Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 19:50

Tofiq Kazımovun 90 illik yubileyi qeyd edilib


Tofiq Kazımov (1923-1980)
Tofiq Kazımov (1923-1980)
-
İyunun 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rejissor, Xalq Artisti, Dövlət mükafatları laureatı Tofiq Kazımovun 90 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı bilgiyə görə, gecədə dövlət və hökumət nümayəndələri, tanınmış elm, mədəniyyət, incəsənət xadimləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Tofiq Kazımovun ömür yolundan bəhs edən fotosərgi ilə tanış olublar.

Yubiley gecəsində sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, Xalq Artisti Amaliya Pənahova və başqaları çıxış edərək T.Kazımovun ömür yolundan və zəngin yaradıcılıq axtarışlarından söz açıblar.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilovun «Tofiq Kazımovun rejissor dərsləri» kitabının və T.Kazımovun 90 illik yubileyinə həsr olunmuş DVD diskin təqdimatı olub.

Gecədə görkəmli rejissorun quruluş verdiyi tamaşalardan parçalar nümayiş olunub.

Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması bu rejissorun adı ilə bağlıdır.

«HƏPSİ RƏNGİDİR» DEYƏN ŞAİR SƏMƏD MƏNSURUN OĞLU İDİ

Tofiq Kazımov 1923-cü il yanvarın 14-də şair Səməd Mənsurun ailəsində doğulub. Səməd Mənsur o dövrdə Bakının bir sıra mədəni-maarif cəmiyyətlərinin, teatr truppalarının rəhbərlərindən olub:

Uyma ey dil, xəlqdə yoxdur sədaqət, rəngidir,
Məscidü-meyxanə rəng, eyşü-ibadət rəngidir.
Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngidir,
Rəngdir hər dürlü matəm, hər məsərrət rəngidir.
Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngidir...

İkinci Dünya Savaşına qatılan T.Kazımov 1943-cü ildə yaralanaraq ordu sıralarından tərxis edilib və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb.

Bir sıra yaddaqalan obrazlar yaradan sənətkar 1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alıb.

Tofiq Kazımov uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor çalışıb. Şekspirin «Antoni və Kleopatra», «Hamlet», «Fırtına», İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Bağlardan gələn səs», Cəlil Məmmədquluzadənin «Ölülər», Şıxəli Qurbanovun «Sənsiz» əsərlərinə və başqa tamaşalara quruluş verib.

TƏLƏBƏLƏRİN GÖZÜNÜ AÇDI

Tofiq müəllim Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. İndi adları teatr tarixinə düşmüş adlı-sanlı sənətkarlar Tofiq müəllimin, onun teatr məktəbinin yetirməsi sayılır.

Vaxtilə AzadlıqRadiosunun «İz» proqramının qonağı olan mərhum rejissor Vaqif İbrahimoğlu da müəllimi haqqında sonsuz sevgi-sayğı ilə danışır, «Mənim gözümü açan müəllimim dahi rejissor Tofiq Kazımov olub» – deyirdi.

AKTYORLAR MAHNI OXUMAĞA BAŞLADI

Müasirlərinin dediyinə görə, onun içində sovet quruluşuna, sistemə, ideoloji riyakarlığa, sözlə əməl arasındakı uçuruma patoloji bir nifrət varmış.

Bəlkə də, bu üzdən Tofiq Kazımov yenilikçi rejissor olub. O, teatrda köhnəlmiş, qəlibləşmiş ənənələri sındıra bilib.

Teatra gənc istedadlar toplayıb. Onun tamaşalarında aktyorlar obraz üçün yazılmış mahnıları özləri oxumağa başlayıb.

70-ci illərdə Amaliya Pənahovanın «Unuda bilmirəm», «Mahnı dağlarda qaldı» və s. tamaşalarda oxuduğu mahnılar çox yayılmışdı.

OBRAZLAR ÖZ YAŞLARINDA TƏQDİM OLUNDU

Tofiq Kazımov teatrlarda kök salmış «böyük yaş» problemini də çözə bildi.

«Sən həmişə mənimləsən» tamaşasında 18 yaşlı Amaliya xanım – Nargilə, «Ölülər»də 28 yaşlı Həsənağa Turabov – Kefli İskəndər göründü...

Tofiq müəllim rejissorluqla yanaşı, bir sıra sənətkarlar barədə monoqrafiyalar da yazıb, mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib.

PYESLƏR YAZDI

Tanınmış şairin oğlu olan T.Kazımov yaradıcı insan idi. «Çağırış», «İşıqlı yollarda», «Şəfəq», «Qoçaq Polad» və digər pyeslərin müəllifi kimi tanınırdı.

Tofiq Kazımov yaradıcılığının müdriklik çağında – 1980-ci ildə cəmi 57 yaşında avtomobil qəzasında həyata göz yumdu.

Vaqif İbrahimoğlunun dediyinə görə, onun ölümü ilə Azərbaycan teatr sənətində rejissor qıtlığı, yaradıcı insan böhranı yaşandı:

«Zarafat deyil, birdən-birə Azərbaycan teatrı üç böyük rejissorunu itirdi – Tofiq Kazımov, Mehdi Məmmədov və Nəsir Sadıqzadə...».

HÜQUQA MALİK OLUR MİLLƏT, GÜLÜR VƏTƏNİM...

Bir vaxtlar mollanəsrəddinçi şair, başı bəlalar çəkən, cəmi 48 yaşında faciəvi şəkildə dünyadan köçən Səməd Mənsur oğlu Əhmədə—Tofiqin qardaşına üz tutub yazırdı:

Bizim də ölkədə, Əhməd, gələr bir öylə zaman,
Hüquqa malik olur millət, gülür vətənim...
O gün məzarıma qoş! Sanma bir ovuc xakim,
O gün vürdunu gözlər o xaki qəmnakim.

Səməd Mənsurun məzarı hələ də gözləyir...

Oğlu—Tofiq Kazımovun məzarı isə Fəxri Xiyabandadır.

Ruhları şad olsun!

P.S. Tofiq Kazımov həm də, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin qayınatası olub.
XS
SM
MD
LG