Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:26

Zavallı Qızbəs


Qızbəs Talış qızı Mamedova
Qızbəs Talış qızı Mamedova
-
İmişli stansiyasından hörümçək toruna bənzər dəmiryol relslərini adlayıb, şəhərin Xiyabani küçəsinə daxil olanda, gözə miskin həyat lövhələri görünür: şoran torpaqlar, paslı dəmir parçalarından, qarğıdan, qamışdan «toxunmuş» çəpərlər, yöndəmsiz elektrik dirəkləri, məhəllənin başına dolanan qaz boruları... Küçədə top qovan uşaqların, ot otlayan qoyunların səsləri həyətlərdən gələn xoruz banına, inək böyürtüsünə, musiqiyə qarışıb. Bura İmişlinin son vaxtlar adı tez-tez çəkilən «Depo» məhəlləsidir.

«ƏRİM İFLİC OLANDAN AİLƏMİZİN QARA GÜNLƏRİ BAŞLAYIB»

Qızbəs Talış qızı Mamedova (soyadı sənəddə belə yazılıb) deyir ki, başlarına bütün bəlalar bir-birinin ardınca bu axır illərdə gəlib:

«5 il əvvəl həyat yoldaşım iflic olaraq çarpayı xəstəsinə çevrildi. O vaxtdan bəri nə otura, nə dura bilir, nə də danışır. Dolanışığımız pisləşəndən sonra «kommunxoz»da işə düzəldim. 3 il idi ki, süpürgəçi işləyirdim, ayda 93 manat maaş alırdım. Mənə bunu da çox gördülər».

«SƏN YOLKƏSƏN QADIN DEYİLSƏN Kİ?»

Qızbəs Mamedova həyat yoldaşının I qrup əlil olduğunu, onun hər il tibbi-sosial ekspert komissiyasında müayinədən keçirildiyini bildirir:

«Bu il vaxtında müayinəyə aparmağa imkanımız olmadı. Komissiya üzvlərinə dedim ki, gəlib evdə baxın, gəlmədilər. Sonra aparanda isə dedilər ki, ikiaylıq pensiyasını ala bilməyəcək. İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin qəbulunda olub, ondan batan pulun bərpasına kömək istədim. Başçı məni dinləyərkən qəfil «çıx bayıra» dedi. Çıxdım. Bir azdan yenidən qayıtdım. Məndən soruşdu ki, «sən yolkəsən qadın deyilsən ki?..».

Yanvarın 31-də İmişli şəhərinin bir qrup sakini icra başçısı tərəfindən qəbul edilməmələrinə etiraz olaraq Həzi Aslanov küçəsi ilə
5 il əvvəl həyat yoldaşı iflic olub
5 il əvvəl həyat yoldaşı iflic olub
Heydər Əliyev prospektinin kəsişdiyi yerdə avtomobil yolunu bağlayıblar. Aksiyaya Qızbəs xanımın qonşuları olan bir neçə qadın, o cümlədən iş yoldaşı Fəridə Balakişiyeva da qatılıb:

«And-aman elədim ki, həmin aksiyada olmamışam. Beləcə, mübahisəmiz düşdü. Polis çağırtdırdı. Məni çığırda-çığırda maşına oturdub polis idarəsinə apardılar, ertəsi gün də məhkəməyə. Hakim dedi ki, lazım deyil söz-söhbət yaratmaq, o, bizim başçımızdı, yəqin hirslənibmiş. Həmin vaxtdan əsəblərim pozulub, qan təzyiqim yüksəlib. Polis idarəsinin həyətində yerə yıxıldım, qolum çatladı».

«SÜPÜRGƏMİ ƏLİMDƏN ALDILAR»

Qızbəs Mamedova elə həmin gündən işdən qovulduğunu deyir:

«İşdən azad edilməyim barədə əmrin surəti verilməyib, idarə də mənimlə son hesablaşma aparmayıb. Süpürgəmi əlimdən alıb, dedilər, get evə...».

2010-cu ildə baş verən təbii fəlakətdən sonra bu ailənin yaşadığı ev daha bərbad vəziyyətə düşüb. Hazırda xəstə ərinə və 12 yaşlı oğluna qulluq edən zavallı qadın nə vaxtsa özlərinə yeni ev tikəcəklərinə ümid etmir:

«Fövqəladə Hallar Nazirliyindən rayona ezam olunmuş komissiya üzvləri gəlib baxdılar, dedilər ki, hələ yaşamaq üçün yararlıdır. Bizə heç bir yardım göstərilmədi. Ərimin pensiyasının ümidinə qalmışıq, o da vur-tut 60 manatdır. 2 ay əvvəl ünvanlı sosial yardım üçün müraciət etmişik, ondan da xəbər yoxdur».

Təbii fəlakətdən sonra ev daha bərbad vəziyyətə düşüb
Təbii fəlakətdən sonra ev daha bərbad vəziyyətə düşüb
«GÜNAH ONUN ÖZÜNDƏDİR»

İcra başçısının qəbulu zamanı yaranan qalmaqal, Qızbəs Mamedovanın polis idarəsinə aparılmağı barədə xəbəri hadisənin baş verdiyi günlərdə eşitmişdik. Amma o zaman İmişli rayon İcra Hakimiyyəti başçısının müavini Səfa Ağayev deyilənləri yalan saymışdı:

«Heç bir qalmaqal, insident, ya mübahisə olmayıb. Qəbul əvvəlki vaxtlardan da sakit keçib».

Həmin gün İmişli rayon polis şöbəsinin növbətçi hissəsi də Qızbəs Mamedovanın polis idarəsinə gətirilmə xəbərini yalanlamışdı. Yalnız İmişli rayonundakı Kommunal Müəssisələri İstehsalat Birliyinin rəisi Rasim Abışov məlumatı dolayı yolla təsdiqləmişdi:

«Qızbəs Mamedova intizamsızlığa görə işdən çıxarılıb. Nə etdiyini yaxşı bilir, günah onun özündədir. Bundan artıq sizə heç nə demək istəmirəm».

İmişli rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi Barat Xəlilov bildirir ki, Mərkəzin ərazi üzrə xidmət qrupları var, işçilərimiz yalnız tənha, kimsəsiz adamlara baxır və onlara yardım göstərir:

«Ünvanlı sosial yardım ailə üçün təyin edilir. Daxil olmuş müraciətlər əsasında komissiya üzvləri yerində baxış keçirir, yardımdan imtina ediləndə, vətəndaşa yazılı cavab veririk».
XS
SM
MD
LG