Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:56

Azərbaycanın adı Britaniyanın parlament qalmaqalında


Britaniya parlamenti
Britaniya parlamenti
-

Ötən həftəsonu Britaniyanı yeni bir siyasi qalmaqal bürüdü – BBC-nin «Panorama» proqramı və «The Daily Telegraph» qəzeti Mühafizəkarlar Partiyasından millət vəkili Patrick Mercer-in qanunsuz lobbiçilik fəaliyyətini ifşa etdi. Daha doğrusu, Patrick Mercer-in özü medianın tələsinə düşdü.

«Qanunsuz lobbiçilik» hüquq müstəvisində rüşvət almaq anlamına gəldiyindən cinayət əməli sayılır.

Britaniya parlamentinin üzvləri parlamentdənkənar işlərə görə aldıqları pul barədə hesabat verərsə, lobbiçiliklə məşğul ola bilərlər. Əks halda yox.

FİCİ TƏLƏSİ

Öncə tələnin özü barədə. Qondarma məsləhət şirkəti «The Daily Telegraph» və «Panorama» proqramının planına uyğun olaraq Patrick Mercer-ə üz tutaraq, ona Ficinin maraqlarını təmsil etdiyini bildirib.

Saxta şirkətin nümayəndələri məqsədlərinin Ficini Britaniya Birliyi Təşkilatına qaytarmaq olduğunu söyləyiblər.

Xatırlatmaq yerinə düşər ki, Fici 2009-cu ildə insan haqlarını kobud şəkildə pozduğuna görə Birlikdən xaric edilib.

Əsasən Britaniyanın keçmiş müstəmləkələrindən ibarət olan Birlik üzv ölkələrə «Dumanlı Albion»la iqtisadi münasibətlərdə gözəçarpan biznes güzəştləri verir. Bu üzvlük həm də Avropa Birliyi ölkələrinə çıxış deməkdir. Bütün bunlara görə, qurama şirkətin təklifi Patrick Mercer-ə tamamilə inandırıcı görünüb və o, bu «şirkət»lə ayı 2000 funt-sterlinqdən müqavilə bağlayıb. Proses BBC-nin gizli kameraları ilə görüntülənib.
Belə iddia olunur ki, 4 min funt-sterlinq alandan sonra Mercer Fici barədə parlament yığıncaqlarında veriləcək 5 sual hazırlayıb.

Bu qanunsuz əməl Britaniyanın siyasi sözlüyündə «pul müqabilində sual» adlanır və indiyədək bir çox tamahkar millət vəkilinin başını yeyib.

Bu suallardan birində deyilir ki, «Ficinin Birlikdən xaric edilməsini əsaslandırmaq mümkün deyil». Başqa sözlə, Fici Birlikdən əsassız çıxarılıb.

Bu da iddia edilir ki, Patrick Mercer saxta şirkətin elçilərinə parlamentdə Ficiyə dair Parlament Partiyaları Qrupu (All Party Parlament Group) yaratmağı vəd edib.

YENƏ DƏ HANCOCK

Belə bir qrupun yaradılması üçün Mercer Fici məsələsinə başqa millət vəkillərinin də diqqətini çəkməli idi. Bu məqsədlə millət vəkilləri, adətən, parlament üzvlərinə müraciət hazırlayırlar.

Mercer-in müraciətinə məşhur millət vəkili, Liberal Demokrat Partiyasının üzvü Mike Hancock-un və daha dörd millət vəkilinin imza atdığı iddia olunur.

Söhbət Azərbaycan hökumətinin AŞPA-da ən qızğın lobbiçisi kimi tanınan və dəfələrlə Bakıya pulu ödənilmiş əyləncə səfərlərinə gələn Mike Hancock-dan gedir. Həmin Hancock-dan ki sonradan Rusiya casusu kimi Britaniyadan deportasiya olunmuş Katya Zatiliveteri özünə köməkçi götürmüşdü.

Mercer məsələsi qalmaqala çevriləndən sonra Hancock onunla hər hansı əlaqəsini danaraq deyib ki, Fici məsələsində, sadəcə, vətənpərvər kimi düşünür.

O söyləyib ki, Britaniya ordusunda çox sayda ficili əsgər olduğuna görə, Ficinin Birlik üzvlüyünə bərpasını istəyir.

Müraciətə imza atdığı iddia edilən digər dörd millət vəkili də Mercer-lə hər hansı bağlantılarını danırlar.

Mercer qalmaqalı diqqəti yenidən Britaniya parlamentində mövcud olan parlament partiyaları qruplarının fəaliyyətinə cəlb edib.

David Cameron
David Cameron
Baş nazir David Cameron seçki kampaniyasında bu qruplardan bəzilərinin üzdəniraq lobbiçilik fəaliyyəti barədə ölçü götürəcəyini vəd etmişdi.

Britaniya parlament üzvlərini birləşdirən bu qruplar müxtəlif maraqların təmsilçisi sayılırlar. Məsələn, səhiyyənin, ekologiyanın və s.-nin.

Bundan başqa müxtəlif ölkələrin maraqlarına lobbiçilik edən 90 qrup da var. Bu sayda qrup dünyanın yarısı deməkdir və bu yarıya Azərbaycan da daxildir.

«EKZOTİK» AZƏRBAYCANA MÜFTƏ SƏFƏRLƏR

BBC-nin görüntülədiyi gizli söhbətdə Mercer lovğalanır ki, parlament qrupları boş şeydir, millət vəkillərini belə qruplara «ekzotik» yerlərə səfər etmək marağı çəkir.

Burda qeyd etmək yerinə düşər ki, parlamentdəki bütün partiya üzvlərinə açıq olan belə qruplara millət vəkillərindən biri sədrlik edir.

Mətbuat yazır ki, bu qrupların qanunvericilik səlahiyyəti olmasa da, onun üzvləri mandatları bitəndən sonra da qurduqları əlaqələr hesabına biznes mənasında xeyli irəli düşə bilərlər.

«The Daily Telegraph» yazır ki, hazırda parlament partiyaları qruplarında təmsil olunan 60 deputat müxtəlif ölkələrə «havayı» səfər edib.

Bu deputatlara səfərlər üçün üçüncü tərəf, yəni maraqlı tərəf bir ildə 175 min funt-sterlinq ödəyib.

Qəzet yazır ki, özlüyündə belə səfərlərdə heç bir cinayət yoxdur, amma lobbiçiliyə görə xarici hökumətlərdən alınan və şəxsi mənfəət güdülən maddi vəsaitlər sual doğurur.
Məsələn, maraq qeydiyyatı kitabçasına düşmüş mühafizəkar millət vəkili Chris Pincher Azərbaycana 4 günlük səfər üçün qərargahı Londonda olan Avropa-Azərbaycan Cəmiyyətindən 2 min 975 funt- sterlinq alıb.

Qəzet yazır ki, AAC Britaniya parlamentindəki lobbi qrupu üçün katiblik rolunu oynayır.
Qeydiyyat kitabçasına əsasən, cənab Pincher Azərbaycana ötən ilin iyulunda Britaniya parlamentindəki Azərbaycan qrupunun üzvü kimi səfər edib.

Qrupun katibi olan mühafizəkar millət vəkili Bob Blackman, leyborist millət vəkili Stephen Hepburn da həmin səfərə qatılsalar da, maraqların qeydiyyatı kitabçasında Azərbaycana qrup üzvləri kimi səfər etdiklərini göstərmirlər.

«The Daily Telegraph» yazır ki, millət vəkillərinin belə səfərlərində heç bir qəbahət yoxdur, amma bu səfərlərin qeydiyyatı məsələsində kifayət qədər uyğunsuzluqlar mövcuddur.

Məqalədə deyilir ki, Avropa-Azərbaycan Cəmiyyəti parlament qrupunun üzvü olmayan daha 7 millət vəkili üçün səfərlər təşkil edib.

Bu da xəbər verilir ki, məsələn, cəmiyyət ötən may ayında keçirilən Vindzor Kral Atçılıq Yarmarkasında leyborist millət vəkili Fiona Mactaggart-a böyük qonaqlıq verib.

ÖMÜRLƏRİNDƏ ÇƏKMƏDİKLƏRİ KEF

BBC-nin loqosu
BBC-nin loqosu
BBC ə «The Daily Telegraph» qəzetinin qurduğu «Fici tələsi»nə Lordlar Palatasının üzvü lord Laird də üşüb. Guya Ficinin maraqlarını təmsil edən lobbiçilər kömək üçün ona da üz tutublar.

BBC-nin gizli çəkdiyi süjetdə baron təklif edir ki, həmkarlarını Ficiyə səfər təklifi ilə «rüşvətləmək» olar – «Elə bir səfər ki, onlar ömürlərində belə kef çəkməyiblər».

Mətbuat yazır ki, cənab Laird də ayda 2 min funt-sterlinq müqabilində parlamentdə Fici lobbisinin döşünəyatan sualları verməyə hazır olduğunu bildirib.

Qəzet yazır ki, özlərini Ficinin Dostları Cəmiyyətinin üzvləri kimi təqdim edən saxta elçilər barondan Britaniya parlamentində Fici üçün parlament partiyaları qrupunun yaradılmasında kömək istəyiblər.

Lord Laird deyib ki, belə qruplar xeyirsiz bir şeydir, amma müştəri bunu istəyirsə, təşkil etmək mümkündür.

Bunun ardınca lord şərt qoyur ki, elçilər gələcəkdə bu qrupun üzvləri üçün Ficiyə elə bir səfər təşkil etməlidirlər ki, onlar ömürlərində belə kef görməyiblər.

Bununla belə, Britaniya mətbuatı qeyd edir ki, lord razılaşdırılmış məbləği almayıb.

«The Daily Telegraph» yazır ki, 69 yaşlı baron parlamentin ən «bədxərc» üzvlərindən biri sayılır.

O, təkcə 2008-2009-cu illərdə millət vəkili kimi fəaliyyət xərcləri üçün dövlətdən 73 min funt-sterlinq alıb.

Onun parlamentdə verdiyi sualların təmənnalı olub-olmadığı bilinmir, lakin bilinən budur ki, bir ildə 701 sualı verməsi ilə özü də qürrələnib.

Qəzet yazır ki, lord Laird kürdlər üçün kampaniya aparıb və… Britaniya parlamentindəki Azərbaycan qrupunun sədridir. Cənab Laird həm də Avropa-Azərbaycan Cəmiyyəti Məşvərət Şurasının rəhbəridir.

Baron öz internet saytında yazır ki, AAC-nin məşvərət şurasının sədri kimi vəzifəsi ictimai məsələlərdə məsləhət verməkdir.

Onun Avropa-Azərbaycan Cəmiyyətinə hansı məsləhətləri verdiyi bilinmir, ancaq alınan son xəbərlərdə deyilir ki, Olster Yunionistləri onu bu qalmaqalla əlaqədar öz təmsilçiliklərindən çıxarmağı məsləhət biliblər.
XS
SM
MD
LG