Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:35

"Bu serial Azərbaycan tamaşaçısına təhqirdir"


Rövşən İsax (sağda) və Əyyub Qiyas
Rövşən İsax (sağda) və Əyyub Qiyas
-

"Mən bu gün Azərbaycanda çəkilən zəif seriala da müsbət yanaşmaq istəyirəm. Çünki kənarda qalan aktyorlar ordan çörək qazanırlar."

"Aktyorun aldığı 20 manat da azdır, rejissorun aldığı 500-1000 manat da".


Serialların keyfiyyəti ilə bağlı Azadlıq Radiosunun "Pen klub" proqramındakı debatda rejissor Rövşən İsax, ssenaristi Əyyub Qiyas, kinoşünas Aydın Dadaşov və kino tənqidçisi Sevda Sultanova danışdılar.


“Biz çəkə bilirik, sadəcə...”

Şahnaz Bəylərqızı:

- Dövlət büdcəsindən ayrılan pullarla çəkilən serialların səviyyəsindən razı qalmaq olarmı? Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli narazıdır, deyir seriallarda bayağılıq, sünilik baş alıb gedir. Bu tənqidləri qəbul edirsizmi?

Əyyub Qiyas:

- Bir neçə saat qabaq Milli Televiziya və Radio Şurasında prodüser mərkəzlərinin rəhbərləriylə, yeni serial çəkməyi arzulayan layihə rəhbərləri ilə görüş oldu. MTRŞ sədri Nuşirəvan Məhərrəmli çıxışına onunla başladı ki, bu günə qədər çəkilən milli seriallardan bir-ikisini çıxmaq şərtilə özünü doğruldan normal iş ortalığa qoyulmayıb. Bu həqiqətən acınacaqlı haldır. 50-60 seriyalıq yox, hətta 10-12 seriyalıq layihələrin özünü doğrultmaması da pis haldır. Amma bütünlükdə demək olmaz ki, yaxşı iş ortalığa qoyulmadı. Barmaqla sayılsa da, normal seriallar ortalığa çıxdı. Birmənalı şəkildə demək olar ki, “Pərvanələrin rəqsi” tamaşaçı yığa bildi. Deməli, biz çəkə bilirik. Sadəcə, kimin çəkməyindən asılıdır, yaradıcı qrupdan asılıdır.

Ş.Bəylərqızı:

- Dediniz ki, hər şey kimin çəkməsindən asılıdır. O zaman necə olur ki, serialları qeyri-peşəkarlar çəkirlər?

Ə.Qiyas:

- Bir dövr Azərbaycanda hər tinbaşı apteklər, əczaxanalar açıldı, sonra supermarket ənənəsi yayıldı. Bu gün incəsənətə də aptek, supermarket nəzər-nöqtəsiylə yanaşmaq ənənəsi yaranıb. Yerindən duran film çəkir. Düzdür, hər kəsin içində bir arzusu var, incəsənət xəstəlikdir. Amma hər “xəstə”nin, fanatın da ortaya nəsə qoyması inandırıcı deyil. Düşünürəm ki, serial çəkilişinə nə qədər kütləvi maraq yaransa da, zaman keçdikcə hər şey ələnəcək. 3-5 prodüser mərkəzindən, 3-5 müəllifdən, rejissordan başqa ortada heç kim qalmayacaq. Bu, bütün dünyada belədir. Bu gün Nuşirəvan müəllim də dedi ki, balaca bir ölkədə 40-dək prodüser mərkəzi var.

Əyyub Qiyas
Əyyub Qiyas


“Az qaldım deyim ki, “Pərvanələr rəqsi”ni çəkdiyimə təəssüf edirəm”

Rövşən İsax:

- Çox təəssüf edirəm ki, mən həmin iclasda olmamışam. O ki qaldı, Nuşirəvan müəllimin dediyi fikirlərə, az qaldım deyim ki, “Pərvanələr rəqsi”ni çəkdiyimə təəssüf edirəm. Ümumilikdə götürəndə, bizdə çəkilən seriallardan heç biri mənim marağımı çəkmədi ki, oturum ona baxım. Ən çox baxdığım serial “Sirr” oldu. İlk 5-6 seriyasına baxdım, sonra vaxtım olduqca baxdım, görüm hadisələr necə inkişaf edir, bir də sonuncu seriyasına baxdım. Ondan qeyrisinə baxmadım. Bəlkə mən tərəfdən təkəbbür kimi qəbul olunar, amma, vallah, hansına baxmışam, dərnək səviyyəsində işlər gördüm və həmən kanalı dəyişdim. Bu səbəbdən mən Nuşirəvan müəllimin dediklərinə qatılıram.

Ş.Bəylərqızı:

- Sizcə, səbəb nədir?

R.İsax:

- Səbəblər çoxdur. Məncə, bizim rejissorlarda belə fikir var ki, reytinq yığmaqdan ötrü anormal bir şey etsə, tamaşaçı marağını çəkəcək. Məsələn, 5 həkim və ya taksi sürücüsünün xətrinə kimsə dəyibsə, beşi də tapança götürüb gedirlər kiminsə üstünə, part-part atırlar... Qeyri-real şeylər göstərirlər.

Ş.Bəylərqızı:

- Bu, ssenarilərdən gəlir?

R.İsax:

- Bəh-bəhlə ortaya qoyduğunuz ssenarini 5 fərqli rejissora verin, 5 fərqli şəkildə elə təqdim etsinlər ki, sizin özünüzdə şübhə yaransın: “Əcəba. Bunun 5-i də eyni ssenaridirmi?” Orda aktyorun nə qədər uyğun seçilməsindən tutmuş operator işi, montaj, musiqi, səs nəticədə bir işdir, bu, kollektiv sənətdir. Aktyor pis oynasın, operator yaxşı çəksin və ya ssenarist nə qədər yaxşı çəkir-çəksin nəticə yaxşı olmayacaq. Ortadakı bəndlərdən hansısa qırıldısa, istənilən nəticə alınmayacaq.

Ə.Qiyas:

- Rövşən bəy düzgün qeyd elədi ki, burda əsas məsələ yanaşma və təqdimatdır.

Ş.Bəylərqızı:

- Kinotənqidçi Sevda Sultanova yerli serialları təhlil edəndən sonra bu qənaətə gəlmişdi: “Komplekslərimizi aşıb, gerçəklərimizi, azərbaycanlı xarakterimizi ekrana gətirməsək seriallarımız həmişə dişsiz qalacaq”. Sevda xanım, siz bu tənqidləri bir neçə ay öncə yazmışdız. Artıq mövsüm bitir, irəliləyiş varmı? Müşahidələriniz nədir?

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


“Üstəlik, düşüncə azadlığına olan qadağalar da var”

Sevda Sultanova:

- Doğrusu, “Azərbaycanda seriallar niyə zəifdir” sualı mənim üçün aktual deyil. Çünki istər-istəməz bütün problemlər fırlanıb gəlir iqtisadi-siyasi şərtlərə. Azərbaycanda normal iqtisadi şərtlər olsaydı, reklam bazarı olsaydı, televiziya bazarı formalaşsaydı, bu gün bizim prodakşnlar ağızlarını açıb dövlətdən pul istəməzdilər. Təbii ki, ilkin məqamda dövlət yardım göstərməlidir, amma bu intensiv davam edə bilməz. Yenə də bu, bazarın hərəkətsizliyindən xəbər verir. Üstəlik, düşüncə azadlığına olan qadağalar da var. Nuşirəvan müəllim demişdi ki, hər çirkinliyi ekrana gətirmək olmaz. Amma hər çirkinliyi ekrana gətirməmək o demək deyil ki, o, mövcud deyil. Onu da demişdi iki, əsas məsələ, xəyanət, intiqam üzərində, iş adamı, onun çevrəsindəki kriminal dəstə ətrafında qurulur. Bu qədər qadağa qoyduqdan sonra serial yaradıcıları məcburdurlar ki, bu cür temalardan yapışsınlar. Ya da “Həyat varsa” serialındakı kimi sırf duyğu sümürgüsü olan, yəni hind kinolarının ən bayağı süjetlərini ekrana gətirsinlər. Amma hər halda, Rövşən İsaxın təcrübəsi sübut etdi ki, minimum şərtlər daxilində nəsə yaradıb ortaya çıxarmaq olur. Müəyyən qüsurlara baxmayaraq “Pərvanələrin rəqsi” çəkilən digər seriallardan fərqlənir. Və mütləq qeyd etmək lazımdır ki, “Pərvanələrin rəqsi” həm də prodakşn məhsuludur. Serialların prodakşnlara verilməsi daha çox keyfiyyətli məhsulun ortaya çıxmasına səbəb olardı. Məsələn, “Bakıfilm” studiyası ANS telekanalınındır, müstəqil deyil, onun ortaya qoyduğu “Ağabəyovlar” serialı da göz önündədir. Və ya “Lider”də “İqlimlər” adlı serial gedir, bunun ümumiyyətlə audiovizual sənətlə heç bir əlaqəsi yoxdur. O serial başdan-ayağa biabırçılıqdır və tamaşaçıya təhqirdir. “Sirr” serialında çox yorucu, qaramat şeylər var idi, orda sənət oyunları etməyə cəhdlər olmuşdu. Amma serialda buna ehtiyac yoxdur. Serial ümumiyyətlə, əmtəədir, maldır.

“Şəxsən mənə heç bir məhdudiyyət qoyulmayıb”

Ş.Bəylərqızı:

- Sevda Sultanova çox məqama toxundu. Başlayaq Nuşirəvan Məhərrəmlinin fikirlərinə əsaslanıb “düşüncə azadlığına məhdudiyyətlər var” deməsindən. Belə məhdudiyyətlər varmı?

R.İsax:

- Mən tam səmimi danışıram, ətimdən ət də kəssəniz düzünü deyəcəm. Şəxsən mənə heç bir məhdudiyyət qoyulmayıb. Bizim serialın ilk seriyalarında, vəziyyətin qarışıq vaxtında söyüşün biri bir qəpiyə idi, uşaqlara demişdim ki, əsəbiləşəndə ağzınıza gələni söyün. Mövzuda da qadağa qoyulmayıb. Sevda xanım mənim çəkdiyim serial haqda yaxşı sözlər dedi, təşəkkür edirəm. Sadəcə olaraq onun dediyi problemlər, məsələn, reklamla, söz azadlığı və sairlə əlaqədar bunların heç biri Türkiyədə yoxdur ki? Məncə, yoxdur. Reklam bazarı kifayət qədər yüksəkdir, könlün nə istəyir çək. Nə çəkirlər türklər? Siyasi mövzuda çəkilən “Kurtlar vadisi”ni çıxdıq. Orda da çevir tatı, vur tatı... Serial evdar xanımlar üçün nəzərdə tutulmuş məhsuldur. Niyə biz elə düşünürük ki, millətin düşüncə tərzini dəyişmək iqtidarındayıq? Mən buna inanmıram. Sevda xanım dedi ki, qadağalar qoyulur. Nəyə qadağa qoyulur?

S.Sultanova:

- Siz məni düzgün başa düşmədiz. Mən seriallara siyasi problemlərin gətirilməsinin əleyhinəyəm.

R.İsax:

- Bəs qadağa deyəndə nəyi nəzərdə tutursuz?

S.Sultanova:

- Nuşirəvan müəllim ilkin iclasda dedi ki, boşanmalardır-filandır, ya da ata oğlu qətlə yetirdi kimi şeylər ekrana gətirilməsin. Mən sırf bu şeyləri nəzərdə tuturam. Məsələn, “Fatmagülün suçu nə” serialını misal gətirdilər ki, bir qız neçə oğlan tərəfindən zorlandı, bunu bizdə ekrana gətirmək lazım deyil.

R.İsax:

- Bunu mən də istəmirəm. Mənim evdə iki qızım böyüyür. Dəlinin yadına daş salmaq lazım deyil. Məsələn, kriminal verilişlərdə elə xəbərlər gedir mən heç onun verilməsini istəmirəm.

Sevda Sultanova
Sevda Sultanova


“Biz bəzən reytinq toplamaq xətrinə narkomaniyanı təbliğ edirik”

Ə.Qiyas:

- Mən də Rövşənlə razıyam. Bütün günü televiziyada qətl, oğurluq, təcavüz, zorakılıq... Belə xəbərlərin fonunda serialda kriminal bir süjet gedirsə, bu normaldır. Bundan qaçmaq düz deyil. Nuşirəvan müəllim bayaq iclasda da dedi ki, biz bəzən reytinq toplamaq xətrinə narkomaniyanı təbliğ edirik. Məsələn, narkomanın narkotiki qaşığa doldurub odun üstünə qoymasına qədər verməyə nə ehtiyac var. Buna uşaq da baxır, görür ki, üzr istəyirəm ifadəmə görə, malı necə bişirirlər. Biz bunun əleyhinəyik. Gəlin biz verək ki, bu narkoman iynə vurandan sonra ailəsi hansı problemlərlə üzləşir, xəstə övladı dünyaya gəlir və s... Bir də Sevda xanımın bir fikri ilə razı deyiləm. O deyir ki, serial əmtəədir. Nə mənim, nə Rövşənin seriala əmtəə kimi baxmağa haqqımız yoxdur, bu yaradıcılıq məhsuludur. Prodüser mərkəzi ona əmtəə kimi baxa bilər.

“Formalaşmış insanı serial necə dəyişə bilər?"

S.Sultanova:

- Mən əslində, prodüser mərkəzini nəzərdə tuturam. Əmtəə kimi baxacaqlar reklam alacaqlar, baxmayacaqlar reklam da almayacaqlar. Bir də ki, formalaşmış insanı serial necə dəyişə bilər? Məsələn, “Behzat Ç” kimi kriminal dram var. Mən ona baxandan sonra cinayətkar olası deyiləm, narkoman olası deyiləm. Mənim formalaşmış insana o necə təsir edə, dəyişə bilər? O ki qaldı uşaqlara, zəhmət çəkin yaxşı uşaq serialları, filmlər çəkin, onlar da buna baxsınlar.

Ə.Qiyas:

- Artıq “Tək olanda qorxma” adlı serial başlayıb, uşaqlardandır. Yaxşı da reaksiya var.

Ş.Bəylərqızı:

- Dinləyicilərin də seriallar haqda fikirlərinə baxaq. Məsələn, bir dinləyici məsləhət görür: “Bizim aktyorlar arada xarici filmlər izləsinlər. Məsələn, “Evdə tək” filmində görsünlər uşaq necə sərbəst hərəkət edir, elə bil filmdə yox, real həyatdadır. Başqa dinləyici yazır ki, görəsən özləri çəkdikləri seriallara baxırlarmı? “Vallah biabırçılıqdır, adamın əti tökülür, yersiz sözlər, şit hərəkətlər. Xahiş edirəm dayandırın bu çəkilişləri”.

R.İsax:

- Mən öz çəkdiyim seriala az qala 7 dəfə baxıram. Öz işimizi tərifləmək istəmirəm. Amma məncə, yetərincə məsafə qət etmişik, çəkə-çəkə çox şey öyrənmişik. Mən də bilirəm çatışmazlıqlar var, Allahın izniylə çalışacam ikinci serialda onları sıfıra endirim.



“Yaxşı ssenari üçün çox pul lazımdır, o da onlara sərf etmir, ona görə də qaçırlar”

Ə.Qiyas:

- Bu gün orta məktəb səviyyəsində ssenari yaza bilməyənlər ssenari yazırlar. Çox da iddialıdırlar. Budur bizim bəlamız. Hər işlə peşəkar məşğul olmalıdır.

Ş.Bəylərqızı:

- Siz müsahibələrinizin birində demişdiz ki, mən indi yazdığım ssenarilərdən daha yaxşısını yaza bilərəm, sadəcə, indi buna ehtiyac yoxdur. Niyə ehtiyac yoxdur?

Ə.Qiyas:

- Səbəb odur ki, bu gün işlədiyim prodüser və ya rejissor, yəni sifarişçi məndən başqa ssenari istəyir. Yaxşı ssenari üçün çox pul lazımdır, o da onlara sərf etmir, ona görə də qaçırlar.

Ş.Bəylərqızı:

- Söhbətə başqa tənqidçi Aydın Dadaşov qoşulur. Ondan soruşaq ki, dövlət vəsaiti ilə çəkilən serialların səviyyəsindən razı qalmaq olarmı?

“Şübhəsiz ki, növbəti mərhələdə seriallar xarici ölkələrə satıla bilər”

Aydın Dadaşov:

- Əgər sifarişçi hesab edirsə ki, çəkilən seriallar arasında iki-üçü qənaətbəxşdir, deməli, vəziyyət bir o qədər də təhlükəli deyil. Bu, birinci mərhələ üçün normaldır. Yəqin ikinci mərhələdə səhvlər sərfi-nəzər olunacaq və getdikcə azalacaq. Serial da reytinqə əsaslanmalıdır. Hansı serial reytinq qazanırsa bu, göstəricidir. Şübhəsiz ki, növbəti mərhələdə seriallar xarici ölkələrə satıla bilər.

Ş.Bəylərqızı:

- Təsəvvür edirsizmi ki, Azərbaycan yaxın 10 ildə qonşu ölkələrə, Türkiyəyə serial sata bilər?

A.Dadaşov:

- Əlbəttə. Amma hələ ki daxili bazarı tam təmin edə bilmirik. Rusiyada da dövlət büdcəsindən seriallar üçün pul ayrıldı. O pulu fal hesab etmək olar, yəni təkrar istehsal yarada bilsin. Bu, Rusiyada qismən də olsa yarandı. Mən bu gün Azərbaycanda çəkilən zəif seriala da müsbət yanaşmaq istəyirəm. Çünki kənarda qalan aktyorlar ordan çörək qazanırlar.

“Qayıdanda dedi ki, 20 manat qazandım, seriala çəkildim”

Ş.Bəylərqızı:

- Amma az əvvəl dediniz ki, Rusiyada dövlət seriala pul qoydu və bu, fal rolunu oynadı. Ancaq “aktyor serialdan çörək qazandı” kimi yanaşma Azərbaycanda bu sektorun inkişafına səbəb ola bilərmi?

A.Dadaşov:

- Şirkətlər qazandıqları pula serial çəksələr, onda 24 saat iş haqda düşünəcəklər. Hansı istiqamətdə getməyi sifarişçi, pulu verən düşünməlidir. Bir də serial komanda işidir, bu komanda formalaşmalıdır... Mən bu yaxında təsadüfən bir aktyor dostumla bağda rastlaşdım. Arada çəkilişə getdi, qayıdanda dedi ki, 20 manat qazandım, seriala çəkildim. Bu gün tavan haqda yox, döşəmə haqda da düşünməliyik.

“Aktyorun aldığı 20 manat da azdır, rejissorun aldığı 500-1000 manat da”

Ə.Qiyas:

- Bu normaldır, insan iş görürsə, pul qazanmalıdır. Amma Aydın müəllimin insanı o səviyyəyə endirməsi ilə razılaşmıram, yəni bizdə 10 manata, 20 manata çəkilən aktyorlar üzərində seriallar qurulur fikri ilə, ümumiyyətlə, bu təcrübə ilə razılaşmıram. Tamaşaçıya, ekrana, yaradıcı heyətə qiymət verilməlidir. Hər obrazın qiyməti olmalıdır. 20 manat nədir axı? Məcburiyyətdən gedirlər. Bəzən biz də ssenari yazanda məcburiyyətdən buna gedirik. Məsələn, mən Gürcüstanda bir seriyanı 3000 avroya yazırdım, Azərbaycanda 400 manata yazıram. Böyük fərqdir. Doğrudan da qiymət verilməlidir. Aktyorun aldığı 20 manat da azdır, rejissorun aldığı 500-1000 manat da.

R.İsax:

- Bizim serialda aktyorlar 20 manata çəkilməyiblər. Amma rəqəmi deməyəcəyəm, sirdir. Düzdür, normal deyil, istərdim ondan 100 dəfə çox olsun. Məsələn, aktyor Ramiz Novruz layiq olduğundan dəfələrlə az pul alıb. Amma bu onun oyununa təsir etməyib. Türkiyədə serial çəkilişində xüsusi tırlarda hər bir aktyorun birinci seriyadan tutalım 10-cu seriyaya qədər paltarları daşınır. Bizim serialda isə aktyorlar geyimlərini öz maşınlarında daşıyırdılar. Ssenarinin küncünə yazırdılar, filan seriyada bu paltarı geyinmişəm. Mənim əlavə ştat açmağa pulum yoxuydu. Amma bu o demək deyil ki, mən zəif nəsə çəkməliyəm. Onda zəhmət çək serial çəkmə!

S.Sultanova:

- Prodakşnlar doğrudan da fədakarlıq edilər. Bəzən düşünürəm ki, onların üstünə bu qədər getmək olmaz. Hər şey normal siyasi, iqtisadi şərti diktə edir. Bir də bizdə peşəkar ssenariçi məktəbi yoxdur. Onu necəsə formalaşdırmaq lazımdır. İlkin dövrdə dövlətlə yaradıcı qurumlar qarşılıqlı işləməlidirlər.

izlə
XS
SM
MD
LG