Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:26

Vətəndaş qanunların qəbuluna qatılsın, ya qatılmasın?


Tamam Cəfərova
Tamam Cəfərova
-
37 yaşlı Tamam Cəfərova Göygöl rayonunun Quşçu kəndində yaşayır. 1997-ci ildə Tovuz rayonunda minaya düşüb. Bir qıçını itirib, o biri qəlpələrlə doludur. Deyir başında da ağrılar hiss edir, ancaq hadisə dinc şəraitdə, üstəlik, Qarabağ zonasından kənarda baş verdiyindən müavinət ala bilmir, bircə protezini yeniləyirlər:

«Deyirəm bu qanunlar yalnız televiziya üçündürmü? Müharibə olmasaydı, mən bu günə düşərdimmi? Cavabında bircə onu deyirlər ki, sənə heç nə düşmür, başqa söz demirlər».

2-ci qrup əlil Tamam xanım 95 manat pensiya aldığını, pensiya artımı ilə bağlı qərarların da ona şamil olunmadığını bildirir:

«Qanunların qəbuluna qatılsaydınız, nəyi nəzərə alardınız» sualına cavabı belədir:

«Ən birinci, çalışardım ayrı-seçkilik olmasın. Hamının hüququ eyni təmin olunsun. Bu filankəsdir deyə, irəli çəkilməsin, bu, bəhmənkəsdir deyə, geri qalmasın»

Qanunların qəbuluna Tamam Cəfərova kimi sıravi vətəndaşlar da qatıla bilər – Parlament «İctimai iştirakçılıq haqqında» qanunu qəbul etsə. İctimai iştirakçılıq vətəndaşların və vətəndaş cəmiyyətlərinin dövlət siyasətinin hazırlanma və həyata keçirilməsinə qatılması deməkdir. Layihəyə görə, dövlət qurumlarında və bələdiyyələrdə vətəndaşların seçdiyi İctimai Şuralar olacaq.
Valeh Ələsgərov
Valeh Ələsgərov

Elə parlamentdə də müzakirə doğuran bu Şuraların dövlət siyasətinə necə qatılacağı olub. Parlament sədrinin müavini Valeh Ələsgərovun fikrincə, ictimai iştirakçılıq dövlət məsələlərinə aid olmamalıdır:

«2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı hazırlanacaq. Hansı ictimai qurum o dərinlikdə proqram üzərində çalışa bilər? Onda gərək nazirliklərin, yerli icra hakimiyyəti orqanlarının işçiləri ilə oturub gecə-gündüz işləsinlər. O işin içində olmayan şəxs bu cür mürəkkəb sənədi təhlil edə biləcəkmi?».

«BUNLARA QƏRAR QƏBUL ETMƏK SƏLAHİYYƏTİ VERSƏK...»

Deputat «ümumdövlət» sözünün sənəddən çıxarılmasını təklif edib:
Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev
«Ola bilsin, 10-15 ildən sonra o səviyyəyə gəlib çatacağıq ki, ictimai təşkilatlar ümumdövlət məsələlərinin hazırlanıb həyata keçirilməsində hansısa formada iştirak edə bilsinlər».

Deputat Qüdrət Həsənquliyev də söyləyib ki, söhbət yalnız dövlət siyasətinin gerçəkləşdirilməsinə ictimai nəzarətdən gedə bilər, əks halda, yeni bürokratik orqan yaranar:

«Biz bunlara qərar qəbul etmək səlahiyyəti versək, onda adı «ictimai» olsa da, olacaq yeni bir dövlət orqanı, yeni bir bürokratik orqan. Buna qətiyyən yol vermək olmaz, gözləntiləri də doğrultmaz».

Deputat ictimai nəzarət şuralarının Azərbaycan Prezidenti yanında, nazirlərin, dövlət komitə sədrlərinin, agentlik rəhbərlərinin və yerli icra hakimiyyəti başçılarının yanında yaradılacağını deyir. Onun fikrincə, bələdiyyələri xalq seçdiyindən, burada ictimai şuraya ehtiyac yoxdur.

PEŞƏ BİRLİKLƏRİ

Rövşən Ağayev
Rövşən Ağayev
İqtisadçı-ekspert Rövşən Ağayev ictimai iştirakçılığı demokratik idarəçiliyin ən vacib elementlərindən biri adlandırır. Ancaq onun idarəetməyə bir struktur kimi deyil, prinsip, şərt kimi daxil olmasını vacib sayır.

İqtisadçının fikrincə, ictimai iştirakçılığın formaları qanunvericiliyə salınmalıdır. Məsələn, hansısa qanun qəbul edilməzdən öncə maraq qrupları ilə birgə ictimai dinləmələrə bütün QHT-lər cəlb olunur, qanunu hazırlayanlar hesabat verir və deyilənləri nəzərə alır. Ekspert Azərbaycanda peşə birliklərinin formalaşmamasına da diqqət çəkir:

«Müəllimlərin, fermerlərin, metalçıların və başqalarının peşə birlikləri formalaşmayıb. İctimai iştirakçılıq ölkədə peşə birlikləri olanda səmərə verir».

İqtisadçı-ekspert inkişaf etmiş ölkələrdə ictimai iştirakçılığın bir prinsip kimi qəbul olunduğunu deyir. Məsələn, bir çox ölkə parlamentlərinin yanında ictimaiyyət nümayəndələrindən ibarət büdcə ofisləri var. Onlar hökumətin hər il hazırladığı büdcəyə münasibət açıqlayır, tədqiqatlar aparır və hökumət də onların rəylərini qəbul edir.

Hazırda bir neçə nazirlik yanında ictimai nəzarəti həyata keçirən İctimai Şura fəaliyyət göstərir. Ancaq müstəqil müşahidəçilər onları daha çox formal, hökumətə yaxın qurum sayır, əsl QHT-lərin bu şuralardan kənarda qaldığını bildirirlər.
XS
SM
MD
LG