Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:46

John Lennon-un Paul McCartney-ə yazdığı acıqlı məktub hərraca çıxarılır


«Beatles» qrupunun sonuncu fotosessiyası
«Beatles» qrupunun sonuncu fotosessiyası
-

Məşhur «Beatles» qrupunun iki aparıcı müğənnisi arasında amansız düşmənçiliyi göstərən bu məktubun qaralaması internet auksionunda 40 min funt sterlinqə satıla bilər.

John Lennon-un bu məktubu özünün şəxsi və ya əldəqayırma blankında yazdığı deyilir.
Bu blankda o, təzə arvadı Yoko Ono ilə dodaq-dodağa əks olunub.

Elə blankın özü də zamanında etiraza səbəb olub.

Bir-birləri ilə ailəvi dostluq edən Beatles-lar qeyri-ingilis və üstəlik John Lennon üzərində hökmran olan yapon qızını qəbul edə bilmirdilər.

«Beatles» qrupunun məhz Yoko Ono-nun üstündə dağılması haqqında Britaniya mətbuatı çox yazıb.

John Lennon sərt mövqe tutmuşdu. O, qrupun başqa üzvlərinə, ən əsası Paul-a açıq mesaj vermişdi: Madam ki, siz mənim yeni sevgimi qəbul etmirsiniz, onda mən də sizi qəbul etmirəm.

Yoko Ono
Yoko Ono
Qrupun üzvləri və onların ailələri tərəfindən qətiyyətlə rədd edilən Yoko Ono da kəskin mövqeyilə seçilirdi.

O, Lennon-u inandıra bilmişdi ki, «Beatles» qrupu onsuz heç nədir.

Doğrudan da, John qrupun həm bəstəkarı, həm şairi, həm də müğənnisi idi.

Lakin Yoko bir şeyi unudurdu ki, John da «Beatles» qrupu olmadan əvvəlki Lennon olmayacaq.

QADIN DAĞIDAN TİFAQ

Münaqişənin ailəvi xarakter daşıdığını daha bir fakt göstərir: John Lennon qəzəbli məktubunu Paul McCartney ilə yanaşı onun xanımı Linda-ya da ünvanlayıb.

İki vərəqlik məktubun 1970-71-ci illərdə yazıldığı güman edilir.

John yazır: «Sən doğrudanmı düşünürsən ki, çağdaş musiqi sənətini «Beatles» yaradıb? Mən inanmıram ki, sən dəli olmusan. Sən belə düşünməyi tərgidəndə qəflət yuxusundan oyanacaqsan».

«Prifiles in History» şirkətinin mayın 30-da internetdə keçəcəyi auksionda bu məktubun 40 min funt sterlinqə satılacağı gözlənilir.

Amma bu da var ki, Lennon-un McCartney-lərə yazdığı başqa bir acıqlı məktub ötən ilin oktyabrında Londonun «Christie’s» auksionunda hərraca çıxarılmışdı. O gözlənilən 63 min funt sterlinqə satıla bilməmişdi.

Bu məktubunda da John Lennon «Beatles» qrupunun Yoko Ono-ya mənfi münasibətindən şikayətlənirdi.

Paul McCartney
Paul McCartney
Paul McCartney John Lennon-un ailəsinin dağılmasından «Beatles» qrupunun süqutu qədər sarsılmışdı.

Bunu McCartney-nin Lennon-un birinci nikahından olan balaca oğluna «Hey Jude» mahnısını ithaf etməsi sübut edir. Bu mahnı John-la Paul arasında incikliyin dərinləşməsinə səbəb olmuşdu.

Belə incikliklərə görə, əfsanəvi qrup dağıldı, John Lennon Yoko ilə birlikdə ABŞ-a köçdü, siyasətə qoşuldu və həyatını faciə ilə başa vurdu.

MONROE, EISENHOWER, HITLER VƏ MUSSOLINI...

Adı çəkilən hərracda daha bir neçə məşhurun məktubları var.

Məktublardan birini kino aktrisası Marilyn Monroe öz məşqçisinə ünvanlayıb.

«Bel-Air» otelinin blankında yazılmış tarixsiz məktubunda Monroe böhran keçirməsindən, özünü az qala bəşəriyyət xaricində hiss etməsindən bəhs edir.

Aktrisa yazır ki, daha əvvəlki kimi inamla oynaya bilmir və kamera qarşısında bütün diqqətini itirir.

Bu kiçik məktubun auksionda 33 min funt sterlinqə satılacağı ehtimal edilir.

Adının çəkilməsini istəməyən Amerika kolleksiyaçısının hərraca çıxardığı 250 sənəd arasında ABŞ prezidenti Dwight D. Eisenhower-ə məxsus 58 məktub da var.

Adolf Hitler və Benito Mussolini, Münhen, 1940-cı il
Adolf Hitler və Benito Mussolini, Münhen, 1940-cı il
1942-1945-ci illər arasında yazılmış bu məktublar Müttəfiq qüvvələr komandanının xanımı Mamie-yə çılğın məhəbbətini əks etdirir.

Məktubların birlikdə 78 min funt sterlinqə satılacağı ehtimal edilir.

İnternet auksionunda hərraca çıxarılacaq sənədlər arasında İkinci Dünya Müharibəsinə aid daha bir sənəd var.

Söhbət müharibədən bir qədər əvvəl Adolf Hitler-in İtaliya diktatoru Benito Mussolini ilə öz aralarında dəyiş-düyüş etdikləri iki böyük foto-albomdan gedir.

Sözü gedən sənədlərdən seçmələr apreldə Nyu Yorkda, Madison Avenue sənət qalereyasında nümayiş etdiriləcək.
XS
SM
MD
LG