Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:01

Nazir qəbulunun rəsmi və qeyri rəsmi hissəsi


Azad Rəhimov Lənkəranda görüşlər zamanı (2 aprel 2013)
Azad Rəhimov Lənkəranda görüşlər zamanı (2 aprel 2013)
-
Aprelin 2-də Gənclər və İdman naziri Azad Rəhimov Cənub bölgəsinin 6 rayonun 50-dən çox vətəndaşını qəbul edib. Qəbul Heydər Əliyev mərkəzində keçirilib. Həmin gün, hələ səhər saatlarında mərkəzin foyesində qələbəlik var idi. Burada şikayətçilərdən çox Gənclər və İdman nazirliyin yerlərdəki idarələrin işçiləri gözə dəyirdi. Ora rayonlarda idmanla bağlı adamlar da dəvət olunmuşdular. Nazirlə görüşmək istəyənləri də qeydə alırdılar. Polis gözə dəymirdi. Lənkəran Gənclər və İdman idarəsinin direktoru Yalçın Əhmədov AzadlıqRadiosuna bildirdi ki, nazirlə görüşmək istəyənlərin hamsı qeydiyyatdan keçib. Şikayətçilərin bir neçəsi ilə görüşdük.
QONŞUDAN ŞİKAYƏT....
Lənkəran sakini Turab Nağıyev nazirə yol ilə bağlı şikayətə gəldiyini bildirdi.
«Yolumu qonşum daraldıb. Elə daraldıb ki, oradan yüklü maşın və yaxud yanğın maşını keçə bilmir. Müxtəlif təşkilatlara müraciət eləmişəm ki, əks tərəf yolumu açmır. Ona görə sizdən xahiş edirəm mənim şikayətimə şərik olasınız, məni bu bəladan qurtarasınız. İcra hakimiyyətinə müraciət eləmişəm. İcra hakimiyyətindən də nümayəndələr gəlib, əsasən icra hakimiyyətinin hüquq şöbəsindən».
Turab Nağıyevin sözlərinə görə, yerli icra orqanları bu məsələni həll etməkdə acizlik göstərirlər. Buna görə də nazirə şikayət etmək fikrindədir.
«İRANDA ƏMƏLİYYAT OLUNMUSAN, BİZLİK DEYİL»
Digər şikayətçi Lənkəran şəhər sakini Gülzar Dadaşova deyir ki, belindən əməliyyat olunub, iş qabiliyyətini itirib. Əlil statusu almaq istəyir. Lakin onun səsinə səs verən yoxdur:
Heydər Əliyev Mərkəzi
Heydər Əliyev Mərkəzi
«Sənədlərin hamısını gətirmişəm. Təzyiqim yüksək, qolum sınıq, ürəyim xəstə. Hansı qapıya gedirəm, deyirəm mənə kömək edin əhəmiyyət vermirlər. İmkanım yoxdur, həddindən artıq pis vəziyyətdəyəm. Hansı qapıya gedirəm məni pensiyaya çıxardın, məni yaxına buraxmırlar. Mən İrana yük aparırdım, belimdən zədə aldım, yük götürəndə .Orda məni Tehrana apardılar, Tehranda əməliyyat olundum. Apardım sənədləri pensiya yerinə. Hamı deyir ki, İranda əməliyyat olunmusan, bizlik deyil. Atırlar üstümə kağızları».
Gülzar Dadaşova nazirin onun məsləsinə reaksiya verəcəyinə əmindir.
Lənkəran rayonun Gərmətük kənd sakini Seymur Kərimov isə deyir ki, nazirin şikayətçiləri dinləyəcəyini indi eşidib və bura gəlib. İki gözünü də itirən, birinci qrup əlil Seymur Kərimovun sözlərinə görə maddi cəhətdən çətinlik çəkir. O nazirdən kömək istəyir:
«BANKLARA GEDİRƏM MƏNƏ DEYİRLƏR Kİ, ƏLİLSƏN KREDİT VERMİRLƏR»
«Dünya işığına həsrətəm. 2012-ci ilin yanvar ayında mən prezident aparatına getdim . Orda Azər adlı şəxs məni qəbul etdi. Dedim birinci qrup əliləm, evim yox, mənə torpaq verilsin. Məni yolladılar Lənkəran rayon icra başçısının yanına. Onun qəbulunda da oldum, o vaxtları Tofiq İbrahimov idi. Kənd bələdiyyəsinə tapşırdı ki, bunu torpaqla təmin etsin. Bu günə kimi bələdiyyə mənə torpaq verməyib. İkinci problem odur ki, imkanım yoxdur. Vəziyyətim bərbaddır. Banklara gedirəm mənə deyirlər ki,əlilsən kredit vermirlər. Bilmirəm nə təhər dolanım, özüm üçün iş fəaliyyəti yaradım ki, mən bu küçələrdə nə qədər olaram».
Şikayətçilərin oxşar problemləri var. Bunların arasında idman meydançası istəyənə də rast gəldik.
Nazirlə görüş ərəfəsi
Nazirlə görüş ərəfəsi
Gənclər və İdman naziri Azad Rəhimov vətəndaşların qəbuluna səhər saat 11 radələrində başladı. Verilən məlumata görə, müraciət edənlərin hamısı nazirin qəbulunda olub.
QƏBULUN PƏRDƏ ARXASI...
Bu qəbuldan sonra şikayətlərin nəticəsini bilmək üçün nazirin qəbuluna yazılmış Gərmətük kənd sakini Seymur Kərimovla əlaqə saxladıq. Onun dediyənə görə, jurnalistlər işlərini görüb gedəndən sonra rayon icra aparatın işçiləri onları da mərkəzdən uzaqlaşdırıblar:
«İcra hakimin işçiləri girdilər içəri, dedim problemlərim var. Bizi çıxartdılar oradan. Dedilər gəl gedək icra hakimi sizə köməklik edər. Onlar tapşırmışdılar. Bizi gətirdilər icra hakmiyyətinə, telefon nömrələrini yazdılar, dedilər yaxşı olar. Nahardan sonra getdim, dedilər gedin kəndə, bələdiyyə sizə köməklik edəcək. Bələdiyyə də mənə 30 manat pul verdi»
Lənkəran rayon Gənclər və İdman idarəsinin direktoru Yalçın Əhmədov isə bu deyilən iradlarla razılaşmır. Onun bildirdiyinə görə, nazirin qəbulunda heç bir problem yaşanmayıb. İstənilən vətəndaş onun qəbulunda olmaq imkanına malik olub. Yalçın Əhmədov deyir ki, qəbulda təkcə şikayətlər yox, təkliflər, istəklər də səslənib. Onun deməsinə görə, nazirlik səviyyəsində olan şikayətlərə nazirlik, qalan məslələrə isə yerlərdə baxılacaq. Direktorun deməsinə görə, Seymur Kərimov qəbula yazılsa da nazirin yanına girməyib.

«BU SEÇKİ İLİNƏ HESABLANMIŞ MƏSƏLƏDİR»
«Cənub Ziyalılar Birliyi»in sədri İltifat Rəhimzadə isə yüksək vəzifəli məmurların rayonlarda qəbul keçirmələrini müsbət hal hesab edir. Lakin o belə düşünür ki, bütün bunlar əhalinin problemlərin həllinə xidmət etmir, prezident seçkisinə hesablanıb:
«Hakimiyyət strukturları elə qurulub ki, onların yerlərdə qurumları var. Həmin qurumlar əhalinin arzu, şikayət və tələblərini yuxarı qurumlara çatdırmalıdır. Hazırda nazirlərin yerlərdə gəlib əhalinin şikayətlərinə, tələblərinə qulaq asması, mənim fikrimcə bu seçki ilinə hesablanmış bir məsələdir. Hakimiyyətin xalqa yaxınlığını nümayiş etdirirlər. Yerlərdə yerli hakimiyyət orqanları ümumiyyətlə əhalinin şikayətlərinə qulaq asmırlar».
XS
SM
MD
LG