Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:43

Yenə «vahid namizəd»...


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
Bu ayın sonu-mayın əvvəlində Milli Şuranın tərkibi ölkənin aparıcı partiyaları və hərəkatları tərəfindən təsdiqlənəcək və işinə başlayacaq.

Bu haqda Ziyalılar Forumunun təsisçilərindən olan Rüstəm İbrahimbəyov Milli Şura haqqında contact.az saytında yazdığı məqaləsində məlumat vermişdi.

Rüstəm İbrahimbəyov yazır ki, hazırda Milli Şuranın personal heyətinin formalaşdırılması prinsipləri barədə razılıq əldə olunub. Tanınmış ictimai və siyasi xadimlərlə də danışıqlar aparılır:

«Şuranın əsas məqsədi ölkəni avtoritarizmdən demokratiyaya keçirmək üçün fəaliyyətin koordinasiyasıdır. Bu, yalnız prezident seçkilərində ümumi cəbhədən çıxış etməyi və demokratik qüvvələrin vahid namizədinin qələbəsini təmin etməyi yox, həm də demokratik cəmiyyətin əsasları kimi, sonrakı mühüm addımların atılmasını nəzərdə tutur».

NƏ NİKBİNLİK VAR, NƏ DƏ BƏDBİNLİK?

Əli Kərimli
Əli Kərimli
Milli Şura ideyası müxalifətin vahid namizəd ideyasını yenidən gündəmə daşıyıb. Bu ideya ətrafında danışıqlara Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də qatılıb. O, konseptual baxımdan fikir yaxınlığı olsa da, bəlli problemlərə də diqqət çəkir:

«Hələ həll olunmamış çox məsələ var. Mən, şəxsən, Milli Şura ideyasının baş tutmasında maraqlıyam. Çalışacağıq ki, bu ideya baş tutsun. Ancaq eyni zamanda hesab edirəm ki, cəmiyyətə nə olduğundan artıq optimist görünmək lazımdır, nə də hadisələri olduğundan aşağı qiymətləndirmək düzgündür».

Əli Kərimli Milli Şuranın vahid namizəd ideyasını dəstəklədiyini, hazırkı antidemokratik mühiti dəyişdirmək üçün birləşmiş müxalifətin seçkiyə vahid namizədlə getməsinin mühüm şərt olduğunu bildirir.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Milli Şura danışıqlarına cəlb olunmasa da, hesab edir ki, ən yaxşı yol vahid namizəd seçməkdir:

«Həlledici resursumuz ölkədəki çoxsaylı narazı elektoratdır. Onları etirazçıya çevirmək vəzifəsi müxalifətin qarşısında durur. Onu da etmək üçün müxalifətin ilk mərhələdə təşkilatlanması,
Əli Əliyev
Əli Əliyev
vahid komanda halında cəmiyyətə təqdim oluna bilməsi lazım idi. Ancaq təəssüf ki, bu günədək buna nail ola bilməmişik. Müxalifət bu seçkilərdə təşkilatlanmalı idi. Vaxt az olsa da, nəzəri baxımdan bunu etmək mümkündür. Seçkidə tək namizədlə çıxış etmək daha məqsədəuyğundur».

YAP-ÇI DEPUTAT: «MÜXALİFƏTƏ DƏSTƏK YOXDUR»

Yeni Azərbaycan Partiyasından olan deputat İsa Həbibbəyli vahid namizəd məsələsinin baş tutacağına inanmır:

«Onlar bir-birlərinin ayaqlarını qazıyan adamlardır. Onları siyasi maraqların yox, şəxsi maraqların hayındadır. Milli Şura Azərbaycan reallıqlarını real qiymətləndirə bilməyən adamların uydurmasıdır və heç bir mütəşəkkil siyasi qüvvəyə çevrilə bilməyəcək. Onlara xalq dəstək olmayacaq».

VAXT İTKİSİ?

Hüseynbala Səlimov
Hüseynbala Səlimov
Siyasi şərhçi Hüseynbala Səlimov Milli Şuranın yaradılmasını vaxt itkisi sayır:

«Hər seçki dövründə vahid namizəd məsələsi problemə çevrilir. Başlayırlar bunu həll etmək üçün müxtəlif təşkilatlar yaratmağa. Milli Şuradan əvvəl İctimai Palata vardı. İctimai Palata çərçivəsində vahid namizəd məsələsi mümkün olmadı. İndi Milli Şura yaradılacağı təqdirdə, deməli, onun özəklərindən birini də İctimai Palata təşkil edəcək. İctimai Palatada vahid namizədi müəyyən eləmək mümkün olmadısa, haradan əminlik var ki, onun bir qədər genişlənmiş formasında – Milli Şurada bu məsələni həll etmək olacaq?».

Hüseynbala Səlimovun fikrincə, Milli Şura yaradılacaqsa, bu, İctimai Palatanın bir qədər genişləndirilmiş forması olacaq.

Rüstəm İbrahimbəyov fərqli düşünür. O inanır ki, «demokratik qüvvələrin Milli Şura yaratması ölkə rəhbərliyini daha çox əsəbiləşdirir. Bu birləşdirici orqanın effektiv işi seçicilərin vətəndaş fəallığına təsir göstərə və seçkilərdə hakimiyyətin manipulyasiyasına əngəl törədə bilər».
XS
SM
MD
LG