Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:53

Gəncə üsyanının başçısı danışır [Qızıl arxivdən]


Qafqaz İslam Ordusu Şamaxıda - 1918
Qafqaz İslam Ordusu Şamaxıda - 1918

«Doğrudanmı bizlər – azərbaycanlılar, belə asanlıqla, heç bir dirənişsiz və etirazsız öz zəngin və çiçəklənən ölkəmizi bolşevik vəhşilərinə buraxacaq və onların düşməninə çevriləcəkdik?.. Doğrudanmı bu rüsvayçı zülmdən qurtulmaq üçün əlimizi ağdan-qaraya vurmayacağıq?.. Hanı bizim mənliyimiz?.. Hanı bizim şərəfimiz?..».

-
Azərbaycan Cümhuriyyətinin 95 illik yubileyinə sayılı günlər qaldı... AzadlıqRadiosu ölkədə sanki gözardı edilən bu yubileyi bacardıqca xatırlatmağa çalışır. İndi sizə təqdim edəcəyimiz bu çıxış 1953-cü il mayın 27-də – Cümhuriyyətin qurulmasının 35 illiyində «Radio Osvobojdeniye»də (AzadlıqRadiosunun da ilk adı «Qurtuluş» olub) efirə gedib. Gəncə üsyanının rəhbəri polkovnik Cahangir bəy Kazımbəylinin AzadlıqRadiosunun arxivində saxlanan çıxışının tərcüməsini diqqətinizə yetiririk.

Polkovnik Cahangir Kazım bəy

Gəncə üsyanı haqqında xatirələr (efirə gedib: 27 may 1953-cü il)


1. ÜSYANIN SƏBƏBİ

Gəncə üsyanı öz miqyasına və verilən qurbanların sayına görə Azərbaycanın ən böyük üsyanlarından biridir. Bu üsyan daim öz şərəfi, azadlıq və müstəqilliyi uğrunda çarpışan Azərbaycan xalqının xarakterindən qaynaqlanır. 1920-ci il aprelin 27-də yalana bürünüb Azərbaycanı işğal edən bolşeviklər dərhal Azərbaycanı sovetləşdirməyə başladılar. Onlar bu zaman Azərbaycan xalqının özəlliklərini nəzərə almadılar, onun xarakterini, ənənə və inamını yox sayaraq, yalnız zorakılıq və terrora əl atdılar. Bolşeviklərin sinfi mübarizəni alovlandırmaq cəhdləri boşa çıxdı, axı Azərbaycan təbəqələri arasında düşmənçilik yox idi, xalqın bir bütöv kimi birləşməsi bolşeviklərin maraqlarına uyğun gəlmirdi. Bu üzdən, özlərinə daha çox təhlükə doğuran elementi – bəy, xan və ağaların simasında milli ziyalıları aradan qaldıraraq, ardınca sonradan qolçomaq adlandıracaqları nisbətən varlı-hallı kəndliləri məhv etməyə başladılar.

Azərbaycanlılar bircə aydan sonra anladılar ki, «Çar zülmündən qurtulan bütün xalqların bərabərliyi və müstəqilliyi» haqqında şüarlar səsləndirən bolşeviklər, əslində, Azərbaycan xalqının da, onun müstəqilliyinin də ən pis və ən kinli düşmənləridir. 1920-ci ilin mayında elə bir hərbi-siyasi durum vardı ki, bolşeviklərə qarşı uğurlu mübarizə və hətta bütün Azərbaycanın onlardan təmizlənməsi hələ tamamilə mümkün idi.

2. BOLŞEVİKLƏRİN GÜRCÜSTANLA SAVAŞI

Məlumdur ki, bolşeviklər Bakını tutandan dərhal sonra artıq sovet Azərbaycanının adından Gürcüstana savaş elan etdilər. Hərbi komissar İldırım (Çingiz İldırım nəzərdə tutulur – tərc.) telefona çağıraraq xəbər verdi ki, bir yüksəkrütbəli zabit və yurdsevər kimi, məni Gürcüstan Cəbhəsinin komandanı təyin edir. Qırmızı Ordu (sovet dönəmində «Qızıl Ordu» kimi tanıtdırılıb – tərc.) hissələrinin gəlişini gözləmədən, yubanmadan oraya getməli, Qazax şəhərində olan qoşunları müdafiə və hücuma hazırlamalıydım. O, Gürcüstana qarşı hərbi əməliyyatın zəruriliyini belə izah etdi:

«Bolşeviklər düşmənimiz kimi deyil, dostumuz kimi gəliblər. Qırmızı Ordu İngiltərə, Fransa və İtaliyanın birləşmiş qüvvələrinə qarşı çarpışan Mustafa Kamal paşaya kömək üçün Azərbaycandan keçəcək. Təkcə qohum Türkiyənin deyil, bütün dünya müsəlmanlarının mübarizə və müdafiəsi üçün Azərbaycan Ordusu sovetlərin 11-ci ordusunun tərkibinə qatılır. Gürcüstan bunu əngəllədiyinə görə silahı yerə qoymağa məcbur edilməlidir».

Belə bir əmr alan kimi, Qazax şəhərinə yollandım. Zaqatala alayının 1-ci taboru, yenidən formalaşdırılan Şamaxı alayının 1-ci topçu bölüyü və Azərbaycanla birgə müdafiə və hücum sazişi bağlamış Gürcüstanın 1-ci topçu diviziyası orada yerləşirdi. Sərhədlərimizi gəzərkən əmin oldum ki, həmin diviziya hücum gözləmədiyindən hərbi əməliyyatlara hazır deyil. Müdafiə xəttini hazırlayıb sonrakı olayları gözləməyə başladım. Bu arada bolşeviklərin Azərbaycan əhalisinə qarşı düşmən davranışları barədə qanqaraldıcı xəbərlər də alırdım. Belə xəbərlərin doğruluq dərəcəsini yoxlamaq üçün və yerlərdəki gerçək durumu mənə bildirmələri məqsədilə 2 zabitə tapşırıq verdim. Bir neçə gündən sonra biri Bakıdan, digəri Gəncədən qayıdan həmin zabitlər öz gözləriylə gördükləri tükürpədici olayları çatdırdılar; ölkədə terror tüğyan edir, ictimai və siyasi xadimlər tutulub güllələnir, axtarışlar aparılır, əhalinin mülkiyyəti müsadirə edilir, müqəddəs yerlər və milli duyğular aşağılanırdı. Bütün bunlar adi hala çevrilmişdi. Əhali mənəvi və siyasi baxımdan çökmüş, vəziyyət çıxılmaz olmuşdu.

Azərbaycan tərəfdən gələn təhlükəni hiss edən Gürcüstan öz qoşunlarını sərhədə toplayır, səylə müdafiəyə və mümkün zərbəni dəf etməyə hazırlaşırdı. Bu arada məlumat gəldi ki, sovet qoşunları artıq Bakıdan çıxaraq Gürcüstan sərhədlərinə istiqamət götürüblər. Mayın 8-i, ya da 9-u olardı ki, sovet diviziyası gəlib, doğrudan da, Qazağa yetişdi. Azərbaycan alayının 1-ci Göyçay taboru da o diviziyanın tərkibində idi. Həmin alay dərhal Poylu körpüsü önündəki Gürcüstan sipərlərini hədəfə alıb hücuma keçdi. Hücum zamanı gürcülərin müdafiə səddindən atılan atəşlə bu taborun şəxsi heyətinin üçdə biri məhv edildi. Mən diviziya rəisinin göstərişi ilə Gəncəyə dönərək 3-cü Gəncə piyada alayına – öz alayıma komandirliyi qəbul etdim. Burada olmadığım müddətdə həmin alaya mənim müavinim polkovnik Qauzen komanda verirmiş.

May ayının 1-ci yarısında Bakıdan xəbər çatdırıldı ki, 11-ci sovet ordusunun piyada bölümləri müfəttişi Gəncənin 3-cü piyada alayına baxışa gəlir. Yadımda qaldığı qədər, Melnikov soyadlı birisi. Deyilən gün sübh tezdən alay Gəncənin ermənilər yaşayan hissəsindəki platsda sıraya düzüldü. Heyətlə birgə öz yavərimi müfəttişin yanına yolladım ki, alayın baxışa hazır olduğunu ona məruzə etsinlər.

Səhər saat 8 radələrində müfəttiş maşınla alay ərazisinə gəldi. Alay komandiri kimi, onu nizamnamə qaydalarına uyğun şəkildə qarşılayıb sıraya düzülən taborlara tərəf ötürdüm. Alay orkestrinin marş sədaları altında bütün alayın önündən keçən müfəttiş bəzi bölüklərə önə çıxmalarını əmr edərək, ayrı-ayrı sıravi və kiçik zabitlərin hərbi biliklərini yoxlamağa başladı. Baxış bitincə, müfəttiş alayı mərasim marşı ilə addımladıb-yürütdü. Əlavə etmək lazımdır ki, əla görkəm, təlim və intizam baxımından alay son dərəcə yaxşı təsir bağışlayırdı. Bunu müfəttiş də gözardı edə bilməzdi və mən gördüyüm dərəcədə bu, bir az onun qanını da qaraltmışdı.

Şəhərdə yenə də gərgin vəziyyət sürürdü. Heç kimin sabahkı günə inamı yox idi. Bolşeviklər «Şəriət Alayı» formalaşdırmışdılar. Onun da başına heç bir hazırlığı və təhsili olmayan Zülfüqar adlı birisi qoyulmuşdu. Bu alay cürbəcür avantüristlərdən – başıpozuqlardan toplanmışdı və «Şəriət» kimi xalis müsəlman adı daşısa da, bolşeviklərin müsəlmanlar arasında qızışdırıcı işlər görməsinə hesablanmışdı. Elə də oldu. Alayımdakı əsgərlər bundan qəzəblənmişdilər. Onları sakitləşdirincə çox əmək sərf etdim.

3-cü Gəncə piyada alayının da tərkibində olduğu 1-ci Azərbaycan diviziyasının rəisi general Cavad bəy Şıxlinski vəzifəsindən çıxarıldı və onun yerinə Şepelev təyin edildi. O, tüfəng, patron, araba və s.-in mənim alayımdan digər alaylara göndərilməsini əmr edərək, var gücü ilə alayın mənəvi və döyüş ruhunu zəiflətməyə çalışırdı. Gəncə alayına bir yığın siyasi komissar ştatı ayırmışdılar. Onlar zabit və kiçik zabitlərə göz verib-işıq vermirdilər. Diviziya komandiri məni Gəncədən Bakıya yollamaq üçün dəridən-qabıqdan çıxırdı. Bakıya getsəm, göz qırpmadan güllələyəcəkdilər. Müxtəlif bəhanələrlə Gəncədə qala bildiyimdən, onun niyyəti baş tutmadı.

3 iyun 1953-cü il- Qurtuluş Radiosu
(Çıxışın davamı)


3. GƏNCƏ ÜSYANINA HAZIRLIQ

Bir yandan Gürcüstanla sovet Azərbaycanı arasında hərbi əməliyyatlar sürür, bir yandan da bütün Azərbaycanda istər milli qoşunların (başlıca olaraq Qarabağda yerləşdirilmişdi), istərsə əhalinin səbri tükənirdi. Ağdamda və Tərtərdə yerli sakinlərin qırmızı əsgərlərlə ayrı-ayrı çatışmaları da olmuşdu. Sovet qoşunlarının Qafqazdakı durumunu parlaq saymaq mümkün deyildi: bir yandan Gürcüstan cəbhəsi, o biri yandan da arxada hər an silaha sarılmağa hazır olan düşmən əhali. Bu vəziyyətdə bolşeviklərə fəal dirənmək, Gürcüstan ordusu ilə bağlantı qurmaq, Gəncədə olan qırmızı diviziyanı tərksilah etmək və Qarabağdakı qoşunlarla birləşərək, Gürcüstan ordusuyla birgə əməliyyatlara başlayıb ölkəni bolşeviklərdən təmizləmək və əvvəlki durumu bərpa etmək ağlıma gəldi. 11-ci sovet ordusu hissələrinin pis silahlandığını, geyim yetərsizliyini və yeni qüvvələr cəlb edilməsinin fövqəladə çətinliyini gözə alsaq, bu planı gerçəkləşdirmək tamamilə mümkün görünürdü. Bircə faktı da göstərmək yetər ki, qırmızı ordu hissələrinin zəruri silah-sursatı yox idi və qırmızı komandanlıq bu çatışmazlığı, tələm-tələsik, Azərbaycan ordusunun ehtiyatları hesabına aradan qaldırmağa çalışırdı.

Həmin vaxtlar, yəni 1920-ci il may ayının birinci yarısında Gəncədə durum o dərəcədə kəskinləşmişdi ki, hər an sakinlərlə bolşeviklər arasında toqquşma çıxa bilərdi. Əhali və əsgərlərimizi hələ vaxtı çatmayan davranışlardan çəkindirmək üçün çox çalışmaq lazım idi. Xatırlatmalıyam ki, elə Qazaxdan qayıdan kimi, fikir mübadiləsi və yaranmış vəziyyəti dartışmaq üçün yerli nüfuzlu sakinlər dəfələrlə yanıma gəlmişdilər.

Yaşadığım mənzil izlənildiyindən, belə görüşlər çox vaxt Gəncənin həndəvərlərində - ya Bağmanlarda, ya da şəhərdən uzaqda – Kür sahilindəki kənddə keçirilirdi. Bir çox sakin və ziyalıların önəmli hissəsi bolşeviklərdən qaçaraq o kənddə gizlənmişdi.

Təşəbbüsü öz əlimdə saxlamaq üçün bolşeviklərə qarşı fəal dirəniş planımı gerçəkləşdirməyə qərar verdim və bunun gününü də təyin etdim – 24 may. Gürcüstan ordusu ilə bağlantı və birgə əməliyyatları əlaqələndirməkdən ötrü Gəncədə gizlənmiş və planımı bütün təfsilatı ilə açıqladığım 3 Gürcüstan zabitini – polkovniklər Eristovu, Sumbatovu və podpolkovnik İsrafil Yedigarovu Tiflisə yolladım. Qarabağ dəstəsiylə bağlantı qurmaq üçün uyğun təlimatlarla iki zabit də oraya göndərildi. Onlar həmin təlimatları Ağdam və Tərtərdə mövqeləndirilmiş 3-cü Şəki süvari alayının komandiri polkovnik Tokayevə çatdırmalıydılar. Həmin alayın yerləşdiyi ərazidə əhali və bolşeviklər arasında artıq toqquşmalar baş verdiyindən güman etmək olardı ki, alay kortəbii şəkildə Gəncə alayının dirənişinə qoşulacaq və bütövlükdə Qarabağ dəstəsinin avanqardı sayılan Gəncəyə yardıma tələsəcək.

Deyilən əlaqələrlə bağlı zabitləri yollayandan sonra düşmənin diqqətini yayındırmaqdan ötrü alayda məşğələləri gücləndirdim və hər gün döyüş atışları aparılmasına qərar verdim. Beləcə, günlər daim gərgin durumda bir-birini əvəzləyirdi. Şəxsən mən gecə və gündüzlərimi tabor və bölüklərdə keçirir və hər gün daha çox əmin olurdum ki, əsgərlərin milli ruhu yüksəkdir və onlar canlarından keçməyə hazırdırlar. Mayın 24-nün bir başqa gözəlliyi vardı. İstər-istəməz, 1919-cu il ¬– sevinclə çırpınan ürəyi ilə bütün xalqın 28 mayı – müstəqilliyinin 1-ci ildönümünü təntənəli şəkildə bayram etməyə hazırlaşdığı günlər yada düşürdü. Özündən asılı olmayaraq, Azərbaycan qoşunlarının parlaq paradını, ümumxalq şənliklərini və ölkə boyunca törənləri xatırlayırdın. İndi içində olduğun dəhşətə inanmaq istəmirdin. Doğrudanmı bizlər – azərbaycanlılar belə asanlıqla, heç bir dirənişsiz və etirazsız öz zəngin və çiçəklənən ölkəmizi bolşevik vəhşilərinə buraxacaq və onların düşməninə çevriləcəkdik?.. Doğrudanmı bu rüsvayçı zülmdən qurtulmaq üçün əlimizi ağdan-qaraya vurmayacağıq?.. Hanı bizim mənliyimiz?.. Hanı bizim şərəfimiz?.. Adamın içini oyub ağrıdan bu sualları hər bir azərbaycanlının, hər bir əsgərin, hər bir zabitin üzündən oxumaq olardı.

Mayın 22-də gündüz saat 4-də Bağmanlarda öz partizan dəstələri ilə ayağa qalxacaq şəxslərlə müşavirə keçirdim. Həmin şəxslərdən Sarı Ələkbərin və Qəmbərin adlarını ayrıca çəkərdim. Bolşeviklər ayaq basdıqları andan onlar barışmaz mövqe tutmuş və sonadək çarpışmışdılar. Bu müşavirədə dəstələrin aparacağı döyüş əməliyyatlarının yeri və tərzi müəyyənləşdirildi. İşarə verilincə, hər dəstə öz sahəsində irəliləyərək, Bağmanlar tərəfdən hücum başlatmalı və Gəncəçayı keçərək, ermənilər yaşayan hissədə yerləşən Qırmızı Ordu bölüyünü hədəf seçməliydi. Hücum zamanı alaydakı qərargahla əlaqə saxlanmalı və daha sonra şəraitə və verilən təlimata uyğun davranılmalıydı.

Saat 6 radələrində tabor və bölük komandirləriylə müşavirə keçirildi və ümumi əməliyyat planı onlarla dəqiqləşdirildi. Qərara gəlindi ki, partizanların köməyindən yararlanan bir tabor qırmızı diviziyanın yerləşdiyi ərazini mühasirəyə alacaq və qəfil, həm də qətiyyətli zərbəylə onları təslim olmağa vadar edəcək.

O biri tabor «Şəriət Alayı»nı silahsızlandırmalı, şəhərin ən önəmli məntəqələrini – poçt, teleqraf, hərbi anbar və s.-i ələ keçirməliydi. Öndəki döyüşlərlə bağlı bütün məsələləri müzakirə edəndən və hücum işarəsini müəyyənləşdirəndən sonra komandirləri buraxdım.

(ardı burada)
XS
SM
MD
LG