Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:52

Ayətullah öz labirintində


Ayətullah Ali Khamenei
Ayətullah Ali Khamenei
-
ABŞ-ın Stanford Universitetində İran Araşdırmaları şöbəsinin rəhbəri, Hoover İnstitutunda İran Demokratiyası Layihəsinin həmtəsisçilərindən biri professor Abbas (Malekzade) Milani «Foreign Policy» dərgisində dərc olunmuş məqaləsinə belə bir sərlövhə seçib.
İranda qarşıdan gələn prezident seçkiləri mövzusunda yazan professor Milani deyir ki: «İran siyasətinin özəyində 1979-cu il inqilabının demokratik ruhu və bu inqilabdan sonra təşəkkül tapmış qeyri-demokratik hakimiyyət strukturu arasında barışmaz bir gərginlik var. Bir tərəfdən ölkənin respublikasayağı təsisatları və nəzarət altında keçirilsə də, müntəzəm seçkiləri var və digər yöndən bir tək Allah tərəfindən idarə olunan dövlət konsepsiyası və bu ilahi hakimiyyətin impiçmenti mümkün olmayan təmsilçisi Ali Dini rəhbər mövcuddur».
Professor yazır ki, İran siyasətinin bu iki barışmaz qanadı qarşıdan gələn iyun seçkilərində bir daha toqquşmalı olacaq.
O yazır ki, Ali Dini rəhbər və seçilmiş prezidentlər arasında həmişə üzücü ziddiyyətlər olub.
Ali Dini rəhbər Ali Khamanei-nin yaxın silahdaşı Ayətullah Mesbah-Yazdi bu yaxınlarda elan edib ki, Khamenei-nin 24 illik hakimiyyəti müddətində prezident olmuş şəxslərin heç biri - Akbar Hashemi Rafsanjani, Mohammad Khatami, və Mahmoud Ahmadinejad-ın onun ilahi mandata malik olduğuna dərin inamları olmayıb. Ali Dini rəhbər isə həmişə çalışıb ki, ölkə daxilində nəzarətdən çıxan heç bir təlatüm olmadan üzüyola prezidentlər seçilsin.
Abbas Milani yazır ki, qarşıdan gələn seçkini problematik edən üç əsas gərginlik mənbəyi var.
Birincisi, İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən dəstəklənən Khamenei və onun müttəfiqləri olan mühafizəkar din xadimləri və hazırkı prezident Ahmadinejad arasında getdikcə dərinləşən uçurumdur.
«Bu uçurumu nəinki gizlətmək, hətta idarə etmək də çətindir» - yazır professor.
Onun fikrincə, bu seçkidə Ahmadinejad-ın əsas vəzifəsi yalnız Khamenei-yə meydan oxumaq yox, həm də bir vaxtlar hökumətdə 14 post tutan və eyni zamanda qudası olan Esfandiar Rahim Mashaei-ni özünə xələf etməkdir.
AHMADİNEJAD-IN PUTİN-MEDVEDEV OYUNU
İran prezidenti Mahmud Ahmadinejad
İran prezidenti Mahmud Ahmadinejad
Abbas Milani yazır ki, bir ara İranda mövcud olan bəzi ehtimallara görə Ahmadinejad qudası ilə, bir növ Putin-Medvedev oyunu oynamalı idilər.
Lakin burada bir məqam vardır ki, Khamenei başda olmaqla ölkə ruhaniləri Mashaei-ni sevmir, onu müxtəlif cinayətlərdə və dini məsələlərə yaraşmayan baxışlarda günahlandırırlar. Bu baxışlardan biri də odur ki, Mashaei-nin iddiasına görə 12-ci Şiə imamının özü Mahmud Ahmadinejad-ın administrasiyasını idarə edir.
Mühafizəkar ruhanilər bu cür fikirləri nəinki qəbul etmirlər, onlar hətta deyirlər ki, bu, Ali Dini rəhbərin legitimliyinin şübhə altına alınmasıdır.
Abbas Milani yazır ki, bu hakimiyyət çarpışmasında pul əsas silahlardan biri olacaq. O bildirir ki, rejimin daxilindəki mənbələrin informasiyasına görə Ahmadinejad rüşvət pullarından özü üçün milyardlarla dollarlıq ehtiyat fondu yaradıb və bu pullardan qarşıdan gələn seçkilərdə fəal istifadə olunacaq.
Ahmadinejad tərəfindən vəzifədən qovulmuş, sonradan Khamenei-nin təkidi ilə postuna qaytarılmış kəşfiyyat naziri ötən ay xəbərdarlıq edib ki, seçkilərdə inzibati resurslardan qanunsuz olaraq bir namizədin xeyrinə istifadə oluna bilər.
Ahmadinejad və Khamenei düşərgələri arasındakı tənqid atışmasında gərginlik davam edir. Bəziləri Mahmud Ahmadinejad-ı nəinki ABŞ-la, hətta müxalifətlə gizli sövdələşmələrdə ittiham edirlər.
ALİ DİNİ RƏHBƏR İSLAHATÇILARA ÜZ TUTA BİLƏR
Bu arada ölkənin kəşfiyyat və təhlükəsizlik orqanları qarşıdan gələn seçkilərdə 2009-cu il seçkiləri zamanı baş vermiş iğtişaşlardan daha böyük təlatümlərin mümkünlüyü barədə xəbərdarlıq edir.
O vaxt Tehranın küçələrinə 3 milyondan artıq etirazçı çıxmışdı. Təhlükəsizlik orqanları bildiriblər ki, bu dəfə iğtişaşlar ikinci dərəcəli şəhərlərdə başlayaraq paytaxta yayılacaq.
İran parlamentində çıxışları dinləyən tələbə qızlar
İran parlamentində çıxışları dinləyən tələbə qızlar
Ahmadinejad öz rəqibləri üzərinə əks-hücuma keçmək əzmində görünür. Deyilənlərə görə, prezident düşərgəsində rəqiblərə dair çoxsaylı kompromatlar var. Bunlardan birindən, spikerin qardaşını korrupsiyada ittiham edən videodan prezident artıq ötən fevral ayında istifadə etmək cəhdində bulunmuşdu.
Milani-yə görə, Ahmadinejad-ın inqilab keşikçilərinin vəzifəli şəxslərini kəskin tənqid etməsi və Ali Dini rəhbəri rədd etməsi onu göstərir ki, prezidenti onun müddəti başa çatmamış vəzifəsindən düşürmək cəhdləri barədə heç düşünməyə də dəyməz.
Hərçənd Ali Dini rəhbərin düşərgəsi, ən azı belə bir arzuda olduğunu müəyyən addımları ilə büruzə verir.
Ötən ay Khamenei-nin nəzarətində olan telekanallardan biri İslam Respublikasının ilk prezidenti Abolhassan Banisadr-in impiçmenti barədə sənədli film nümayiş etdirmişdi. Bir çoxları filmin nümayişini Ahmadinejad-a birbaşa xəbərdarlıq kimi qiymətləndirmişdilər.
İkinci mümkün gərginlik mənbəyi islahatpərəstlərə bu seçkidə iştirak imkanının verilib-verilməyəcəyi ilə bağlıdır, - yazır Milani.
Ayətullah Khamenei artıq islahatçıların üç nümayəndə heyətini qəbul edib. Daha 18 islahatçı qrup belə bir görüş üçün növbədədir.
Abbas Milani yazır ki, bu görüşlər Mohammad Khatami-ni prezidentliyə növbəti namizəd kimi ortaya çıxara bilər.
Bəzi islahatçılar isə Rafsanjani-ni də yaranmış vəziyyətdə mümkün namizəd hesab edirlər.
XS
SM
MD
LG