Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:52

Mehriban Əliyevanın namizədlik müəmması


Mehriban Əliyeva və İlham Əliyev
Mehriban Əliyeva və İlham Əliyev
-
Ötən həftəsonu yayılan bir xəbər bəzilərinə qeyri-ciddi təsir bağışlasa da, bir çoxlarını gözlənilən ssenarinin başlamasına inandırdı. İyunun 22-də Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) adından yayılan videoda çıxışçılar Birinci Ledi Mehriban Əliyevanın prezidentliyə namizədliyinə dəstək bildirdilər. Ancaq elə həmin gün partiya rəsmiləri bu təklifdə bulunanların «onlardan sayılmadığını» deyərək, tək namizədlərinin İlham Əliyev olduğunu vurğuladılar.

SÖYÜN SADIQOV?

İyunun 25-də DADP sədri Fatma Əliyeva «onlardan sayılmayanların» – təşkilatlarından qovulanların əməllərinin partiyanı nüfuzdan salmağa hesablandığını söylədi. O, həmin şəxslərin saxta möhürdən yararlandıqlarını bildirdi:

«Məsələni bilməyən insanlar Sevda Qələndərova və digər qovulanları bizim partiya kimi qəbul edirlər. Xarici ölkənin vətəndaşı olduğu üçün partiya sıralarından uzaqlaşdırılan o qadını Söyün Sadıqov maliyyələşdirir. Gürcüstan vətəndaşının partiya üzvlü olmasına necə razı ola bilərdik?».

Bir neçə gün əvvəl Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin keçmiş prezidenti Söyün Sadıqov bir müsahibəsində hakimiyyətdaxili qruplaşmalardan söz açdı və... Mehriban Əliyevadan da bəhs etdi:

«...Xalqın gözündə Mehriban Əliyevanın şəxsiyyəti ərindən çox populyardır. Digər tərəfdən siyasi olimpdə Milli Şura tərəfindən namizədliyi irəli sürülmüş Rüstəm İbrahimbəyov kimi görkəmli şəxsiyyət də vardır. Rüstəm İbrahimbəyov konkret qabiliyyətli fiqurdur. Hansı ki, öz ətrafında çox müxtəlif insanları birləşdirmək qabiliyyətinə malikdir».

Söyün Sadıqov
Söyün Sadıqov
İxtisasca həkim olan Mehriban Əliyeva 2005-ci və 2010-cu illərdə Milli Məclisin deputatı seçilib. Təzəlikcə həm də YAP sədrinin müavinidir. Heydər Əliyev Fondunun və Azərbaycan Gimnastika Federasiyasının prezidenti, UNESCO və ISESCO-nun «xoşməramlı səfiri»dir.

YAP yetkililəri hakim partiyadan prezidentliyə namizədi olduğu halda başqa bir namizədin irəli sürülməsini yolverilməz sayıblar. Axı YAP iyunun 7-də keçirilən qurultayında indiki prezident İlham Əliyevi daha beş il prezident görmək istədiyini açıqlayıb. Ancaq elə həmin qurultayda Mehriban Əliyevanın sədr müavini seçildiyini vurğulayan bəzi təhlilçilər Birinci Lediyə prezidentlik yolunun açılmasının da hədəf götürüldüyünü deyirdilər.

«WIKILEAKS»DƏ YAZILANLAR

Mehriban Əliyevanın Birinci Ledi statusunu prezidentliyə dəyişə biləcəyi təzə söhbət deyil. Hələ 2010-cu ildə ABŞ-ın Azərbaycandakı səfiri Ann Derse-nin adından 2008-ci ildə göndərildiyi iddia edilən və «Wikileaks»ə istinadla mediada açıqlanan teleqramda deyilirdi:

«2007-ci ildə media iddia edirdi ki, «yeni» hökumətyönlü partiya – Demokratik Azərbaycan Dünyası Partiyası 2013-cü ildə Birinci Ledi Mehriban Əliyevanın prezidentliyə namizədliyini dəstəkləmək üçün yaradılıb. Bu da Əliyevanın hakim Yeni Azərbaycan Partiyasına qarşı hərəkətə keçdiyi barədə şayiələrə yol açıb. Həm YAP, həm də DADP deyilənləri «mənasız söz-söhbət» adlandıraraq, bunlara görə müxalifəti günahlandırıb.
İlham Əliyev və Mehriban Əliyeva Avstriyada - 13 may 2013
İlham Əliyev və Mehriban Əliyeva Avstriyada - 13 may 2013
Digər partiya rəhbərləri də Birinci Ledinin məsələyə aidiyyəti olmasına şübhəylə yanaşıb. Onlar inanırlar ki, hakim elita içərisində kimsə bu partiyanı dəstəkləyə bilər və məqsəd hazırkı hökumət iflasa uğrayacağı halda ehtiyat plana malik olmaqdır».

Teleqramda daha sonra deyilir:

«Əliyevanın siyasi ambisiyaları barədə ictimai hay-küy Azərbaycanda hakimiyyətin hazırkı ənənəvi «Naxçıvan» və «yeraz» klanlarına əsaslanan siyasətdən yeni – Bakıtəməlli düzənə keçdiyini göstərir. Sonuncu düzən pul və kommersiya maraqlarına köklənir və burada Birinci Ledinin ailəsi üstün görünür».

DADP-nı 1992-ci ildə, vaxtilə Xalq Cəbhəsi Partiyasından istefa vermiş Məmməd Əlizadə yaradıb. «Wikileaks» teleqramında siyasi baxımdan fəal olmadığına görə Birinci Xanımım siyasi ambisiyalarını həyata keçirmək üçün bu partiyanın vasitə ola biləcəyinə inamsızlıq bildirilib:

«Adi məntiqlə Əliyevanın 2013-cü ildə prezidentliyə namizədliyini verəcəyini düşünmək olar, ancaq o, ərinin siyasətini çox dəstəkləyir və onun hakimiyyətinə və siyasətinə hansısa müxalif mövqedə duracağı ağlabatan görünmür... Biz də, Bakıdakı digər siyasi müşahidəçilər kimi, inanırıq ki, hakimiyyət klana əsaslanan sistemdən pul və kommersiya maraqlarına köklənən yeni Bakıtəməlli sistemə keçir. Yəqin «Mehribanın partiyası» şayiələrinin arxasında vaxtilə çox güclü klanlar durur. Onlar Bakıtəməlli yeni elitada parçalanma yaratmaqla yenidən hakimiyyətə və vəzifəyə yiyələnməyə çalışırlar. Hakim elitanın rəqiblərə hücum üçün mətbuatdan vaxtaşırı yararlandığını nəzərə alsaq, «Mehribanın partiyası» sayaq şayiələrin getdikcə artacağını görə bilərik. Ancaq əsl hakimiyyət dəyişikliyi hakim YAP daxilində baş verəcək».
Zəfər Quliyev
Zəfər Quliyev

RAZILAŞDIRILMIŞ TƏŞƏBBÜS

Xatırladaq ki, 2009-cu ildə prezident seçilmək limiti ləğv olunanda, bəzi müşahidəçilər bunun İlham Əliyevi prezident görmək istəyən qruplaşmanın dəstəyi ilə həyata keçirildiyini bildirirdi.

Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev bir neçə nəfərin Mehriban Əliyevanın namizədliyini ortaya atmasını təsadüf yox, hakimiyyətin hansısa bir qoluyla razılaşdırılmış təşəbbüs sayır. Onun fikrincə, hakim partiya nümayəndələrinin bu məlumatları əsassız adlandırması hakimiyyətin artıq yekdil olmamasından xəbər verir. «Paşayevlərlə Əliyevlər», yaxud regional baxımdan «Naxçıvan klanı» ilə «Bakı-Şirvan klanı» arasında rəqabətin gücləndiyini düşünən politoloq bir məqama da diqqət çəkir:

«Yeni Azərbaycan Partiyasının qurultayından sonra bəlli olan bu ehtiyat variantını sanki ictimai rəydə sınaqdan keçirmək istəyirlər. Yəni, ictimai rəy və hakimiyyətin özündə rəy necə olacaq?».

Seçkiöncəsi baş verən bu prosesləri hakimiyyət üçün narahatlıq simptomu sayan politoloq 2008-ci ildə Mehriban Əliyevanın namizədlik söhbətinin ortaya atılmasını da «gələcəyə hesablanmış addım» adlandırır:

«O dövrdə bu təşəbbüsün qarşısı alındı. Ola bilsin, ailə, ya da iqtidar daxilində. Ancaq o dövrdən bəri Mehriban Əliyeva və Paşayevlər çox güclənib. İqtisadi, maliyyə, təsir imkanları baxımından həddən artıq gücləniblər. Ona görə, məncə, növbəti cəhd göstərilir. Ola bilsin, yenə qarşısı alınacaq, ancaq indi durum bir az fərqlidir».

Zəfər Quliyevin fikrincə, fərq cəmiyyətin münasibətində, Azərbaycana kənar münasibətdə, hakimiyyətin əvvəlki kimi güclü olmamasında, müxalifətin birləşməsindədir.

SEÇKİ TEXNOLOGİYASI

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
Politoloq Zərdüşt Əlizadə olub-bitənləri hakimiyyətini siyasi seçki texnologiyası sayır:

– Əhalini, ola bilsin, ehtimal edilən prezidentliyə öyrəşdirmək üçün Mehriban Əliyevanın adını ortaya atırlar ki, o da ölkə başçısı olmağa iddialı şəxsdir.

– 2008-ci ildə səslənən fikirlərə görə, bu məlumatların arxasında hakimiyyətdaxili klanlar dururdu. Sizcə, belədir, yoxsa bənzər fikirlər də hakimiyyətin ümumi strategiyasından irəli gəlir?

– Tayfa birdir – naxçıvanlı-ermənistanlı tayfasıdır. Bu – Əliyev klanıdır. Bu klan daxilində kimin olmasının heç bir əhəmiyyəti yoxdur. Onlar davam etsələr, hakimiyyət yenə klan və tayfada qalacaq.

Zərdüşt Əlizadənin fikrincə, Mehriban Əliyevanın prezident olacağı halda da heç nə dəyişən deyil. Bu, ancaq sülalənin qorunub saxlanmasına xidmət edəcək və Azərbaycanın dövlət mülkiyyətinin bir əldə cəmləşdirilməsi prosesi sürəcək.

CANAYAXIN İMİC?

Mehriban Əliyeva qızları ilə birgə tez-tez beynəlxalq mədəni tədbirdə görünür, Heydər Əliyev Fondunun xəttiylə sərgilər təşkil edir. Fond Pakistanda məktəb tikdirib, Strasburqda bir kilsənin bərpasına vəsait ayırıb və s. və i.a. Ancaq bu xeyriyyəçilik fəaliyyəti beynəlxalq mediada avtoritar rejimə demokratik, sivil, canayaxın və xeyriyyəçi imici qazandırmaq cəhdi kimi də yozulub. AzadlıqRadiosunun araşdırmalarında isə dövlət büdcəsindən maliyyələşən layihələri Mehriban Əliyevaya yaxın şirkətin həyata keçirdiyi üzə çıxıb.
XS
SM
MD
LG