Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:47

Ölüm aclığına qoşulanlar yeni məhkəmə baxışı istəyirlər


Foto: Arxiv
Foto: Arxiv
-
Ömürlük həbs cəzası almış bir qrup məhbus 5 gündür Qobustan həbsxanasında aclıq aksiyası keçirir. Aksiyaçılar vaxtilə ölüm cəzasına məhkum olunmuş, sonradan cəzaları ömürlük həbslə əvəzlənmiş şəxslərdir. Onlar məhkumluqlarına yenidən baxılmasını tələb edirlər.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna aclıq edənlərin həkim nəzarətində olduğunu deyir:

«Aclıq edənlər, demək olar ki, yarıbayarı azalıb. Haradasa 10 nəfərə yaxın hazırda aclıq aksiyası keçirir. Səhhətlərində də hər hansı problem yoxdur, çünki həm həkim nəzarətindədirlər, həm də əməkdaşlarımız nəzarət edirlər ki, səhhətləri pozulsa, müdaxilə olunsun».

Aclıq edənlərdən birinin – Şakir Rzaxanovun anası Müslümət Rzaxanovanın dediyinə görə, məhbuslar aksiya keçirməklə problemlərinin həllinə can atırlar:

«Məhkumlar ömürlük həbs cəzasını qanunsuz sayırlar. Məhkəməsiz və mövcud olmayan məcəlləyə dayanaraq onların hamısına ömürlük cəza verilməsi qanunsuzdur. Bu qanunsuz cəzanın araşdırılmasını və törətdikləri cinayətə məhkəmədə baxılmasını tələb edirlər».

MƏHKƏMƏSİZ CƏZA?

Aclıq edən məhbuslar 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv olunandan sonra onlara məhkəməsiz ömürlük cəza verilməsi barədə insan haqları müvəkkili Elmira Süleymanovaya da yazılı müraciət göndəriblər. Müraciətdə vurğulanır ki, «2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən, bizim hər birimizin işinə məhkəmədə fərdi qaydada baxılmalı, bizə ya 15 il azadlıqdan məhrumetmə cəzası kəsilməli, ya da prezidentin əfv sərəncamına uyğun qaydada 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası verilməli idi».
Müzəffər Baxışov
Müzəffər Baxışov

«Hüquqi Dövlət» Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov deyir ki, aclıq edənlər ölüm hökmü ləğv olunmazdan öncə cinayət törədikləri üçün həmin dövrün Cinayət Məcəlləsinə uyğun qaydada ölüm cəzası alıblar. 1998-ci ilin fevralın 10-da Azərbaycanda Milli Məclis ölüm cəzasını ləğv edib. Beləcə, yeni cəza növü – ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilib. Müzəffər Baxışovun fikrincə, onlara ömürlük cəza verilməsi Cinayət Məcəlləsi prinsiplərinin tələblərinə uyğun olmayıb:

«Qanunçuluq prinsipinin tələbinə görə, cinayət törədilən zaman qanunda göstərilən cəza nəzərdə tutulmayıbsa, o cəzanı cinayəti törədən şəxslərə təyin etmək olmaz. Həmin vaxt Cinayət Məcəlləsinin 23-cü maddəsində azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdu. Bunun da həmin vaxta uyğun yuxarı həddi 15 ildən yuxarı deyildi. Əslində həmin vaxt məhkəmə ölüm cəzasını ləğv edərək, bunu müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzləməli idi. «Cəzaları prezident əfv etməli idi» şəklində arqument anlaşılan deyil. Axı prezidentə kimsə göstəriş verə bilməz ki, onları cəzadan azad etsin. Bu, prezidentin müstəsna səlahiyyətinə aiddir».

HÜQUQ PROFESSORU CƏZANIN ƏVƏZLƏNMƏSİNİ QANUNİ SAYIR

Hüquq elmləri doktoru, professor Xanlar Ələkbərov fərqli düşünür. Onun fikrincə, qanunun o zaman geriyə qüvvəsi var ki, onun tətbiqi müttəhimin cəzadan azad olunmasına və ya cəzanın ciddi ölçüdə yumşaldılmasına yol açır:
Mehman Sadıqov
Mehman Sadıqov
«Onların cəzalarının ömürlük cəza ilə əvəz olunması hüquqi baxımdan doğrudur. Bizim Konstitusiyaya, beynəlxalq hüquq normalarına görə, onlara verilmiş ölüm cəzasının ömürlük həbslə əvəzlənməsi qanunidir. İnsan hələ ölüm cəzasından ağır cəza fikirləşməyib. Bu, ən ağır cəzadır. Ömürlük cəza ölüm cəzasına baxanda, yüngüldür».

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov ömürlük məhbusların müraciətlərinə baxılmaması barədə iddialarını doğru saymır:

«2005-ci ildə Konstitusiya Məhkəməsi qərardad çıxarandan sonra vaxtilə ölüm cəzası almış məhkumların işinə yerli məhkəmələrdə, o cümlədən apellyasiya və kasasiya instansiyalarında baxılıb. Avropa İnsan Haqları Məhkəməsinin bununla bağlı izahı var. O məhkəmə də ölüm cəzasının ömürlük cəza ilə əvəzlənməsini humanist addım kimi dəyərləndirir».

1998-ci ildən sonra 128 məhbusun ölüm cəzası azadlıqdan ömürlük məhrumetmə cəzası ilə əvəz olunub. Hazırda onlardan 77 nəfəri sağdır.

Məhbuslar aclıq aksiyasını müddətsiz keçirdiklərini bildirirlər.
XS
SM
MD
LG