Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 19:34

Bakıda «Çex süleyman daşı» adlı sərgi açılıb


-
Milli Azərbaycan Tarixi Muzeyində «Çex süleyman daşı» adlı sərgi açılıb.
Xəbəri muzeyin saytı yayıb.

Çexiya Respublikası Milli Muzeyinin kolleksiyalarından toplanmış nadir zərgərlik nümunəsi olan 160 eksponat XIV-XX əsr Çexiya zərgərlərinin yüksək peşəkarlığını, zövqünü əyani nümayiş etdirir.

Xəbərdə süleyman daşının emal tarixindən də söz açılır.

Bildirilir ki, daş-qaşları cilalayan ustalar cilalama emalatxanalarında çalışırdılar.
Onlar Çexiyaya Almaniyadan gəlirdilər. Klaudius Kroyts çex qranatlarının lövhəcik (faset) şəklində cilalanması prosesini mükəmməlləşdirmiş və rəngli şüşədən daş-qaşların imitasiyasının yaradılması üzrə təcrübə keçirmişdir.

Kral İkinci Rudolf Praqa şəhərində Kunstkamera adlanan əl işlərindən böyük toplu yığmış və bunun üçün xeyli zərgər saxlayırmış.

Burada italiyalı Miseroni və Qastruççi zərgər ailələrinin cilalama ustaları və qliptikləri çalışıb.

Çex süleyman daşı ilə qab-qacaq, zinət əşyaları və paltarlar bəzədilirdi.

Sərgidə «Zbraslav madonnasının ikonası» adı ilə məlum olan çex süleyman daşı və büllurla bəzədilmiş eksponat nümayiş olunur.

Məşhur ikona Pşemıslov kral sülaləsinin Zbraslav u Prahi ərazisində yerləşən nekropolundakı məbəd üçün 1350-ci ildə hazırlanıb.

1660-cı ildə zərgər Dionis Miseroninin ailəsi tərəfindən bu ikona yenidən işlənib, onun üzərində çex süleyman daşı və büllurdan bəzək elementləri əlavə olunub.
Xəbərdə Çex süleyman daşı aşkarlanmış digər məşhur xəzinələrdən də söz açılıb.
1953-cü ildə Çexiyanın «Sezavı-Bluçina u Brna» adlı yerində V əsrə aid məzar tapılıb. Məzar V əsrin ikinci yarısında diplomatik səyahət zamanı qətlə yetirilmiş zadəgana məxsus olub.

Silahların və libasın qızılla bəzədilmiş hissələrində çex süleyman daşı bərkidilibmiş.
Belçikada 1653-cü ildə vəfat etmiş frank kralı Birinci Xilderikin məzarında daş-qaşla bəzədilmiş silah və libaslar tapılıb.

Xəncərlərin üzərində pardaqlanmış Çex süleyman daşı istifadə edilibmiş.
Təəssüf ki, tapılan xəzinə, demək olar ki, sonradan məhv edilib.

Maraqlı sərgi sentyabrın 25-dək davam edəcək.
XS
SM
MD
LG