Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:41

Ara Nazaretyan. Atəşkəs


Ara Nazaretyan
Ara Nazaretyan
-

- Neçə ildi, işləri-gücləri ancaq vuruşmaqdı… Atəşkəs dövrünün bekarçılığı uşaqlara çətin gəlir, qıcqırırlar; neyləməli, nə cür yaşamalı?...


Ara Nazaretyan


ATƏŞKƏS

("Oxu zalı" hekayəsinin tərcümə edilməsi üçün müəllifdən icazə alıb. Əsəri rus dilindən Seyfəddin Hüseynli tərcümə edib)


Başını aşağı salıb, dirsəklərini dizlərinə dayamış komandir çatıq qaşlarının altından gah danışanın çəkmələrinə, gah da papağına baxırdı: bu papaqla çəkmələrin arasında yalnız onun qulağının ucunu görmək olurdu.

- Dedi, gedirəm yatam. Meşəyə tərəf getdi. Yəqin ki, gecə saat üç olardı...

Ondan sonra leytenant Avakimovu kimsə görməmişdi.

- Kefliydi? – acığından komandirin göz qapaqları səyridi.

- Lül-qəmbər... Amma başı işləyirdi. Boğazını çırtmalayıb dedi: hazıram... bəs deyincə… xirtdəyəcən... Saxlamaq mümkün deyildi. Dedi, Qaşqabağın əmridi: döyüş mövqeyində bir nəfər də içkili olmasın... - Danışan qeyri-ixtiyari baxışlarını komandirin sifətində gəzdirdi. – Ağlı yerindəydi...

Başqa vaxt olsaydı, çiynindən dümsükləyər, ələ salardılar onu, ancaq indi zarafat yeri deyildi – adam itmişdi.

Hamının gözü Qaşqabaqdaydı.

Komandir həmişəmi belə qaşqabaqlı, yaxud dilxor, ya da bəlkə yorğun olurdu - burasını demək çətindi, amma radiorabitə üçün nəsə bir şərti ad vacibdi, onu nə cürsə səsləməliydilər, beləcə, «Qaşqabaq»da dayandılar. Ondan ötrü isə fərq eləməzdi: uzun-uzadı nitqlərlə arası yoxdu, xəlbirlə su daşımaq onluq deyildi. Nəsə desəydi də, məğzi eyni olacaqdı: qalib gələcəyik! Bunu isə o, bir dəfə demişdi artıq...

Ancaq indi hamı komandirə baxırdı – qərarı o verməliydi.

- Lap türklərdən salamat qurtarsa da, öz əllərimlə gəbərdəcəm...

Səhər açılandan meşəni ələk-vələk eləmişdilər, gün haracan qalxmışdı, hələ də axtarırdılar.

Birdən:

- Tank…

Gərginlik, anlaşılmazlıq toz çəkilincə davam etdi: salamat bir tankı ələ keçirmək istəyi ilə onu dərhal vurmaq cəhdi arasındakı zaman, ilişib irəli-geri hərlənən çarx kimi, yerində saydı, ta bir qərara varılınca...

Toz seyrələndə üstü ayparalı qüllənin oyuğundan…

Kəşfiyyatın rəisi karıxdığından yerə yatdı:

- Avakimov, sənin ananı!..

Ağır maşın, mövqeyə çataçatda, meşəni biçilməmiş zəmidən ayıran torpaq yolda birdən-birə peyda olduğu kimi, eləcə də qəfildən həmin yerdə donub qaldı, qabağından toz buludu qalxdı.

Qaşqabaq bir çiynini dikəldib hirsli-hirsli ona sarı yeridi. Hələ o birilər toplaşmamışdılar, leytenenat Avakimov barmaqlarını tırtılın üstünə qoyub, eynən tankın yellənən antennası kimi, komandirin önündə ləngər vururdu.

Altdan-yuxarı çəpəki yumruq atmağa hazırlaşırmış kimi, qollarını qurşağında qatlayan Qaşqabaq bu ləngərin bitməsini gözləyirdi, ancaq əbəs yerə: leytenant yalnız bu cür, birtəhər ayaq üstə dura bilirdi.

Bir əlini böyrünə qoyan komandir o biri əlinin iki barmağını, ağır-ağır, üstdən basa-basa bığına çəkdi, guya indicə iri bir qədəhi boşaltmışdı, şərab da hələ öz yoluyla süzülüb gedirdi. Şəhadət barmağıyla buxağını qaşıdı.

- Aparın, qoy yatıb ayılsın, - dedi. – Maşını yoldan götürün.

Qərargah rəisi onu yeraltı sığınacaqda haqladı.

- Fikir vermə, boş şeydi… Əsas odur ki, yaxşı qurtarıb…

Komandirin baxışları buz bağlamışdı.

- Cavandılar, bir az özlərini buraxıblar…

- Sən buraxmısan, - dedi Qaşqabaq. – Səkkizdə zabitlərin iclasıdı…

Axşam, düz saat səkkizdə bütün zabitlər yığışmışdılar, dinməzcə, nigaranlıq içində gözləyirdilər. Bütün ağırlığıyla stola dirsəklənən Qaşqabaq şəxsi heyətin siyahısında qeydlər aparırdı. Axır ki, dikəldi.

- Leytenant Ovsepyan.

Leytenant tərəddüdlə ayağa qalxdı.

- Sənin gündəlik norman yüz qramdır. Otur. Leytenant Avakimov…

- Burda.

- Allaha şükür, - qərargah rəisi söz atdı.

- Əlli qram. Leytenant Sisoyan…

- Mən.

- Yüz əlli. Baş leytenant Mirzəyan – əlli, üstəgəl bir qram… Nə var, Avakimov?

- Bu, ayrı-seçkilikdi, komandir.

- Heç bir ayrı-seçkilik yoxdu, - Qaşqabaq sakit tərzdə, gözlərini kağızdan ayırmadan dedi. – Mirzəyan da özünə görə deyil, amma səndən bir ulduz yuxarıdı, hər halda, ordudayıq, hara fırlatsan da, böyük-kiçik yeri bilinməlidi…- Sonra, əsas işi bitmiş sayıb, baxışlarını hərlədi. – Bir də, ümumiyyətlə, hər kəs içə bildiyi qədər içməlidi.

Qərargah rəisi dinməzcə kənara çəkildi, çaşıb qalmışdı.

- İçə bildiyi halda, içməyən isə axmaqdır. – Qaşqabaq sözünü tamamladı. – Sabahdan qayda belədir…

Sonra isə dağılışmağa başlayan zabitləri ciddi-ciddi süzüb qərargah rəisinə astadan səsləndi:

- Sabahdan, Ovanesyan. Çünki hər halda bu günün öz yeri var: düşmən tankı heç də hər gün ələ keçmir. Qeyd eləmək lazımdı.

Qərargah rəisi də astadan dilləndi:

- Bəs onda bu nədən ötrüydü belə?

- Neçə ildi, işləri-gücləri ancaq vuruşmaqdı… Atəşkəs dövrünün bekarçılığı uşaqlara çətin gəlir, qıcqırırlar; neyləməli, nə cür yaşamalı?... Gərək hamımız ehtiyatlı davranaq, uçurumun qırağıyla yeriyənlər kimi - hələlik… - Ona elə gəldi ki, bu an gülümsəməlidi, ancaq bunu bir vaxtlar necə etdiyini yadına sala bilmədiyi üçün, ürkək, sönük bir təbəssüm alındı. – Bir şərtlə ki, adətə çevrilməsin…

Qərargah rəisi cavabında nəsə dedi, yenə də səsini qısmışdı, halbuki onları kim dinşəyəcəkdi: yuxarı komandanlığın min cür dərdi vardı... Hərə öz işindəydi.

Döyüşçülər isə keçən gün baş verənlərin hayındaydılar.

- Avakimov, axı sən heç ayaq üstə dura bilmirdin…

- Hə də… Oturdum, sürüb gəldim, orda qalası deyildim ki… Beynim yerindəydi…

- Bəs necə oldu ki, duyuq düşmədilər?

- Ta demə: heç özlərində deyildilər, ləngər vururdular… Lül-qəmbər kefliydilər.

- Eh, heyf ki, atəşkəsdi…

- Nə bilmək olar… - Avakimov fikirli-fikirli dilləndi. – Gedirəm yatam.
XS
SM
MD
LG