Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:53

Cənub rayonlarında tərəvəz bitkiləri «ceyran beli»nə çıxıb...


«Keçən il çox idi, bu illəri azdır»
«Keçən il çox idi, bu illəri azdır»
-
Kənd təsərrüfatı məhsullarının mövsümüdür. Adətən ilin bu vaxtı kənd təsərrüfatı məhsulları ucuz olmalıdır. Yerli sakinlər isə deyirlər ki, ötən ilin uyğun dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulları cənub bölgəsində bahadır. Rayon bazarlarında kartof, soğan, pomidor, xiyar və kələmin bir kiloqramı 50 qəpikdən bir manata qədərdir. Buğda, arpa da ötən ilə nisbətən bir dəfə bahadır.

«YAĞIŞ, QAR, YEL VURDU»

Lənkəran rayonun Qumbaşı kəndin ərazisində, Bakı-Astara yolun kənarında kənd təsərrüfatı məhsulları satan bir şəxs deyir ki, bu il məhsul azdır:

«Keçən il çox idi, bu illəri azdır. Yazda havaların soyuq keçməsi ilə əlaqədardır. Yağış, qar, yel vurdu. Sahələri xəstəlik tutur. Bəzi yerlərdə çuğundur sahələrdə qalıb. Şükür Allaha, bizdə yaxşıdır. Məhsul indi-indi yetişir. Mart ayında şitil əkmişik. İndi də göyərib, məhsul var. Yığırıq yavaş-yavaş. Pomidordan sonra qırmızı soğan əkmişəm. Arpa, buğda əkmişdik, kombayn tapa bilmədik, töküldü qaldı sahələrdə».

«AC QALMAQDANSA...»

Satıcı deyir ki, ötən illərə nisbət əkinlə məşğul olanların sayı azalıb. Ancaq o qeyd edir ki, ac qalmaqdansa, torpağı əkmək daha yaxşıdır, çörəkpulu çıxır. Qarşısındakı pomidoru göstərərək deyir ki, təbii yolla yetişdirilib, bazara nisbətən ucuz - 30-40 qəpiyə satır:

«Bu, təbiidir, qızarıb, maşallah. 2 hektar məhsuldur, ucuz verirəm ki, yerbəyer edim. Bazardan da, şükür Allaha, gəlib aparırlar. Nə qədər qoyurlar üstlərinə, özləri bilərlər....»

«UCUZ OLDU ALIRIQ...»

Lənkəran bazarında söhbət etdiyimiz alıcılar da kənd təsərrüfatı məhsullarının ötən ilə nisbətən baha olduğunu deyirlər.
Lənkəran bazarı
Lənkəran bazarı
Bir alıcı deyir ki, ayda bir dəfə bazara gələ bilir:

«Kartof, soğan, cücə, ət almalıyam. Hökumət mənə 50 manat pensiya verir. Pensiya ilə ailəni dolandırmaq olar? Hökumətlə dava edən deyilik ki. Ucuz oldu alarıq da. Baha oldu baxarıq».

«TORPAĞI ƏKƏN AZDIR»

Fermer İman Əliyev deyir ki, cənub bölgəsinin rayonları əsasən tərəvəzçiliklə məşğul olublar. Sovet dövründə yetişdirilən məhsul Rusiyaya göndərilərdi. İndi kənd təsərrüfatı məhsulu yetişdirən adamlar yerli bazarların ümidinə qalıblar. Yerli bazarda da alıcılıq qabiliyyəti aşağıdır. Yetişdirilən məhsulun maya dəyəri isə hər il artır. Onun fikrincə, nəticədə kənd təsərrüfatı məhsulların əkini ildən ilə azalır:

«Torpaq əkilmir. Torpağı əkən azdır. Ucuz almaq istəyirsinizsə, gedək torpaq əkək. Sahə əkilməlidir. Sonra aqrotexniki xidmət olmalıdır. Gecə 3 inək sağıram. Əlimin qabarına bax. Pomidor bazarda 50 qəpiyədir. Hamı həyətində əksə, olacaq 10 qəpiyə. Gedib Salyandan 20 qəpiyə arpa aldım, 40 qəpiyə buğda».

«KOMBAYN ÇATIŞMIR»

İmam Əliyev deyir ki, taxılın ötən ilə nisbətən baha olmasının səbəbi göz qabağındadır:

«Kombayn çatmadı. Taxıl töküldü. Kombayn çatışmır. Tərəvəz bitkilərindən fərqli olaraq, taxıl bəs qədər əkilib. Onu yığıb anbara tökmək olmur, çatmır kombayn».

Təbiətin şıltaqlığı bahalıq gətirir
Təbiətin şıltaqlığı bahalıq gətirir
«SAHƏLƏRİ XƏSTƏLİK APARIR»

İman Əliyev deyir ki, son illərdə də tərəvəz məhsullarında xəstəliklər əmələ gəlib. Xəstəlik və yağıntılar tərəvəz sahələrinə xeyli ziyan vurub:

«Sahələri xəstəlik aparır. Mütəxəssis yoxdur. Cəlilabadda, İmişlidə, Biləsuvarda quraqlıq olub, orada məhsul var. Bizdə yağıntı çox oldu. Təbiətin şıltaqlığı bahalıq gətirər».

«ƏKİNƏ GETMİRLƏR»

Aqronom Zakit Axundov da deyir ki, kənd təsərrüfatı məhsullarının əkini daxili bazarın tələbatına uyğun olmalıdır. O hesab edir ki, əkin azaldıqca, qiymətlər qalxacaq. İndi ölkədə bu proses gedir:

«Alıcılıq qabiliyyəti çox aşağı olduğu üçün kənd təsərrüfatı ilə məşğul olanlar əkinə getmirlər. 70 sot pomidor əkmişik. Əvvəllər 5 hektar məhsul əkərdim. Pomidor, badımcan, xiyar, buğda əkərdim. İndi mümkün deyil».

Statistik məlumatlara görə, Astara, Lənkəran, Masallı rayonlarında tərəvəz məhsulları daha çox əkilir. Mütəxəssislər deyir ki, yalnız mövsümü vaxtı bazarlarda yerli məhsullar çoxluq təşkil edir. Qalan hallarda isə bazarlar xaricidən gətirilən kənd təsərrüfatı məhsullarından asılı olur.
XS
SM
MD
LG