Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:48

Dənizə paralel yorulma


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 20-liyindən


Tosif Həsənli


Dənizə Paralel Yorulma

...kimlə tanış olsa adını soruşmazdı,
əllərinin dəniz yaşını öyrənərdi əvvəlcə.
barmaqlarının ucuyla dənizə toxunub toxunmadığını
bunun ağır olub olmadığını soruşardı.
dəniz hara gedə bilər, hara qədər gedə bilər soruşardı...

Ona cavab lazım idi, bir ölünün “hə” cavabı. Gur işıqlı otaqda boğduğu qadınına səslənirdi, səsi dəniz dadırdı:
- Yorulmuşam, bu gün məni əvəz et. Bu gün qapım dənizə açılır ilk dəfə. İlk dəfədir dəniz bu cür uzaq deyil. Bu cür yaşlı, bu cür soyuq, bu cür çətin sual deyil, ilk dəfədir. İlk dəfədir ayağıyla qapıma gəlib, ataraq üstündəki çətin sual görkəmini ayağıyla qapıma gəlib, əvəz et!

...birdən-birə köhnə bir həvəs çəkic səsinə oyandı
mən indi harasına gizlədim bədənimi dünyanın?
harasını qucaqlayım keçmişimin?
mən indi harasında addımlayım yağışın?
ağrıların sərhəddini qarışdırıb çəkic səsi,
bütün ölçü vahidləri dəyişib.
harasına gizlətsəm də bədənimi dünyanın – ağrıyacaq
harasını qucaqlasam keçmişimin məndən səni soruşacaq, dənizi
harasında addımlasam yağışın məni sənə aparacaq,
əvəz et!...

Səsi dəniz dadırdı:

- Yorulmuşam, içi boş addımlarla bir otaqda, sonu bəlli baxışlarla bir quyuda yorulmuşam, əvəz et. Ya da ki öz sözlərinlə əvəz et, de ki bu gün öpüşlərin son ünvanı dənizdir. Dinini dəyiş istəyirsən, cildini dəyiş, hər addımında min il qocalırıq bu yolun, yolunu dəyiş. De ki, adamın qapısına gəlibsə dəniz, atəş açmalıdır tapançadan öpə bilmədiyi yerlərə.

...artıq sənli cümlələr sənə qədər uzanmır
üşüyürsən bir gecənin qarşısında,
bacarırsan öp gecəni alnından bacarmırsan güllələ
susdurulmuş ağızlardan və alnı yox qadınlardan sonra
kim alacaq qarşısını dənizə məhkum edilmişlərin
özün boyda çərçivəyə salınmış bu gecənin qarşısında
üşüməklə üşüməmək eyni şeydir.
ver əlini dənizsizlik uzaq deyil
və üstəlik gözlərimi hazırladım gedişinə, üşümə...

- Dəniz adamın qapısına bir dəfə gəlir, sonra gəlmir. Sonra gələn dəniz deyil, sonra dəniz dediyimiz dəniz deyil, əvəz et!
XS
SM
MD
LG