Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:39

«Sərhədsiz reportyorlar» Vasif Talıbov haqqında esse yazıb


Vasif Talıbov
Vasif Talıbov
-
«Sərhədsiz reportyorlar» Təşkilatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun «monoloq»unu hazırlayıb və öz saytında «Zülmkarlar» rubrikasında yerləşdirib.

ZÜLMKARIN MONOLOQU

- Prezident İlham Əliyevlə mən həmişə çox yaxşı dostlar olmuşuq. Dostum prezident mənə Azərbaycandan aralıda yerləşən Naxçıvanı istədiyim kimi idarə etmək üçün külli-ixtiyar verib. Mən də öz feodal malikanəmi repressiv metodlar üçün laboratoriyaya çevirmişəm ki, sonra dostum bu metodları bütün ölkədə tətbiq edə bilsin. Mən öz vəzifəmin öhdəsindən elə gəlmişəm ki, o, məni 2010-cu ildə «Şöhrət» ordeni ilə təltif edib.

Azərbaycandan Ermənistan ərazisi ilə ayrılmış Naxçıvan Muxtar Respublikasını şərhçilər tez-tez «Azərbaycanın Şimali Koreyası» adlandırırlar. Zənnimcə, burda bir az şişirtmə var. Mən bütün hakimiyyəti ona görə öz əlimdə cəmləşdirmişəm ki, bizim deputatlar məni 1995-ci ildən bəri təkrar-təkrar başçı vəzifəsinə seçiblər. Mən də dostlarımın ürəyini xoş etmək üçün nazir təyin edirəm, qanun çıxarıram, ədliyyə sistemini nəzarət altında saxlayıram və təhlükəsizlik xidmətlərinə rəhbərlik edirəm.

Amma siyasət məni darıxdırır. Çəkdiyim bu qədər əziyyətin müqabilində məcburam ki, regiondakı ən mənfəətli biznesləri inhisarlaşdıram.

Siyasət olduqca ağır işdir. Mən də istəyirəm işlər rəvan getsin ki, çoxlu sərəncamlar verə biləm.

Məsələn, mən vətəndaşlarımıza paltarlarını balkonlarda qurutmağı qadağan etmişəm, toy məclislərinin gecə 11-dən sonra davam etməsini yasaqlamışam.

Təmizkarlıq naminə nazirləri tez-tez məcbur etmişəm ki, ofislərinin ətrafındakı küçələri süpürsünlər. Gecə asayişini qorumaq üçün 2005-ci ildən bəri əksər barları və çayxanaları bağlatdırmışam. Adamlar bu yerlərdən ağızlarına gələni danışmaq üçün istifadə edirdilər. O yerlərdə çox lazımsız müzakirələr aparır və məni tənqid edirdilər.

İndi məni başa düşdünüz? Heç bir kafe-çayxana lazım deyil.

Mən adamların ipini yığmağı yaxşı bacarıram. Axı necə də olmasa, 15 illik hakimiyyətim dövründə mən diktatorumun xasiyyətnaməsinə bir sıra xeyirli təcrübələr əlavə edə bilmişəm.

Yerli media mənim eşitmək istəmədiyimi daha demir. Naxçıvan iki televiziyasından biri dövlətə, digəri isə qardaşıma məxsusdur. İki yerli radiostansiya və sponsorluq etdiyim qəzetlər məni təriflərə qərq etməklə məşğuldur. İndi yeganə etməli olduğum iş budur ki, adamlar Türkiyənin peyk telekanallarına baxa bilməsinlər.

Başqa sözlə, mənim məmləkətimdə müstəqil media ola bilməz.

Bakıda çap olunan müxalifət qəzetləri Naxçıvana gəlib çatmır. İnternet üzərində dövlət inhisarı var və bir balaca narahatlıq olan kimi biz şübhəli saytları bağlayırıq. Buna baxmayaraq, bir ovuc fanatik hələ də inadkarlıqla, korrupsiyadan, insan haqlarının pozulmasından və işgəncələr tətbiq edilməsindən danışır. Canları lap kötək istəyir. Biz də onlara elə bunu veririk.
XS
SM
MD
LG