Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:22

Əkrəm Əylisli: “Onlara mənəvi impotentlər deyərdim”


Əkrəm Əylisli və Eyvaz Zeynalov
Əkrəm Əylisli və Eyvaz Zeynalov
-

Əkrəm Əylili: "İndikindən baş aça bilmirəm nəyin mübahisəsi gedir? Yaşlı nəsil başqa ideoloji bazaya, baxışa malik deyilsə, əsər yazıb müsabiqəyə göndəribsə, nə olar?"

Eyvaz Zeynalov: "Fərid deyir ki, 40-dan sonra bu cür müsabiqəyə qoşulmaq gülüncdür, bu söz mənə toxundu."

Fərid Hüseyn: “Müəyyən yaşdan sonra gənclərin çox olduğu yerdə görünmək olmaz”.

Arif Əmrahoğlu: “Anarın, Elçinin özü sovet vaxtı nə qədər cavana kömək ediblər”


Azərbaycan ədəbiyyatında yaşlılar gənclərin yolunu kəsir? Belə bir problem varmı, varsa nə dərəcədə ciddidir?

Bu mövzu bu günlərdə yenə aktuallaşdı. "Ədəbi Azadlıq-2013" müsabiqəsinin şeir onluğuna keçmiş gənc yazarlardan Fərid Hüseyn onluqdakı nisbətən yaşlı yazar Balayar Sadiqi müsabiqəyə qatılmaqla gənclərə yol verməməkdə qınadı. (Balayar Sadiqin cavabı burda)

Buna gənclərə mane olmaq demək olarmı?

Azadlıq Radiosunun "Pen klub" proqramındakı debata "Azərbaycan" jurnalının keçmiş baş redaktoru, yazıçı Əkrəm Əylisli, Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu, "Ədəbi Azadlıq" müsabiqəsinin ilk qalibi, yazıçı Eyvaz ZeynalovFərid Hüseyn qatıldılar.

Əkrəm Əylisli: “Bir az əsəbilik də var mühitdə”

Şahnaz Bəylərqızı:

- Əkrəm müəllim, ədəbi müsabiqələrdə yaş məhdudiyyəti olmalıdırmı? Gənclərin yolunu yaşlılar kəsirmi? Yoxsa bu cür yanaşma haqsızlıqdır?

Əkrəm Əylisli:

- Ədəbiyyatda yaş ölçüləri bir şey həll etmir. Yazıçı var 60 yaşındadır, amma ruhən çox cavandır, ya da 25 yaşında cavan ruhən çox qocadır. Yaxşı ki, bizim cəmiyyətdə ruhən qocalma sürətlə getmir. Bizdə bir var ruhən qocalar, onlara mənəvi impotentlər deyərdim, bir də var canlı ədəbi mühit. Mən “Azərbaycan” jurnalına baş redaktor gələndə cavanların orda 30 misradan artıq şeirini vermirdilər. Mən birdən cavan şairdən verirdim, məsələn, 500 misra. Mən bununla qocanın da qabağını almırdım. Amma hər ikisinə eyni hüququ verirdim. Düzdür, qoca əsəbiləşirdi, misal üçün tanınmış sovet yazıçısının 500 misra şeirini qoyurdum, 300 misra da cavan şairdən. Çox vaxt o 500 misranın qabağında 300 misra daha güclü görünürdü. İndiki cavanların da problemləri çoxdur. Bir az əsəbilik də var mühitdə. Amma mən onların yerinə olsam, bunu mübahisə predmetinə çevirmərəm. Şeirində ruhən cavandırsa, 60 yaşında kişi öz şeirində 25 yaşlı cavanı üstələyə bilirsə, qoy gəlsin, nə olar. (ardı aşağıda)

Proqramın aparıcısı Şahnaz Bəylərqızı
Proqramın aparıcısı Şahnaz Bəylərqızı


“İsa Hüseynov gələndə bunların çuxasına birə düşdü”

Şahnaz B:

- Bəs sizin zamanınızda yaşlılar müsabiqələrdə, dərgilərdə yolunuzu kəsirdimi? Nəsillər arası mübarizə həmişə gedir axı…

Əkrəm Ə:

- Ədəbiyyatda nəsillərarası mübarizə həmişə olub, dünyanın hər yerində. Azərbaycanda isə çox qəribədir ki, bu, sovet dövründə başladı. Bilirsiz kimdən başladı? İsa Hüseynovdan. İsa Hüseynov yeni ruhlu yazıçı kimi ortaya çıxdı. Köhnə kişilər vardı, indi hamısı haqq dünyasındadır. O kişilər həmişə partiya qərarlarına uyğun əsərlər yazmışdılar. Məsələn, Cəfər Cabbarlı, Süleyman Rəhimov… İsa Hüseynov gələndə bu tip yazıçıların çuxasına birə düşdü. Onun “Doğma və yad adamlar” əsəri bunları bərk silkələdi. O vaxt yaşlı nəsillə cavan nəsil arasında ciddi mübarizə başladı. İsa Hüseynovu bərk vururdular.

- Bəs sizinlə bağlı hücumlar olub?

- Mən ilk yazılarımdan mübahisələrə, toqquşmalara səbəb olmuşam. “Dağlara çən düşəndə” əsərimə qarşı necə hücumlar başladı, Allah. İsa Hüseynovdan sonra yaşlı nəsillə cavan nəsil arasında ikinci toqquşma mənim “Azərbaycan” jurnalında redaktor olduğum dövrdə baş verdi. “Azərbaycan” jurnalı partiya iclaslarında müzakirə olunurdu, hər nömrəsi “KQB”yə gedirdi. Bu, iki nəslin təbii toqquşması idi. Bu baş verməliydi, baş verdi də.

Eyvaz Zeynalov: “Yaşlı nəsildən qorxurlarsa, müsabiqədə iştirak etməsinlər”

Şahnaz B:

- Eyvaz bəy AzadlıqRadiosunun “Ədəbi Azadlıq” müsabiqəsinin hekayə nominasiyasında ilk qalibi olub. Eyvaz bəy, o müsabiqəyə qatılanda yaşınız 60-a çatırdı, cavan yazarların yerlərini dar etdiyinizi düşündünüzmü?

Eyvaz Zeynalov:

- Mən onda təzə-təzə yazılarımı göndərirdim müsabiqələrə, dərgilərə-filana. Amma qabaqlar - 1980-ci illərdə çap olunmuşdum. Düzdür, bizə “bəxtigətirməyən 80-ci illər nəsli” deyirlər… Gördüm müsabiqə var, yazımı yolladım. Bu müsabiqənin şərtlərində də yaşla bağlı məhdudiyyət yox idi. Anar müəllimin sözü olmasın, Elçin haqda demişdi ki, yazıçının yaşı yoxdur. O istər 60, istər 70 yaşında yaza bilər... Fərid özü də sizin radionun saytına müsahibəsində etiraf edir ki, İbrahimxəlilin şeirləri onunkundan güclüdür, birincilik onun olmalıymış. Yaşlı nəsildən qorxur, çəkinirlərsə, müsabiqədə iştirak etməsinlər. Fərid deyir ki, 40-dan sonra bu cür müsabiqəyə qoşulmaq gülüncdür, bu söz mənə toxundu. Niyə gülüş doğurur? Bəlkə də o, təcrübəsizlikdən belə düşünür. Hələ onun 40 yaşı yoxdur. Bu yaşa çatanda yəqin düşünəcək ki, ay dadi-bidad bu sözü nahaq demişəm, həmin ehtirasla yenə müsabiqələrə qoşulmaq istəyəcək. Onun indi dediyi düzgün deyil. (ardı aşağıda)

Fərid Hüseyn
Fərid Hüseyn


“Müəyyən yaşdan sonra gənclərin çox olduğu yerdə görünmək olmaz.”

Şahnaz B:

- Fərid Hüseynin özündən eşidək ki, niyə yaşı 40-ı ötmüş yazarların müsabiqəyə qatılmasını istəmir?

Fərid Hüseyn:

- Mən bunu Azadlıq Radiosunun müsabiqəsi haqda deyirdim. Bu müsabiqədə daha çox gənclər seçilir. Bunların içində bir yaşlı yazar təxminən qırt toyuğun balaları kimi görünür. Yəni bu mənzərənin özü gülməlidir. Belə şeylərə yaşlı yazarlar getməli deyillər. Heç kəs təbii ki, nə mənim, nə də başqa cavanların yerini dar eləmir. Nə də yazdıqlarımızla bağlı iddialarımızdan geri çəkiləsiyik. Sadəcə, məsələ gülməlidir. Burda seçim imkanında problemlər yaranır. Məsələn, fikir eyniliyi olan və ya fikir baxımından heç bir üstünlüyü olmayan gənc yazarla yaşlı yazar qalanda şeir texnikasında və ya peşəkarlıq baxımdan üstünlüyü yaşlıya verirlər. Yaşlı yazar daha peşəkardır. Deyək ki, Sara Selcanla Balayar Sadiqin şeirlərini müqayisə edəndə qeyri-adi fikirlə, fərqliliklə rastlaşmırsan. Amma Balayarın peşəkarlığı şeirdən az-çox başı çıxan adamlara aydındır. Məsələn, Yazıçılar Birliyinin müsabiqəsində mənzərə tam fərqliydi. Orda da yaşlı nəslə üstünlük verilmişdi, cəmi bir cavan var idi. Hesab edirəm ki, Azadlıq Radiosunun müsabiqəsində orta nəsil kənara çəkilməlidir. “İtmiş nəsil” məsələsinə gələndə, 1980-i illərdə çap olunmayan adamın hara gəldi yazı vermək, həyatındakı boşluğu bu yolla doldurmaq istəyini başa düşə bilmirəm. Şəxsən mən düşünürəm ki, müəyyən yaşdan sonra gənclərin çox olduğu yerdə görünmək olmaz.

Əkrəm Ə:

- Bunu müsabiqəni aparanlar həll etməlidir. Yaş məhdudiyyəti ilə bağlı şərt qoyulmursa, hamı əsər verə bilər. Amma mənə də elə gəlir ki, bizim ədəbi mühitdə yaxşı olardı yaşlı nəsil başqa formalarda müsabiqələrdə iştirak etsin… Burda deyilənlərdə də müəyyən həqiqətlər var. Tutaq ki, 80-ci illərdə kiminsə ədəbi taleyi uğursuz olub. 1990-ci ildə və ya 2013-cü ildə bu taleyi dəyişməyə cəhd də ola bilər. Amma bu taleyin özü də toyuq əhvalatına bir az oxşayır. Yeni nəfəs, yeni nəsil gələndə mütləq nəsillər arasında münaqişə yaradır. Ancaq söhbət yaşından asılı olmadan əsərin hansı səviyyədə yazılmasından getməlidir.

Eyvaz Z:

- Mən həmişə görmüşəm ki, müsabiqələrdə yer alanların 50 faizindən çoxu cavanlardır. Keçmişdə də, indi də yaşlı nəsil cavanlara hörmət edib. Kaş elə cavan nəsil yaşlı nəslə qayıdıb onun etdiyi qədər hörmət edəydi. Ədəbiyyatda nəsillər söhbəti suyu bulandırmağa bənzəyir. Yaşlı nəsildən çəkinirlərsə, öz işləridir. Yaşlıların müsabiqələrdə iştirakı səviyyənin, məsuliyyətin artmasına gətirəcək. Mən, məsələn, son müsabiqəyə qatılmadım. Yaşlı nəsil belə şeyləri özü də başa düşür, cavanlar desə də, deməsə də.

Fərid H:

- Mən öz nəslimizi yaşlı nəsildən uğursuz hesab etmirəm. Düşünmürəm ki, gənc nəsil yaşıl nəsillə rəqabətdən qorxur. (ardı aşağıda)

Arif Əmrahoğlu
Arif Əmrahoğlu


Arif Əmrahoğlu: “Anarın, Elçinin özü sovet vaxtı nə qədər cavana kömək ediblər”

Arif Əmrahoğlu:

- Atalar oğullar mübahisəsi, rəqabət həmişə olub. Bu da inkişafın təminatıdır. Amma yaşlı nəslin cavanların qabağını kəsməsi fikriylə razılaşmıram. İstedadsız həmişə istedadlının qənimi olub, bunun yaşa dəxli yoxdur. Mən elə özümüzdən götürürəm, bizim formalaşmağımızda həmin nəslin nə qədər böyük rolu olub. İstər əlimizdən tutub ədəbiyyata gətirməkdə, istər özümüzə mövqe qazanmaqda. Rəhmətlik Aydın Məmmədov, Kamil Vəli Nərimanoğlu, Kamal Abdulla bizə dayaq olublar, bizi potensial rəqib kimi görməyiblər. Anarın, Elçinin özü sovet vaxtı nə qədər cavana kömək ediblər. Ön söz yazmaqdan tutmuş, çapına, hətta müəllifin qorunmasına qədər. Birdən-birə hər şeyin üstündən xətt çəkmək, “istefa versinlər” demək olmaz. Öz işləridir, istəyəndə istefa verəcəklər.

“Elə bilirdim ki, Süleyman Rəhimovun kitabxanasından mənim kitabım çıxmamalıdır”

Əkrəm Ə:

- Bizim bizdən öncəki nəsillə münaqişəmiz nəyin üstündə idi? Bizə elə gəlirdi ki, köhnə nəsil satılmış nəsildir, həmin yazıçılar 1937-dən çıxıb, o zaman da mütləq kiminsə kimisə satmadan salamat çıxması mümkün deyildi. Bir dəfə bulvarda rəhmətlik Süleyman Rəhimova rast gəldim. Mənim o vaxt “Adamlar və ağaclar” trilogiyam təzəcə çıxmışdı, çox populyardı. Süleyman Rəhimov dedi ki, Əkrəm, bala, mənə niyə kitabını bağışlamırsan? Qorxursan ki, Süleyman Rəhimovun evindən sənin kitabın çıxar, sənin üçün xəcalət olar? Allaha and olsun, ayağımın altından yer qaçdı. Həqiqətən elə fikirləşirdim, elə bilirdim ki, Süleyman Rəhimovun kitabxanasından mənim kitabım çıxmamalıdır, böyük xəcalətdir. Zaman keçdi, baxışımız dəyişdi. İndiki zamanda nəsillər arasındakı münaqişə əqidə, məslək, ideologiya, ideya söhbəti deyil. “Bu əsərini çap etdirdi, mən etdirmədim” söhbətidir. Bizimki tamam başqaydı. İndikindən baş aça bilmirəm nəyin mübahisəsi gedir? Yaşlı nəsil başqa ideoloji bazaya, baxışa malik deyilsə, əsər yazıb göndəribsə, nə olar? Burda hər yaşın nümayəndəsi iştirak edə bilər. (ardı aşağıda)

Proqramdan sonra
Proqramdan sonra


“Mən bu gün qaralansam da… “

Ə.Əylisli:

- Bir məsələni deməsəm olmaz. Arif bəy ədəbiyyatı inkişaf etdirənlərin, cavanları qabağa verənlərin adlarını çəkdi. Amma Əkrəm Əylisli burda otura-otura onun adını çəkməyi özünə layiq bilmədi. 37-də də belə olub. Əkrəm Əylislinin qaldırdığı cavanlar indi ədəbiyyatın aparıcı qüvvəsidir. Bunu deməkdən ehtiyatlanmaq ədəbiyyatda inkişafa nail olmaq deyil. Mən bu gün qaralansam da, sabah nəyəmsə, o olaraq qalacağam.

Şahnaz B:

- Əkrəm bəy, özünüzü qaralanmış sayırsız?

Əkrəm Ə:

- Belə çıxır. Bu gün mənə hardasa hücumlar varsa, ziyalının borcu odur ki, bu hücumun məğzini dürüst başa düşsün. Ədəbiyyat günün tələbiylə yaşamır, böyük zaman içində görünür.

Şahnaz B:

- “Daş yuxular”dan sonra sizə münasibət çoxmu dəyişib?

Əkrəm Ə:

- O haqda danışmaq istəmirəm. Yeri düşdü dedim ki, məni heç nə yox, bu cür münasibət sıxır. 37 dünən olub. 37-nin havası hələ də qalırsa, cavanlar o havanı dağıtmaq üçün çox fəal olmalıdırlar. O hava dağılmasa, yeni heç nə yaranmayacaq. O havanı darmadağın etmək lazımdır. O hava ki, bir çoxlarımızın varlığına hopub. Bundan danışmaq lazımdır.


AUDIOYAZINI TAM DİNLƏ


izlə
XS
SM
MD
LG