Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:37

Günel Mövlud. İnsan, Bayraq və Döşlər...


Günel Mövlud
Günel Mövlud
-

Bayraq da dəyərlidi. İnsan da. İki qadın döşündən isə hələ heç vaxt, heç kimə zərər gəlməyib.


Günel Mövlud


İNSAN, BAYRAQ VƏ DÖŞLƏR


İki-üç gündü ölkə gündəmini zəbt edən məsələlərdən biri də mühacirətdə yaşayan rokçu Camal Əlinin Azərbaycan bayrağını təhrif etməsidir.

Mən məhz təhrif deyirəm, çünki bayrağın üstündə ay-ulduzu qadın döşü ilə əvəz eləməyi təhqir kimi qəbul eləmirəm.

Bir çox dövlətlərin bayraqlarında müxtəlif heyvan, hətta ən təhqiramiz heyvan kimi qəbul olunan (niyə, bilmirəm) eşşək şəkli var və heç kim buna nə gülmür, nə də özünə təhqir kimi qəbul eləmir.

Camalın addımını özünə, öz dəyərlərinə təhqir kimi qəbul edənlər barədə isə yazının ikinci hissəsində danışacam, amma hələ ki biz mühacirətdə yaşayan rokçumuza köklənək.

Ölkə prezidentinin özünün də, xanımının da prezidentliyə namizədliyi xəbərindən sonra bu yaradıcı adam götürüb, Azərbaycan bayrağının üstünə qadın döşünün şəklini yapışdıraraq paylaşdı.

Bu nə idi?

Mövcud rejimə görə mühacirətdə, doğmalarından, öz çevrəsindən, doğma şəhərindən uzaqda yaşamağa məcbur olan yaradıcı adamın özünəməxsus etirazı.

Şəxsən mənim xoşuma gəlmədi. Olduqca qeyri-estetik və maraqsız bir şey alınmışdı. Söhbət yaradıcı yanaşmadan gedir.

Amma bir etiraz kimi, bu addım olduqca effektli idi. Camal Əli bu addımla ölkədə idarəçilik prinsiplərinin necə absurdlaşdığını, təhrif olnduğunu göstərməyə çalışdı.

Alındımı, alınmadımı - bilmirəm, amma diqqət bu məsələdən daha çox, Camalın "bayraqlı yaradıcılığ"ına və şəxsiyyətinə kökləndisə, deməli, alınmadı.
Camal Əli
Camal Əli

İkinci məsələ: Camal Əlinin hərəkətini təhqir kimi qəbul edənlər. Və təhqir kimi qəbul elədiklərini əsas gətirərək, əvəzində Camalı təhqir edənlər. Əgər "Camal Əlinin bayrağı"na münasibətim mənfi oldusa, bu adamlara qarşı ikiqat xoşagəlməz oldu. Çox təəssüf edirəm ki, dəyəri bir parça əskidə görən adamlar hələ də çoxdu. Çox təəssüf edirəm ki, özümə yaxın bildiyim, yaxşı münasibətlərdə olduğum, düşüncələrinə hörmət elədiyim adamlar arasında da belələri tapıldı.

Təhqirə təhqirlə cavab vermək heç bir demokratik dəyərə sığmır. Bayrağın materialını insandan üstün tutan şəxslərin insani dəyərlərdən, insan haqlarından, demokratiyadan danışmağa haqqı yoxdur.

Bayrağı aparıb, Kəlheybərdə də saxlasan, bayraq darıxmayacaq, əsəbləri korlanmayacaq, intihar həddinə çatmayacaq.

Amma hansısa rejim üzündən yad, ögey yerdə, çevrəsiz, doğmalarsız qalan insan darıxır, təklənir, əsəbləri pozulur, intihar həddinə çatır. Bunu anlamayıb, üstünlyü bayrağa verənlərin insandan xəbəri yoxdur.

Və nəhayət. Amma mən bir şeyə sevindim. Sevindim ki, bizim gənclik iyirmi illik Əliyevlər rejimini yaşayandan sonra, meşələrin, yolların, bizneslərin, meydanların, parkların, sahillərin, qoruqların hasara, inhisara alındığını, kimlərəsə aid olduğunu, kimlərinsə malı olduğunu görəndən, qəbul edəndən sonra, bayrağın da Əliyevlərin bayrağı olduğunu qəbul etmədi. Sevindim ki, Azərbaycan gəncliyi hələ də bu bayrağı özünün, tarixinin, ADR-in, Rəsulzadənin, müstəqillik uğrunda mərhumiyyətlər yaşamış insanların bayrağı bilir.

Uzun sözün qısası. Bayraq da dəyərlidi. İnsan da. İki qadın döşündən isə hələ heç vaxt, heç kimə zərər gəlməyib.
XS
SM
MD
LG