Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:40

Qadınları məftun edə biləcək yaraşıqlı kişilər deportasiya olunur


-
Bu səhərin qəzetlərini vərəqləyirəm və gözümə yeni və əndrəbadi bir xəbər dəyir: “Səudiyyə, qadınları məftun edə biləcək yaraşıqlı kişiləri deportasiya edib”.

Xəbər bundan ibarətdir ki, Səudiyyə Ərəbistanında hər il keçirilən Cenadriva mədəniyyət festivalında Birləşmiş Ərəb Əmirliklərini təmsil edən üç kişi ölkədən deportasiya olunub.
Arxiv foto
Arxiv foto

Ərəb qəzeti Elaf yazır ki, dini polis festivalın keçirildiyi binaya hücum edib və “üç gözəgəlimli kişini” həbs edərək hava limanına aparıb.

Festival rəsmiləri bunu belə izah ediblər ki, Əmirlikdən gələn kişilər doğrudan da yaraşıqlı imişlər və ölkənin Fəzilət və Qeyrət Komissiyası onların qadınları yoldan çıxara biləcəyindən narahat olub.

Qoy gedib, Dubayda fors eləsinlər.

Arxiv foto
Arxiv foto
GÖZƏ GÖZ, DİŞƏ DİŞ… İFLİCƏ İFLİC

Növbəti xəbər də Səudiyyədən gəlir.

Bu günlərdə Səudiyyə Ərəbistanında məhkəmə bir nəfərin cərrahi yolla iflic edilməsi barədə hökm çıxarıb.

Məhkəmənin belə qərar çıxarmasına səbəb odur ki, müttəhimin törətdiyi cinayət nəticəsində onun qurbanı iflic olub və hazırda əlil arabası ilə hərəkət edir.

Amnesty İnternational insan haqları təşkilatının da tənqid etdiyi bu hökmdə deyilir ki, Ali al-Khawaher öz uşaqlıq dostunu bıçaqlayaraq şikəst edib. İndi onun ailəsi zərəçəkmişə 208 min avro ödəməsə, Ali cərrahiyyə üsulu ilə iflic ediləcək.


Arxiv foto
Arxiv foto
QISA TUMANLARI KONSTİTUSİYA MÜDAFİƏ EDİR

Bu ay Uqanda qanunvericiləri “Anti-pornoqrafiya” qanun layihəsini irəli sürüblər.

Bu qanun qadınların mini yubka geyinməsini qadağan edəcək.

Bu o deməkdir ki, ölkə, diktator İdi Amin-in zəmanəsinə qayıdır. O da qısa ətəkləri xüsusi sərəncamla qadağan etmişdi.

Twitter-də qadınlar artıq “qısa tumanları müdafiə edək” adlı hərəkata başlayıblar.

Yeni qanun hətta mini ətəkləri nümayiş etdirən filmləri və mahnı kliplərini də qadağan etməlidir.

Bu qanunu pozanları 3 000 dollaradək cərimə və ya hətta 10 ilədək həbs cəzası gözləyə bilər.

Uqandanın etika və inteqrasiya naziri, keçmiş katolik keşiş Simon Lokodo deyib ki, “bədənin erotik funksiya daşıyan hissələrinin açıq olması qadağan edilir”.

O deyib ki, “qadınlar öz geyimləri ilə çox vaxt cinsi təcavüzkara gəl-gəl deyirlər”.
Kişilər üçün şortların qadağan edilib-edilməyəcəyi barədə suala nazir lakonik cavab verib: “kişiləri zorlayan kimdir ki?”

Bu qanun layihəsinin qəbul edilib-edilməyəcəyi hələlik sual altındadır.

Bir çox millət vəkilləri deyirlər ki, qısa yubkaların qadağanı ölkə konstitusiyasına ziddir.

Bir başqaları isə baltanı kökündən vururlar: “Hökumət əxlaqsızlıqla mübarizə aparmaq istəyirsə, korrupsiyadan başlamalıdır”.

“Gəl-gəl” məsələsinə gəlincə isə, ona qalsa, bir hakimin qolundakı “Rolex” saatı, bir nazirin korrupsiya pulları ilə tikilmiş villası və ya elə o nazirin oğlunun Porshe maşını da kimlərəsə gəl-gəl deyə bilər.
Shimon Peres
Shimon Peres

ƏRƏBSİZ PARİS VAĞZALI

İsrailin prezidenti Shimon Peres Parisə ötən ay səfər edib, lakin bu səfərlə bağlı qalmaqal hələ də davam edir.

Məsələ burasındadır ki, Fransa dəmir yolları şirkəti SNCF-nin bu səfər zamanı bütün qaradərili, asiyalı və müsəlman işçiləri vağzaldan və platformalardan yığışdırmaq barədə tapşırıq verməsi barədə iddialar Avropa mətbuatında böyük hay-küyə səbəb olub.

Dəmiryolçuların həmkarlar ittifaqı bildirir ki, şirkət rəhbərliyi prezident Francois Hollande-la görüşə gələn Peresin gözünə bir dənə də ərəbin dəyməməsinə əmin olmaq istəyib.

Öz növbəsində şirkət bildirir ki, İsrail prezidentinin qarşısına çıxacaq işçilər yalnız təhlükəsizlik mülahizələri ilə əvvəlcədən təyin ediliblər və burada heç bir irqçilik yoxdur.

Fransadakı İsrail səfirliyi də belə bir xahişdə bulunmadığını bildirib.

Arxiv foto
Arxiv foto
PREZİDENTİN DƏ DƏVƏSİNİ BASIB YEYƏRLƏRMİ?

Britaniya mətbuatı yazır ki, qiyamçıları Malidən qovduğu üçün təşəkkür olaraq Fransa prezidenti François Hollande-a bu ölkədə bağışlanmış dəvə kəsilib yeyilib. Özü də bunu prezidentin dəvəni əmanət qoyub getdiyi ailə edib.

Mali rəsmiləri bəyanat veriblər ki, Tumbuktu şəhərində kəsilmuiş dəvənin əvəzinə Fransa prezidentinə ayrı dəvə bağışlanacaq.

Mali hökuməti bildirib ki, bu dəfə dəvəni birbaşa Parisə yollayacaqlar. Adamlara etibar yoxdur.

"Bu xəbəri eşidən kimi biz həmin dəvəni başqa, daha böyük və daha yaraşıqlı dəvə ilə əvəz etmişik”, - deyib hökumət rəsmisi.

Bu ilin fevralında, dəvə ona bağışlanarkən, prezident zarafat edib demişdi ki, “Paris küçələrinin tıxaclarından canım qurtardı”.

Lakin bundan sonra dəvəni yerli ailələrdən birinə tapşırmış, həm də Fransa müdafiə naziri Jean-Yves Le Drian-ə göstərmiş vermişdi ki, dəvəsi barədə ona vaxtaşırı hesabatlar verilsin.

Belə görünür ki, Malidən ekstremistləri çıxarmağa nail olan müdafiə naziri “dəvə xəyanətindən” xəbər tuta bilməyib.
XS
SM
MD
LG