Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:47

Dəmir belə bərkidi


Margaret Thatcher
Margaret Thatcher
-

Aprelin 9-da Bukingem sarayı da daxil, Britaniya boyunca rəsmi hökumət binalarının hamısında bayraqlar endirilib. Britaniya özünün «dəmir qızı» ilə vidalaşmaya hazırlaşır.

Bütün ölkə qəzetləri baş nazir Margaret Thatcher-dən, onun həyat yolundan, yaratdığı siyasi fırtınalardan, siyasi hakimiyyət çarpışmalarından yazır.

Onu sevənlər sevməyənlər qədərdir, ancaq hamı razılaşır ki, bugünkü Böyük Britaniyanın memarı məhz odur.

Thatcher Britaniya tarixində yalnız ilk və hələlik son qadın baş nazir olaraq qalmayacaq.

Təkcə onu demək yetər ki, birmənalı siyasət yürütməsə də, Margaret Thatcher ard-arda üç seçkini udan baş nazir olub. Britaniya tarixində belə uğuru heç kişilərə də qismət olmayıb.

SOSİALİZMİN QATI DÜŞMƏNİ

İki baqqal dükanının sahibi Alfred Roberts-in qızı iliyinədək mülkiyyətçi idi və sosializmin hər hansı təzahürünü qəbul etmirdi.

O inanırdı ki, fərdi mülkiyyət ictimai mülkiyyətdən daha etibarlıdır, çünki bu dünyada hər şeyin konkret sahibi və məsuliyyət daşıyanı olmalıdır.

Britaniya boyunca rəsmi hökumət binalarının hamısında bayraqlar endirilib
Britaniya boyunca rəsmi hökumət binalarının hamısında bayraqlar endirilib
Elə bu səbəbdən Margaret Thatcher-in hakimiyyəti hamılıqca özəlləşdirmə illəri kimi yadda qalıb. Buna dirəniş göstərən Leyboristlərin populist şüarları da kara gəlməyib.

Thatcher Britaniya cəmiyyətinin xasiyyətinə yaxşı bələd idi. Bu cəmiyyətdə bir velosipedi olan da özünü mülkiyyətçi sayır, zavodu olan da. Yəqin buna görə, sosial baxımdan nə qədər ağır olsa da, Thatcher özəlləşdirmə proqramını uğurla gerçəkləşdirməyi bacarıb. Bax beləcə, o, təkcə Britaniya iqtisadiyyatını deyil, hətta rəqib partiyanı da dəyişə bildi və özünün zarafatla dediyi kimi, onları «seçimli» etdi.

«Yeni Leyboristləri» qəzetlər lağla «köhnə mühafizəkarlar» adlandırırdılar.

Bu gün çox adam düşünmür ki, qlobalizm deyilən cərəyanın da əsasını Margaret Thatcher qoyub.

Monetarizm, özəlləşdirmə, azad bazar, kiçik hökumət və aşağı vergilər – bütün bunlar Thatcher-in Britaniyada sınaqdan keçirdiyi iqtisadi yeniliklər idi.

Lakin Margaret Thatcher-in xarici siyasəti onun bütün iqtisadi nailiyyətlərini kölgədə buraxır.

DƏMİR PƏRDƏNİ YIRTAN «DƏMİR LEDİ»

20-ci əsrdə Churchill-dən sonra ən qüdrətli baş nazir adını qazanmış Thatcher, yaxın dostu – ABŞ prezidenti Ronald Reagan-la birlikdə Sovet İttifaqı ilə Soyuq müharibəni udmuş siyasətçi sayılır.

Winston Churchill özünün «Dəmir pərdə» adı ilə tanınan məşhur nitqində Avropanı ikiyə bölən sosializmi lənətləyirdisə, Thatcher həmin «dəmir pərdə»ni yırtan «dəmir Ledi» ola bildi.

Ronald Reagan və Margaret Thatcher
Ronald Reagan və Margaret Thatcher
Britaniyada lap qədim zamanlardan siyasət kişi işi sayılıb. Hətta Winston Churchill-in parlamentdəki qadın həmkarlarını az qala təhqiramiz şəkildə lağa qoyduğu barədə çoxsaylı xatirələr var.

1979-cu ildə Margaret Thatcher baş nazir seçilərkən, kişi siyasətçilər bildirmişdi ki, Dumanlı Albionun sonu çatıb. Bu elə bir vaxt idi ki, «yeni əsrin baronları» – həmkarlar ittifaqları hökumətlərə meydan oxuyur və hakimiyyətlərə son qoyurdular.

Margaret Thatcher həmkarlar ittifaqlarının hərc-mərcliyinə inzibati vasitələrlə son qoydu.

Kömür şaxtaçılarının zorakı etirazları polis gücü ilə yatırıldı və ölkəyə iqtisadi səmərədən daha çox, siyasi və sosial başağrısı verən kömür mədənləri bağlandı.

SUİ-QƏSDDƏN SAĞ ÇIXDI

Britaniyaya meydan oxuyan İrlandiya Respublika Ordusu ilk dəfə olaraq Londonun qətiyyəti ilə üzləşməli oldu.

1981-ci ildə Lizburn yaxınlığındakı Meyz həbsxanasında olan respublikaçılar uzunmüddətli kampaniyaya başladılar. Onlar müharibə əsirləri qismində tanınmalarını tələb edirdilər.

Margaret Thatcher bu çağırışlara məhəl qoymadı və «cinayət cinayətdir» – deyərək bu məsələnin siyasətlə qarışdırılmasını qınadı.

Bütün ümidlərini itirən bir qrup respublikaçı həbsxanada aclıq elan etdi. Baş nazirin məsələyə baxışçı dəyişmədi – «Yemirlər, öz işləridir», – dedi.

Nəticədə 10 etirazçı aclıqdan öldü.

1984-cü ildə, Mühafizəkarlar Partiyasının konqresi zamanı, respublikaçıların Braytondakı Qrand Oteli partlatması da bu qəzəbdən qaynaqlanmışdı.

Otel yerlə-yeksan oldu, 5 nəfər öldü, 30 nəfər yaralandı. Thatcher-i sanki möcüzə sayəsində sağ qaldı.

Elə həmin gün konqresdə çıxış edən Margaret Thatcher daha bir məşhur deyimini dilə gətirdi: «Demokratiyanı terrorla məhv etmək cəhdləri baş tutmayacaq».

FOLKLEND ZƏFƏRİ

Margaret Thatcher-in Folklend savaşı da onun bioqrafiyasının maraqlı səhifələrindəndir.

1982-ci ildə argentinalılar Folklend adalarına desant çıxaranda, çox az adam Londonun qətiyyətli addım atacağını düşünürdü. Dəmir ledi tərəddüd etmədən hərbi gəmilərini Argentinaya göndərdi.

Argentina ABŞ-ın Latın Amerikasındakı ən etibarlı müttəfiqi idi, Britaniya isə onun əbədi və əzəli müttəfiqi sayılırdı.

Vaşinqton münaqişənin açıq müharibəyə çevrilməsini istəmir və Londonu cilovlamağa çalışırdı.

Gecəyarı ABŞ prezidentinə zəng edən Margaret Thatcher Reagan-a belə bir sual verdi: «Cənab prezident Alyaskanın işğalından xəbər tutsa, nə edərdi?»
Bundan sonra Thatcher-in qətiyyətinə heç kimdə şübhə qalmadı və o, 11 illik hakimiyyətinin 74 gününü bu qalibiyyətli müharibəyə həsr etdi. Nəticə özünü çox gözlətmədi – Folklend adalarında yenidən Böyük Britaniyanın bayrağı dalğalandı.

«LÜTFƏN, MƏRHUMƏYƏ BİR QƏDƏH CİN VƏ TONİK VERİN»

Grantham Muzeyində Baronessanın anım mərasimi
Grantham Muzeyində Baronessanın anım mərasimi
Hətta bu qələbə də Britaniyanın bəzi dairələrində tənqidə tutuldu. Sosialist təmayüllü siyasətçilər Britaniyadan minlərlə kilometr aralıda olan ərazi üstündə müharibəni müstəmləkəçilik təzahürü sayırdılar.

Baronessanı bu cür tənqidlərə məhəl qoymurdu. O atdığı bir çox addımın mənfi imic yaratdığına artıq öyrəncəli olmuşdu.

Dəmir Ledini şəxsi populyarlığı bir o qədər də narahat etmirdi, axı yaxşı ya pis, xirtdəyəcən populyar idi.

Britaniyada bu gün çapdan çıxan qəzetlərin bir çoxunda qeyd olunur ki, Thatcher tarixdə Britaniya cəmiyyətini ikiyə bölmüş şəxsiyyət kimi qalacaq.

Onun vəfat etdiyi gün keçirilmiş rəy sorğusuna qatılanların tən yarısı Thatcher-in düzgün siyasət yürütdüyünü bildiriblər.

Britaniyanın yeganə qadın baş naziri sağlığında belə sorğulara əhəmiyyət verməzdi. O, öz ölümü ilə də məzələnməyi bacarırdı.

Ötən ilin sonlarında London xəstəxanalarından birində beyninə daha bir qan sızmasından dirçələn Margaret Thatcher-ə köməkçilərindən biri bəzi sosial şəbəkələrdə onun ölümü barədə xəbərlərin yayıldığını söyləmişdi.

Thatcher bir qədər susduqdan sonra köməkçisinə demişdi : «Lütfən, mərhuməyə bir qədəh cin və tonik gətirin».
XS
SM
MD
LG