Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:34

Firudin Cəlilov: «Misir Mərdanovun yerinə kim gəlsə, bu işləri apara bilməyəcək»


Misir Mərdanov
Misir Mərdanov
-
Son 15 ildə Azərbaycan təhsilinə rəhbərlik edən nazir Misir Mərdanov vəzifəsindən azad edilib.

Bu vəzifəyə «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov təyin olunub. Bu barədə prezident İlham Əliyev aprelin 19-da sərəncam verib.

Mikayıl Cabbarov hazırda həbsdə olan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin dövründə onun müavini vəzifəsində çalışıb. 2009-cu ildə prezident İlham Əliyevin sərəncamı ilə «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilib.
Yeni təhsil naziri 1976-cı ildə Bakıda doğulub. O, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. ABŞ-da hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Nyu-Yorkun vəkillər kollegiyasının üzvüdür.

«DAĞIDICI TƏHSİL NAZİRİ»

Təhsil eksperti Əlövsət Osmanlının fikrincə, Misir Mərdanovun bu sistemdən getməsi təhsil üçün uğurdur. Əlavə edir ki, təhsildə irəliləyiş üçün ilk növbədə:

Əlövsət Osmanlı
Əlövsət Osmanlı
«Misir Mərdanov çalışdığı 15 il ərzində dağıdıcı təhsil naziri kimi tanınıb. İnsanların neçə nəslini təhsildən məhrum qoyub. Tədris planları, təhsil proqramları darmadağın edilib. Hazırda Azərbaycan təhsilinin məzunu sıfır dərəcədədir. Arzu edərdim ki, elə birinci iş təhsilin məzmunca qaldırılması olsun, islahatlar aparılsın. Çünki 1999-cu ildə gözəl bir islahat proqramı qəbul olunub, amma Misir Mərdanov bu islahatda deyilənlərin əksinə gedib».

«REJİM TƏHSİLİ ELƏ GÜNƏ SALIB Kİ, DÜZƏLMƏSİNƏ İLLƏRLƏ VAXT LAZIMDIR»

Keçmiş Təhsil naziri Firudin Cəlilov fərqli düşünür. Onun fikrincə, bu vəzifəyə kim gəlir-gəlsin, Azərbaycan təhsilinin problemini qısa müddətdə çözə bilməyəcək:

«Ümumiyyətlə, bu gün kimi təhsil naziri qoysan, bu sahədə hər hansı çevriliş mümkün deyil. Çünki bu rejim təhsili elə bir günə salıb ki, düzəlməsinə illərlə vaxt lazımdır. Məndən sonra rəhmətlik Lidiya Rəsulova nazir oldu. Çox gözəl bürokrat, təmiz adam idi, yaxşı da çalışırdı, amma təhsil sahəsində işləyə bilmədi.
Firudin Cəlilov
Firudin Cəlilov
Çox çətinliklər çəkdi, çünki təhsil sahəsində işləməmişdi, təhsilin problemlərini bilmirdi. Axırda öz ərizəsi ilə işdən çıxdı. Təhsil naziri olacaq adam, ilk növbədə, təhsili bilməlidir, əlində təhsillə bağlı konkret proqramı olmalıdır. Bundan başqa, ən vacib göstəricilərdən biri dövlətin özünün təhsillə bağlı proqramının olmasıdır. Gəl ki Azərbaycanda belə proqram yoxdur. Bu gün Misir Mərdanovun yerinə kim gəlsə, bu işləri apara bilməyəcək».

YENİ NAZİRİN DÜNƏNİ

Yeni təhsil naziri Mikayıl Cabbarov ilk əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə isə özəl sektorda hüquqşünas çalışıb. 2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifəsini tutub.

Mikayıl Cabbarov
Mikayıl Cabbarov
2004-cü ilin fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub. 2009-cu ilin martın 6-dan «İçərişəhər» Qoruğunun direktoru çalışıb.

67 yaşlı Misir Mərdanov indiki BDU, keçmiş adı ilə, Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. Uzun müddət elə bu təhsil ocağında dərs deyib.

Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyində ali təhsil idarəsinin rəisi, təhsil nazirinin müavini işləyib. BDU-nun tədris işləri üzrə prorektoru, daha sonra rektoru olub.

«Əməkdar elm xadimi», «Şöhrət» ordeni ilə təltif edilmiş Misir Mərdanov hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.

Azərbaycan mediası son illərdə Misir Mərdanovun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri Məleykə Abbaszadə ilə ciddi münaqişədə olduğunu yazırdı.

Nazir və komitə sədrlərinin regionlarda vətəndaşların qəbulu çərçivəsində Misir Mərdanovun aprelin 20-də Sumqayıt sakinlərini dinləməsi planlaşdırılmışdı.
XS
SM
MD
LG