Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:22

Avropa Birliyi qaz kəməri ilə bağlı qərarı alqışlayır


Arxiv foto
Arxiv foto
-
«Şahdəniz» konsorsiumu Azərbaycan qazının Avropaya nəqli marşrutu kimi Transadriatik qaz kəmərinin (TAP) seçildiyini rəsmən bəyan edib.

Turan-ın məlumatına görə, marşrut seçimi iyunun 28-də «Four Seasons» otelində elan edilib. Tədbirdə «Şahdəniz» layihəsinin səhmdarları, Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi, həmçinin diplomatik korpusun nümayəndələri iştirak ediblər.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Gordon Birrel qeyd edib ki, ilkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetrə yaxın qaz nəql olunacaq. Perspektivdə bu kəmərlə Azərbaycanın digər işlənilən yataqlarından və «Şəfəq-Asiman» kimi planlaşdırılan layihələr üzrə qaz nəqli nəzərdə tutulur. İnvestisiyalaşdırma haqqında qərar ilin sonunda qəbul olunacaq.

SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, TAP Cənub Qaz Dəhlizinin mühüm hissəsi olacaq. O əlavə edib ki, bu, yalnız həmin dəhlizin ilk halqasıdır. Perspektivdə həmçinin Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya, yəni NabuccoWest qaz kəməri inşa edilə bilər.

R. MORNİNGSTAR: «BU, HƏLƏ SON DEYİL»

Richard Morningstar
Richard Morningstar
ABŞ səfiri Riсhard Morningstar konsorsiumun qərarını alqışlayıb. Onun sözlərinə görə, ABŞ Cənub-Şərqi Avropaya qaz nəqli layihəsini dəstəkləyir və gələcəkdə bu layihə genişləndirilə bilər.

Morningstar TAP-ın seçilməsi haqda qərarı uğurlu adlandırıb: «Bu, hələ son deyil». O, qaz həcminin artırılması üzrə tədbirlərin həyata keçirilməsinin, NabuccoWest marşrutunun mümkünlüyünü bildirib.

AVROPA BİRLİYİ QAZ KƏMƏRİ İLƏ BAĞLI QƏRARI ALQIŞLAYIR: XƏZƏR DƏNİZİNƏ BİRBAŞA QAPI AÇILIR

Avropa Birliyi Komissiyası Azərbaycan qazının Avropaya ötürülməsi ilə bağlı boru kəmərinə dair qərarı alqışlayır. Bu haqda qurumun adından yayılan bəyanatda deyilir:

«İllik 16 milyard kubmetr qaz ehtiyatını hasil etmək üçün lisenziyası olan Şah Dəniz II qaz yatağı Konsorsiumu

Nabucco vs TAP

TAP vs «Nabucco West»

qazın Türkiyə sərhədindən Yunanıstana və Albaniyadan İtaliyaya çatdırılması üçün Trans-Aralıq Boru Kəmərini (TAP) seçib. Türkiyədə tikilməkdə olan yeni TANAP boru kəmərini nəzərə aldıqda, yeni qaz infrastrukturu birbaşa Xəzər dənizini Avropa ilə əlaqələndirəcək».

AB Komissiyasının prezidenti Joze Manuel Barroso deyib ki, bu qərar, Avropanın birgə uğuru və Birliyin enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsidir:

«Əminəm ki, 2011-ci ilin yanvar ayında Azərbaycan prezidenti Əliyevlə imzaladığım strateji Birgə Bəyanata əsaslanan bu qərar Xəzər dənizindən Avropa Birliyinə birbaşa xüsusi keçid olacaq və zamanla genişlənəcək, Cənub Qaz Dəhlizinin tam və çevik şəkildə reallaşmasına daha çox təkan verəcək».

«AZƏRBAYCAN ÖZ ÜZƏRİNƏ AYDIN ÖHDƏLİK GÖTÜRÜB»

Arxiv foto
Arxiv foto
AB-nın Enerji Məsələləri üzrə Komissarı Günter H. Oettinger isə bildirib:

«Qazın yeni xüsusi qaz kəmərlə birbaşa Avropaya çatdırılması yönündə Azərbaycan öz üzərinə aydın öhdəlik götürüb. Sistemin TANAP və TAP iki qaz boru kəmərindən və ya əvvəlki layihələrdə nəzərdə tutulduğu kimi bir boru kəmərindən ibarət olmasının enerji təhlükəsizliyi baxımından heç bir fərqi yoxdur. Bizim artıq qazla bağlı yeni tərəfdaşımız var və gələcəkdə daha çox qaz qəbul edəcəyimizdən əminəm».

Bəyanatda deyilir ki, 2009-cu ildəki qaz böhranından sonra Avropa Birliyi qaz təchizatını diversifikasiya etməyə çalışır: «Strategiyalardan biri AB-nin qaz bazarını dünyanın ən geniş qaz depoziti olan Xəzər dənizi hövzəsi, Yaxın Şərqlə birbaşa və fiziki baxımdan birləşdirmək üçün «Cənub Qaz Dəhlizini» açmaq olub».

AB-nin əlavə qaz həcmləri baxımından daha geniş regionda potensial qaz təchizatçıları ilə danışıqları davam etdirdiyi bildirilir.

İyunun 26-da Afinada TAP konsorsiumu (Transadriatik boru kəməri) və Yunanıstan hökuməti Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçən qaz tranziti barədə saziş imzalayıblar. Uzunluğu 520 km. olacaq TAP öz başlanğıcını Yunanıstan-Türkiyə sərhəddində alır və Albaniya vasitəsilə İtaliyaya doğru gedir, sualtı hissəsi isə Adriatik dənizindədir. TAP vasitəsilə Xorvatiya, Bosniya-Herseqovina, həmçinin Çernoqoriya bazarlarına «mavi yanacaq» nəql olunacaq.

Dəyəri 2,5 mlrd. avro olan qaz kəmərinin istismarına 2019-cu ildə başlanması planlaşdırılıb.

Qaz nəqlinin ilkin həcmi ildə 10 mlrd. kubmetr, maksimal həcmi isə ildə 20 mlrd. olacaq, bu da Avropa Birliyinin tələbatının ən azı 5%-ni təşkil edir.

TAP-ın səhmdarları İsveçrənin Axpo (42,5%), Norveçin Statoil (42,5%) və Almaniyanın E.ON (15%) şirkətləridir.
XS
SM
MD
LG