Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:44

Cavid Zeynallı: "Bizim həyat tərzimiz yazıçılıq üçün yaramır"


Azerbaijan.Baku. Writer. Javid Zeynallı
Azerbaijan.Baku. Writer. Javid Zeynallı
-

“Hər gün zəvzək “Facebook” statusları yazmayan, qruplaşmalarda olmayan nə qədər istedadlı yazar varmış”


Yazıçı Cavid Zeynallı “Gündəlik Teleqraf” qəzetinin suallarını cavablandırıb.


- Cavid bəy, keçən söhbətlərimizin birində yeni romanınızın çapından danışmışdız. Roman “Azərbaycan” jurnalında hissə-hissə çap olunmalı idi. Hətta jurnalın baş redaktoru İntiqam Qasımzadə roman haqqında çox yüksək fikirdə olduğunu da bildirmişdi. İndi bu məsələ nə yerdədir?

- İntiqam Qasımzadənin roman haqqında dediklərini sizin qəzetdən oxudum. Xoş sözlərə görə gec də olsa ona təşəkkür edirəm. İntiqam müəllim ədəbi zövqünü qoruyub saxlaya bilən tək-tək redaktorlardan biridir və sevinirəm ki, belə adamlar hələ də aramızda var. Mənim “Leyla” adlı romanım “Azərbaycan” jurnalının 6-cı və 7-ci nömrələrində - iki hissəyə bölünüb çap olunacaq. Əslində, aprel sayında çıxmalıydı, bu qədər gecikməyinin səbəbkarı özüm, daha doğrusu, səhlənkarlığım oldu. Jurnalın çıxmağına on gün qalmış zəng vurdum ki, mətni göndərirəm. Jurnal işi qatar kimidir, gecikdinsə, biletin batır, vaxtın havaya sovrulur.

- Yazılarınızda vulqar ifadələrə, açıq-saçıq səhnələrə rast gəlmək olur. Təzə romanda bu “ənənə”yə sadiq qalmısınızsa, jurnalda ixtisarlar aparılmadı ki?

- Ənənələrə sadiqlik yaxşı şeydir. “Leyla” bir müğənninin həyatı haqqında yazılıb və vulqarlıqdan qaçmaq mümkün deyildi. İkincisi, niyə də qaçmalıyam? “Azərbaycan” jurnalına təqdim edəndə, İntiqam müəllim bəzi ifadələrin altını qırmızılamışdı. Qarışılıqlı anlaşdıq, bir az mən, bir az redaktor kimi o, kompromisə getdi, məsələ həll olundu. Əsas problem həcmlə bağlı oldu. Bəzi hissələri İntiqam müəllimin redaktor zövqünə inanıb çıxardım. Kitab variantında isə tam şəkildə çap olunacaq.

- Bəs roman nə zaman kitab kimi çap olunacaq? Yəqin təqdimat da keçirəcəksiniz?

- Romanı kitab şəklində sentyabr-oktyabr aylarına çap etməyi düşünürəm. İndidən reklam kampaniyası haqqında bəzi fikirlərim var, maddi imkan olsa, bu işləri həyata keçirəcəm. Hərçənd heç ağlım kəsmir, amma heç olmasa, əlimizi ümidin ətəyindən üzməyək. O ki qaldı kitabın təqdimatına, bunu da payızda reallaşdıracam. Ütülü, sağlıq janrında, bəy tərifi sayaq təqdimat etmək istəmirəm, belə təqdimatlarda adamlar işgəncə çəkir. Kim də çəkməsə, şəxsən mən yoruluram. Təqdimatı qeyri-rəsmi formatda edərik, dostlar gəlib çaydan-kofedən içər, söhbətləşər, ən vacibi kitab alıb dağılışarlar.
Cavid Zeynallının romanı
Cavid Zeynallının romanı

- Cavid Zeynallı gənc yazardı, amma artıq bir neçə roman müəllifidir. Düşünmürsünüz ki, ard-arda roman yazmaq sizi yazıçı kimi tükəndirə bilər?

- Birinci romanım - “Günəşi gözləyənlər”i yazandan sonra tələbəlikdən içimdə yığılıb qalan hissləri canımdan çıxardığıma görə daxilən xeyli rahat oldum. İkincini romanı başlayanda şou-biznesin kulisi, gündəmi haqqında 100-ə yaxın material topladım, bu mühitin əxlaq kodeksini, ifadə formalarını, həyat tərzini incələdim. Amma romanın məhz həmin hissələrini yazanda informasiya azlığı hiss elədim, bu dəfə şou-biznes verilişlərini izləməyə məcbur oldum. Çətinlik, tükənmək yalnız belə hallarda ola bilər. Yazmaq mənasında əksinə - aclıq hiss edirəm.

Bəzən işlərin çoxluğu, yorğunluq buna mane olur. Hətta yaza bilmədiyimə görə əsəbi olduğum vaxtlar da olur. Tezliklə yeni irihəcmli əsərə başlamaq niyyətim olmasa da, nə yazacağımı bilirəm. Sadəcə xeyli material oxumaq, qeyd götürmək, hardan başlayıb harda qurtaracağını planlaşdırmaq lazımdır. Hərdən arzulayıram ki, minumum tələbatları başqa yerdən ödəmək imkanım olsun, işləməyim, bir hücrəyə çəkilib yazı-pozu ilə məşğul olum, daha çox oxuyum, film izləyim, səyahətə çıxım. Bir sözlə, əsl yazıçı həyatı yaşayım. Bizim həyat tərzimiz yazıçılıq üçün yaramır.

- Ümumiyyətlə, sizcə, yazıçı fasilə verməlidirmi əsərləri, yaxud kitabları arasında?

- Qrafoman adamlar üçün bunun elə bir ciddi əhəmiyyəti yoxdur. Amma ciddi işlə məşğulsansa, oxumağa, araşdırmağa vaxt tapmalısan. İndi oxucunu romantik-sentimental sevgi romanları ilə aldatmaq olmur. Ciddi mətləblərdən xəbər verən, informasiyanın bol olduğu mətnləri oxumaq istəyirlər. Məsələn, əvvəllər fikirləşirdim ki, altı aya roman yazmaq olar, amma görünür, yanılmışam. Əgər söhbət ədəbiyyata iş kimi baxan ciddi adamdan gedirsə, yəni “sezon” yazıçısı deyilsənsə, məncə, roman yazmaq üçün ən ideal müddət üç ildir.

- Sürətli yazmaqdan söz düşmüşkən qeyd edim ki, son zamanlar ədəbi müsabiqələrin sayı artıb. Bu müsabiqələr gənc, elə orta və yaşlı nəsil yazarlarını da sürətli işləməyə sövq edir. Onlar tələsik yazdığını roman, ya da kitab halında tamamlamağa meyl edirlər. Bir növ müsabiqə ədəbiyyatı formalaşmağa başlayır. Buna münasibətini bilmək istərdim...

- Düşünürəm, buna müsabiqə ədəbiyyatı adını vermək yanlış olardı. On il əvvəl müsabiqələr yox idi, ədəbi mühiti ətalət basırdı, adamlar ruhdan düşürdü. İndi vəziyyət bir az fərqlidir. Müsabiqələrin sayı artıb, gənc yazarlar özlərini sınayırlar, potensiallarını yoxlaya bilirlər. Üstəgəl, az-çox maddi təminatları olur. İkincisi, bir adam müsabiqə üçün əsər yazırsa, bunu nəyi pisdir? İnsanın potensialı, istedadı varsa, müsabiqə üçün yox, lap qızla tanış olmaq üçün yazsa da yaxşı alınacaq.
Ədəbi Azadlıq Müsabiqəsinin prizləri
Ədəbi Azadlıq Müsabiqəsinin prizləri

Ölkənin əsas yazıçılar təşkilatı öz işini yarıtmazlıq üstündə qurubsa, ədəbi gündəmdən geridə qalırsa, qırxıncı dərəcəli şair-yazıçı ordusuna mükafat paylayırsa, deməli sağlam düşünməyi bacaran insanlar ortalığa çıxıb müsabiqələr təşkil etməli, gündəmi müəyyən məcraya yönəltməlidir. Bu gün “Oxuzali.az”, “Kulis.az”, “Publika.az” saytları yer verdikləri ədəbi mətnlərə görə AYB-nin funksiyasını yerinə yetirirlər.

- Sizcə, ədalətli müsabiqə necə olmalıdı?

- Bunun bircə formulu var: niyyət təmizliyi! Təşkilatçı iş görmək, quş qoymaq, plan yerinə yetirmək xətrinə müsabiqə keçirirsə, deməli, orda üzgörənlikdən, saxtakarlıqdan söhbət gedə bilər. Yox, niyyəti vicdanlı ədəbiyyat işi görməkdirsə, başqa məsələ, onda yeni imzalar da ortalığa çıxacaq, ədəbiyyat da qazanacaq.

- Siz Milli Kitab Mükafatının “onluğ”una düşmədiniz. Hər halda soruşmaq maraqlı olar, mükafatın qaliblərinin sıralamasını necə görürsüz?

- Milli Kitab Mükafatının onluq siyahısındakı əsərlərdən cəmi dördünü oxumuşam. Yerdə qalanlarını oxumasam da, müəlliflərinin potensialına yaxşı bələdəm və əksərinin normal mətn ortalığa qoyacağına inanmıram. Gözləyək, görək necə olur.

- Sizin çalışdığınız “Azadlıq radiosu” da ədəbiyyat müsabiqəsi keçirir. Siz digər müsabiqələri, onlar da sizi ədalətsiz adlandıra bilər…

- “Azadlıq” radiosunun keçirdiyi “Ədəbi azadlıq” müsabiqəsi sağlam tənqidlərə həmişə açıqdır, kimin təklifi varsa, buyurub yaza bilər. O ki qaldı tənqid məsələsinə, bu hər kəsin söz haqqıdır və sayğımız, hörmətimiz var. Əsas odur, gördüyüm iş reaksiya doğurur, müzakirə olunur. Bircə şeyi dəqiq bilirəm ki, bu işdə niyyət təmizdir, kimsə filan kəsə yer verin deyə, eyham da vura bilməz, nəinki hansısa üsullarla tapşırmaqdan söhbət getsin. Və bunu hər kəsə sübut etməyə hazıram.

Əlbəttə, bizdən narazılar da olub, yazılı və şifahi şəkildə etirazlarını bildiriblər. Düşünürəm, bizim də işimiz ideal ola bilməz, subyektivlik bütün müsabiqələrdə var. İş olan yerdə söz-söhbət də olmalıdır. Bu ilki müsabiqənin şeir onluğu elan olunub və məlum oldu ki, çoxunun tanımadığı, üzdə olmayan, hər gün zəvzək “Facebook” statusları yazmayan, qruplaşmalarda olmayan nə qədər istedadlı yazar varmış.
Mən ədəbi mühitə yaxşı bələdəm, hekayə müsabiqəsinin 20-lik siyahısı açıqlananda məlum oldu ki, adını eşitmədiyim yazarlar münsiflərdən yaxşı bal alıblar.

- Ənənəvi bir-iki sual da verim. Ədəbiyyatı işdən fasilə tapıb dərindən izləyə bilirsinizmi? Baxmayaraq, demək olar, bu mühitin içindəsiniz.

- Gündəlik mətbuatda nə çıxırsa, oxumağa çalışıram. Daha çox köşə yazarının enən xətt üzrə getməsi məni narahat edir. Konveyer üsulu ilə yazırlar, sanki yazı istehsal etməyi boyunlarına götürüblər. Bir tərəfdən də, bu cür fikirlərə görə özümü günahkar görürəm. İndi bizim yazıçılar çətin dolanırlar, daha doğrusu, günlərini güclə keçirirlər. Aldıqları qonorar minumum ehtiyaclarını ödəmək üçün kömək edir. Ona görə, necə deyərlər, çörəkpulu xətrinə çox dərinə getməmək olar.

- Bəs ədəbi dostlarınız kimlərdir? Ümumiyyətlə ədəbi dostluq varmı?

- Özümə dost və bir köynək yaxın bildiyim insanlar var: Seyfəddin Hüseynli, Qismət, Qan Turalı, Mirmehdi Ağaoğlu, Etimad Başkeçid və başqaları... Bu adamların yanında özümü çox rahat hiss edirəm və hər birindən öyrənəcəyim xeyli şeylər var.

Könül Səid
XS
SM
MD
LG