Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:02

İranda saxlanan azərbaycanlı şəhriyarşünas casusluqda günahlandırılır


Khalida Khalid
Khalida Khalid
İran dövlət televiziyasının rəsmi saytı (İRİB) Təbrizdə həbs edilən Azərbaycan vətəndaşı Xalidə Xalidin casusluq ittihamı ilə tutulduğunu yazır.

AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs ediliblər.

Bundan başqa, 4 yerli azərbaycanlı fəalın həbsə alındığı bildirilir.
Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar.
Ancaq ETTELAAT əməkdaşları evə basqın edərək azərbaycanlı fəala məxsus kitablar, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə naməlum istiqamətə aparıblar.

Hazırda onların harada saxlanıldıqları məlum deyil.

Digər həbs edilənlər azərbaycanlı fəallar – yazıçı Aşıq İsaq Qaraxanlı, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və yazıçı Fərhadi Soyadlıdır.

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İran tərəfinə Azərbaycan vətəndaşların saxlanılması ilə bağlı nota təqdim edib. Hələlik İran tərəfindən notaya rəsmi cavab verilməyib.

İSNA agentliyinin bundan əvvəl Xarici İşlər Nazirliyinin rəsmisinə istinadən yaydığı məlumata görə, mayın 4-də İrana turist qismində gələn Azərbaycan vətəndaşları qeyri-qanuni əlaqələr qurmaqda ittiham olunurlar.

Xalidə Xalidin övladları isə kömək üçün Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər.
Müraciətdə qeyd olunub ki, o İrana elmi iş üçün gedib və övladları onun siyasi təxribatın qurbanı olmasından narahatdırlar.
XS
SM
MD
LG