Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:08

Azərbaycan qadını ailə qura bilir, bəs karyera?


Foto: Arxiv
Foto: Arxiv
-
28 yaşlı Leyla Məmmədova universiteti bitirib, bir müddət işsiz qaldıqdan sonra bankların birində mühasib çalışıb. Tam «ailə də quracağam, kariyera da» deyə qərar verərkən, nişanlısı çalışmağına narazılıq etməyə başlayıb. Övladı olandan sonra başqaları kimi işdən 4 aylıq yox, birdəfəlik uzaqlaşıb:

«Ciddi bir səbəb yox idi. Sadəcə, düşünürdü ki, onun maaşı ikimizə də yetər və mənim işləməyimə ehtiyac yoxdur. Uşağın doğulması bəhanə oldu. İndi balacanın 2 yaşı var, amma iş yerlərinin nə marağı qalıb ki, məni işə götürsünlər? Zaman keçib, axı... Yeni kadrlar yetişir, daha bilgili, daha yetkin kadrlar. Bundan sonra nə ailəm razı olar, nə də hansısa iş yeri mənə ehyiyac duyar».

«QADININ LİDER OLMASI QƏBUL OLUNMUR»

Azərbaycanda qadın hüquqlarının pozulmasına dair çox faktlar var. Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılovanın dediyinə görə, bacarığı və biliyi yetərli olsa da, sırf cinsi mənsubiyyəti baxımından ayrıseçkiliyə məruz qalan qadınlar var:

«Öz hüquqlarını qoruya bilməyən qadının, üstəlik, əlavə öhdəlikləri də var. Bizdə qadın deyərkən, daha çox ailə, darçərçivəli cəmiyyət ağla gəlir və onun liderliyi bəyənilmir. Üstəlik, daxili baryerlər də var. Şirkətlərdə də qadınlar rəhbər vəzifələrdə çalışmır. İdarə heyətlərində də, ən yaxşı halda, bircə qadın görə bilərsiniz. Qadının biologiyası, ana olması da işlərinə əngəl törədir. Ailəsi dəstək olmasa, uşağını qoyub işləyə bilmir».

NAZİR YOXDUR, 2 KOMİTƏ SƏDRİ VAR

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycanda parlament sədrinin 3 müavinindən biri, 125 deputatından 19-u, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, TQDK sədri, üç nazir müavini, Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti sədrinin müavini, Naxçıvan MR-in Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Naxçıvan MR-in İnsan Hüquqları üzrə Müvəkkili,
Niyazi Mehdi
Niyazi Mehdi
Ali Məhkəmədə işçilərin 15 faizi, ümumi məhkəmələrdə 9 faizi, Konstitusiya Məhkəməsi sədrinin müavini və bir hakim, 4 min 137 nəfər (26,5 faiz) bələdiyyə üzvü, 302 nəfər (17,7 faiz) bələdiyyə sədri, AMEA-nın, Dövlət Neft Şirkətinin vitse-prezidenti, 85 rayon üzrə 35 icra hakiminin müavini qadındır.

Qadınlar cəmiyyətdə daha çox müəllim və həkim kimi qəbul olunurlar. Filosof və gender sahəsində bir çox araşdırmanın müəllifi Niyazi Mehdi bunu həmin sahələrdə seçkilərin yoxluğu ilə bağlayır:

«O yerlərdə k, seçkilər olur, orada bacarığı yox, tanışı olan qadınlar seçilir. Real seçkilər keçirilsə, qadınlar bacarıqlarını üzə çıxararlar. Bilərlər ki, ictimai fiqur olsalar, vəzifəyə seçilər və o zaman irəliləyərlər. Qadının karyera qurmasına tək-tək hallarda rast gəlmək olur. Bunu kişilərin qəlib təsəvvürləri əngəlləyir. Düşünürlər ki, qadına yüksək vəzifə vermək olmaz».

«İQTİSADİ VƏZİYYƏT QADINLARIN İŞLƏMƏSİNƏ ŞƏRAİT YARADIR»

Azərbaycanda «Gender bərabərliyinin təminatı haqqında» qanun 2006-cı ildən qüvvəyə minib. Bu qanunun 5-ci maddəsində gender bərabərliyinə təminatla bağlı dövlət siyasətinin əsas istiqamətləri göstərilib. Orada gender bərabərliyinin təmini üçün normativ-hüquqi bazanın formalaşdırılması, təkmilləşdirilməsi və inkişafı, normativ hüquqi aktların gender ekspertizasından keçirilməsi, eləcə də dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi kimi məsələlər əksini tapıb. Bu qanun ölkədə qəbul edilən bütün normativ hüquqi aktların, dövlət büdcəsi haqqında qanunun gender ekspertizasını nəzərdə tutur.
İqtisadiyyatda gender bərabərsizliyi baxımından Azərbaycan 135 ölkə içərisində 74-cü yerdədir
İqtisadiyyatda gender bərabərsizliyi baxımından Azərbaycan 135 ölkə içərisində 74-cü yerdədir
Ancaq hələ də bu sahədə problemlər qalmaqdadır. Bu, özünü bir sıra beynəlxalq hesabatlarda göstərir. Dünya İqtisadi Forumunun «Qlobal gender bərabərsizliyi -2012» hesabatına görə, iqtisadiyyatda gender bərabərsizliyi baxımından Azərbaycan 135 ölkə içərisində 74-cü, siyasi iştiraka görə 113-cü, təhsil almağa çatıma görə 84-cü yerdədir.

Filosof Niyazi Mehdi imkanlı ailələri də qadının işləməməyinə, cəmiyyətdə fəallıq göstərməməyinə səbəb sayır. Axı yoxsul ailələrdə çox vaxt ailəni saxlamaq üçün qadının da çalışmağına ehtiyac yaranır:

«Azərbaycanda o qədər yoxsulluq var ki, düşünürəm, stereotiplərə baxmayaraq, evin kişisi istəyər ki, evin qadını da işləyib evə pul gətirsin. Məncə, iqtisadi vəziyyət stereotiplərin gücünü azaldır».

«ƏVVƏL-AXIR QADINLAR İSTƏKLƏRİNƏ ÇATACAQLAR»

İşləməkdən ümidini üzən Leyla Məmmədova deyir ki, həyat yoldaşının maaşı az olsaydı da, yenə onu işləməyə qoymazdı:

«Çünki məsələ qazanc məsələsi deyil, düşüncə məsələsidir. Mənim həyat yoldaşımın da daxil olduğu bu cəmiyyət hələ qəbul edə bilmir ki, qadınlar da uğur qazana, özlərini doğrulda bilərlər».

Leyla Məmmədova özünün cəmiyyətdəki yerinin analıqla məhdudlaşdırılmasına baxmayaraq, gələcəyə ümidlə baxır. Deyir, bunu qəbul etmək zaman alsa da, əvvəl-axır cəmiyyətdəki qadınlar həm karyera, həm ailə qurmaq istəklərinə çata biləcəklər.
XS
SM
MD
LG