSƏRLƏRİ, 7 cilddə, bir ədədin qiyməti 30 manat (30 komplekt)

3. Yaqub Mahmudov. SEÇİLMİŞ ƏSƏRLƏRİ, 9 cilddə, bir ədədin qiyməti 30 manat (30 komplekt)

4. Fərman İsmayılov. SEÇİLMİŞ ƏSƏRLƏRİ, 5 cilddə, bir ədədin qiyməti 60 manat (20 komplekt)

5. Hidayət. SEÇİLMİŞ ƏSƏRLƏRİ, 10 cilddə, bir komplektin qiyməti 112 manat (100 komplekt)

6. Yaqub Mahmudov. ŞUŞA PƏNAHABAD, bir ədədin qiyməti 20 manat, (50 ədəd)

7. Vaqif Bəhmənli. HAMI, bir ədədin qiyməti 17 manat (100 ədəd).


Siyahı ilə tanış oldunuzsa, yüngülvari bir hesablama da aparaq.

Deməli, burdakı kitabların qiymətlərini nəzərə alanda:

Misir Mərdanovun 9750,
Qəzənfər Paşayevin 6300,
Hidayətin 11200,
Vaqif Bəhmənlinin 1700,
Yaqub Mahmudovun 9100,
Fərman İsmayılovun 6000 manatlıq kitabları satılıb.


İndisə bu müəlliflərin kim olduğuna, ictimai əhəmiyyətlərinə diqqət yetirək.

Misir Mərdanov: Azərbaycan Respublikasının təhsil naziri.

Qəzənfər Paşayev: Filologiya elmləri doktoru, uzun illər AMEA-da məsul vəzifələr tutmuş adam.

Yaqub Mahmudov: Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı.

Fərman İsmayılov: İki dəfə Nəsimi rayonuna deputat seçilmiş fəlsəfə elmləri doktoru, professor.

Hidayət (Orucov): Mədəniyyət nazirinin müavini Ədalət Vəliyevin dayısı, Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Vaqif Bəhmənli: Hazırda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində şöbə müdiri.

Deməli, Mədəniyyət və Turizm Nazirliyi büdcədən ayrılmış pulla ölkənin nazirinin, deputatının, məsul vəzifələr tutmuş aliminin, nazirlik işçisinin və nazir müavininin dayısının kitabını alıb. Siyahıda bir nəfər də olsun kasıb-kusub, vəzifəsiz, ya da “iriçaplı” məmurlara qohumluğu çatmayan müəllifin adı yoxdur.

İnsafən, bu kitablara xərclənən pullar neft ölkəsi olduğumuzu nəzərə alanda elə də böyük məbləğ deyil. Hətta deyərdim ki, cüzidir. Misir Mərdanov 9750 manatı bir qonaqlığa xərcləyər, «uf» da deməz. Deputat, səfir üçün bu məbləğ eyni əhəmiyyət daşıyır. Bir kasıb şairin, yazıçının, bir gənc alimin mənzil probleminin bir hissəsini həll edə biləcək, bir il rahat yaşamasına kömək edəcək bu məbləğ, onlar üçün heç nədir, çaypulu, saunapuludur.

Bu siyahı, Azərbaycan məmurunun, vəzifədə olan qələm adamının acgözlüyünün, qəddarlığının, utanmazlığının son həddidir. Bunun başqa adı yoxdur.

Onların bu pulda da gözləri var. Bu pulu da kasıb, sahibsiz, acından ölən, kirayələrdə, yataqxanalarda yaşayan qələm adamlarına vermək istəmirlər. Onlar bir şairin uşağını bir il rahat dolandıra biləcək bu pula da göz dikəcək qədər acgözdürlər.

Ya da məsələ təkcə bunda deyil. Ola bilər ki, onların heç bu pula ehtiyacları da yoxdur, heç bu pula göz dikməyiblər də. Amma kitab üçün bu qədər pul ayrılıbsa, onlar bu pulların kasıb, amma azad sözü, vətəndaş mövqeyi olan adamlara çatmasını istəmirlər...

Şair Şaiq Vəli yoxsulluqdan öldü. Uşaqlarını kasıbçılıqdan, dolanışıq ucbatından, ac qalmasınlar deyə, uşaq evlərinə verdi. Eyvaz Əlləzoğlu və həyat yoldaşı kirayə yaşadıqları evdə dünyasını dəyişdilər. Şair-rəssam Adil Mirseyid 23 ildir ki, kirayədə yaşayır. Qara ciyər xəstəsidir. Dərman almağa pulu yoxdur. Şair Mahir Mehdi 10 il idi ki, dolanışıq, ev ucbatından ədəbi mühiti buraxıb, kənddə yaşayırdı. Mən bu kasıblıq, çarəsizlik siyahısını uzada da bilərəm. Amma ehtiyac yoxdur.

Nəhayət, bir halda ki, söhbətə siyahı ilə başladım, onda başqa bir siyahı ilə bitirim. Bu isə neft və milyonlar ölkəsinin kirayədə və yataqxanada yaşayan yazarlarının adlarıdır:

Murad Köhnəqala.
Seymur Baycan
Şərif Ağayar
Ayxan Eyvaz
Sevda Sultanova
Aygün Aslanlı
Emin Aslan
Mahir Mehdi
Seymur Həziyev


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir. Qarşı tərəfin də mövqeyini çap etməyə hazırıq:
oxuzali@azadliqradiosu.az
XS
SM
MD
LG