Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:53

QUANTANAMO - Amerikanın üz qarası


U.S. -- Black hooded human rights activists hold banners demanding the closing of Guantanamo during a protest, part of the Nationwide for Guantanamo Day of Action, outside the White House in Washington DC on 11Apr2013
U.S. -- Black hooded human rights activists hold banners demanding the closing of Guantanamo during a protest, part of the Nationwide for Guantanamo Day of Action, outside the White House in Washington DC on 11Apr2013
-
“QUANTANAMO BAĞLANMALIDIR”...

ABŞ Prezidenti Barack Obama ilk dəfə prezident seçiləndən sonra, 22 yanvar 2009-cu ildə anti-terror əməliyyatları zamanı həbs edilən terror şübhəlilərinin saxlandığı xüsusi həbsxananın, Kubadakı Quantanamonun bağlanması haqda sərəncam vermişdi.

“Müdafiə Nazirliyinin Quantanamoda saxladığı şəxslərin mövcud durumunu ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarına uyğun, o cümlədən ədalətli şəkildə həll etmək üçün həbsxananı bağlamaq qərarına imza atıram. Və Quantanamo həbsxanası bu gündən etibarən bir il ərzində bağlanacaq”.

Economist yazır ki, o vaxt Obama hər kəsi inandırırdı ki, Quantanamo həbsxanası hər şeydən öncə Amerikanın öz dəyərlərinə qarşıdır. Seçki dövründə Obama deyirdi ki, “Heç bir ittiham irəli sürmədən yüzlərlə insanı illər boyu əsir saxlamaqla biz Amerikaya daha çox düşmən qazandırırıq”.

Amma üstündən 4 il 3 ay keçib. Məhbusların sayı 700-dən 166-a düşsə də Quantanamo hələ də var və oradakı insan haqları pozuntuları əvvəlkindən də ağır şəkildə davam edir.


“YA AZAD EDİN, YA MƏHKƏMƏYƏ ÇIXARIN”


“Quantanamodakıların hamısını ya azad edin, ya da məhkəməyə çıxardın”. -Həbsxananın keçmiş Baş Hərbi Prokuroru polkovnik Morris Davisin hazırladığı bu petisiyanı- hökumətə müraciəti Mayın 7-nə qədər artıq 150 min nəfər imzalayıb.



MƏHBUSLARIN ÖLÜM ACLIĞI

Quantanamodakı 166 məhbusdan 130 nəfərinin iştirak elədiyi ölüm aclığı isə artıq 4-cü aydır ki, davam edir. Fevral ayının əvvəlində həbsxanaya nəzarəti dəniz piyadalarından alan quru qoşunları komandanlığı 2006-cı ildən qüvvədə olan qaydaları bərpa etmişdi. Həmin qaydalara görə, ürəyi istədiyi vaxt həbsxanadakı kameralarda axtarış aparan əsgərlər məhbuslara məxsus Quranları “qaçaqmal” kimi müsadirə etmişdilər. Məhbuslar Quranların onlardan alınıb cırıldığını, təhqir edildiyini də iddia edir. Buna etiraz olaraq ilk öncə bir neçə nəfərin başladığı aclığa sonradan başqaları da qoşulub. Aprel ayında aclıq edənlərin sayı 130-a çatıb.

Məhbuslardan 15-nin vəkili olan Vaşinqtondan olan hüquqşünas David Remes deyir ki, aclıq edənlər öncə sadəcə Quranın alınması qaydasının ləğvini istəyirdisə, indi artıq vəziyyət dəyişib.

“İndi sadəcə Quranın müsadirəsini yox, həm də ümumilikdə heç bir ittihamsız, məhkəmə qərarı olmadan qanunsuz saxlanmalarına etiraz edirlər”.


“2 SEÇIM: YA YEYƏCƏKLƏR, YA DA ZORLA YEDIRƏCƏYIK”

Quantanamo Bay həbsxanası rəhbərliyi isə məhbusların ancaq 2 seçimi olduğunu bildirir. Ya aclığı dayandırıb yemək yeyəcəklər, ya da onları zorla – burunlarından mədələrinə kimi salınan boruyla yedirəcəklər.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü polkovnik leytnant Todd Breasseale:

“Biz məhbuslara imkan verməyəcəyik ki, özlərinə zərər versinlər. Gündəlik olaraq onların durumunu müşahidə edirik və lazım biliriksə, Həbsxana qaydalarına uyğun olaraq onları daxili müdaxilə ilə yediririk”.


ONLARI NECƏ YEDİRİRLƏR?

Guardian qəzeti məhbuslardan biri Fayiz al-Kandaharinin ağrılı prosedurla bağlı vəkili Carlos Warnerə ifadəsini dərc edib.

Al-Kandahari deyir ki, “öncə borunu onların burnuna salıb boğazlarına itələyirlər. Bu zaman özümdən asılı olmadan gözümdən yaş sel kimi axır. Boru boğazdan keçib mədə kanalıyla hərəkət etdikcə dəşhətli ağrı və güclü ürəkbulanma verir. Boru mədəyə girəndə isə ağrıdan dərhal qusmaq istəyirsən”.

Kandaharinin sözlərinə görə, ən dözülməzi isə boruyla mədəyə yemək veriləndən sonra olur – aclıq hissi geri qayıdır.


HƏKİMLƏR ZORLA YEDİRMƏYƏ QARŞI

Amerika Tibb Assosiasiyası isə bu cür boruyla yedirilmənin çox ağrılı və etik prinsiplərə uymayan prosedur olduğunu bəyan edib. Bu zaman pasientlərin burun-boğaz və mədə borularında qanama və yaralanmalarlar ola biləcəyini, xəstənin sağlamlığına zərər vura biləcəyini bildirib.
Zorla yedirilən məhbuslardan 23-nünü vəkili isə artıq prosedurun steril olmayan borularla aparılması, kobud şəkildə icra edilməsi kimi hallara qarşı işgəncə olaraq etiraz edib.


Quantanamo həbsxanası, 2013
Quantanamo həbsxanası, 2013
QUANTANAMODA İŞGƏNCƏ İDDİALARI SÜBUT OLUNUB

Əslində işgəncə şikayətləri Quantanamoda ilk dəfə eşidilmir. Hələ 2002-ci ilin yanvarında ABŞ-ın o vaxtkı Müdafiə naziri Donald Ramsfeld bu iddiaları təkzib eləməyə məcbur olmuşdu. Ancaq ondan sonra bir çox beynəlxalq qurumlar ABŞ hökumətini bu faktları araşdırmağa çağırıb, həbsxananın qanunsuz olduğuna dair bəyanatlar verirdilər. Quantaamoda məhbuslardan işgəncəylə ifadə alınması faktlarını ABŞ-ın öz qurumları da ortaya çıxarırdı. 2013-cü ilin aprelində isə Amerikada Konstitusiya Layihəsi çərçivəsində yaradılan komissiyanın apardığı geniş miqyaslı təhqiqat açıqca Quantanamoda işgəncə təcrübəsini ortaya qoyurdu.


“ABŞ HÖKUMƏTİNİN DİLİ QISA OLMALIDIR”

Açıq Cəmiyyət İnstitutunun Milli Təhlükəsizlik və terrorla mübarizə məsələləri üzrə Baş hüquq müşaviri Amrit Singh bu faktların ABŞ-ın beynəlxalq nüfuzu üçün çox ağır nəticələr verəcəyini deyirdi.

“Çox etibarlı və müstəqil bu təhqiqat ABŞ-da işgəncə təcrübəsinin olduğunu sübut edir. Bu ABŞ-ın mənəvi nüfuzunun dünyada necə azaldığını göstərir. Bu hesabatdan sonra ABŞ-ın başqa hökumətləri insan haqlarına hörmət etməyə çağırması üçün dili qısa olacaq”.


QUANTANAMODAKILARIN ÇOXU GÜNAHSIZDIR

Hazırda Quantanamoda 166 məhbus qalıb. onlardan ancaq 6-sına qarşı ittiham irəli sürülüb. 86-a qarşı heç bir ittiham irəli sürülməyib. Indi ya ölkələrinə təhvil verilməli, və ya harasa buraxılmalıdırlar. 46 nəfərə qarşı isə heç bir məhkəmə qərarı olmasa da, ABŞ qaydaları onları təhlükəli saydığndan azadlığa buraxılması məqbul sayılmır.
Economist yazır ki, ümumilikdə Quantanamodaya gətirilən 779 məhbusun əksəriyyəti ya çox aşağı səviyyəli adi döyüşçülər olublar, ya da tamamən günahsızdırlar. Tək günahları lazım olmayan zaman, lazım olmayan yerdə olub tutulmaqdır. Ancaq bir neçə nəfərə qarşı terror aktı planlamaqla bağlı ittihamlar irəli sürülüb.
Vəkil Stafford Smith Economistə deyir ki, onların hamısının vəkili olsa da, prosedur qayadaları olmadığından əl-qolları bağlıdır. Sadəcə sonsuza qədər burada qalmağa məhkumdurlar. Smithə görə, məhbusları ölüm aclığına vadar edən səbəblərdən biri də odur ki, artıq beynəlxalq ictimaiyyət də onları unudub.


QUANTANAMO NİYƏ BAĞLANMIR?

Amerika mediası ölkənin nüfuzu üçün üz-qarası saydıqları Quantanamodakı duruma görə ölkə siyasətçilərini – Prezident Administrasiyası və Konqresi günahlandırır. 2009-cu ildə Konqresdəki Respublikaçı çoxluq Obamanın həbsxananı qapatmaq planlarına qarşı çıxdı. Ancaq Obama özü də sonradan nə veto haqqından istifadə elədi, nə də prezident kimi digər səlahiyyətlərindən istifadə edib məhbusların buraxılması üçün büdcə ayırmadı. Indi hətta tam günahsızlığı sübut olunan 86 məhbusun buraxılması üçün də büdcə yoxdur. Əvəzində Quantanamo həbsxanasının rəhbərliyi buranı saxlamaq və yenidən qurmaq üçün adi həbsxanalardan dəfələrlə çox, 200 milyon dollar istəyir. Artıq yaşlanan məhbuslara baxmaq üçün xüsusi yerlərin yaradılması və s. üçün.

Bu həftə Quantanamodakı aclıq xəbərlərinin yayılmasından sonra Obama yenə də Konqresə müraciət etsə də, çoxları nəyinsə dəyişəcəyinə inanmırlar.
XS
SM
MD
LG