Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:24

Ülviyyənin və Azərbaycanın qaraciyəri...


Foto: Arxiv
Foto: Arxiv
-
28 yaşlı Ülviyyə Telmanqızına 3 ildir qaraciyər serozu diaqnozu qoyulub. Həkimlər təcili əməliyyata gərək duyurlar – ona yeni qaraciyər transplantasiya edilməli, yəni köçürülməlidir. Amma lazım olan 45 min manat toplanmadığı üçün Ülviyyə əməliyyat oluna bilmir:

«Bu 3 ildə hər yerə üz tutmuşam. Mənə rəsmi şəkildə bildirilir ki, bizim büdcədə belə problemin həllinə vəsait ayrılmayıb. Dövlətimin altı da, üstü də qızıldır. Yeri gələndə yüksəkrütbəli məmurlar dönə-dönə bəyan edirlər ki, dövlətin əsasını Azərbaycan vətəndaşları təşkil edir. Mən ali təhsilliyəm, sənətşünaslıq ixtisası üzrə ali təhsil almışam. Bu dövlətin vətəndaşına qoyduğu hörmət budurmu?».

ÇIXIŞ YOLU: İCBARİ TİBBİ SIĞORTA

Azərbaycanda eyni durumda olan insanların sayı ildən-ilə artır. Bunu tibb eksperti Aqil Qeybulla bildirir. Təəssüflə onu da əlavə edir ki, maddi sıxıntılar ucbatından həyatını itirənlər də az deyil. Aqil Qeybullanın dediyinə görə, başqa ölkələrdə tibbi sığorta bu duruma düşənlərin köməyinə çatsa da, Azərbaycanda illərdir icbari tibbi sığortanın tətbiqi yubadılır:

«İcbari tibb sığortası ertələnməz tibbi yardımı qarşılayan əsas sosial müdafiə elementidir. Azərbaycanda 1999-cu ildə tibb sığortasına dair qanun imzalansa da, o qanunda göstərilənlər indiyədək kağız üzərində qalıb. Vətəndaşların sığorta kodeksi, sığorta vəsiqəsi də yoxdur. Ona görə də sosial müdafiədən məhrum qalan vətəndaşlar bu cür problemlərlə üzləşir və onların sayı çoxalır. Hökumət icbari tibbi sığorta məsələsini həll etmiş olsaydı, vətəndaşlar belə problemlərlə üz-üzə qalmazdılar. Bu məsələ özəlliklə son illər aktuallaşıb.
Aqil Qeybulla
Aqil Qeybulla
Azərbaycan kimi çox az ölkə var ki, insanlar bu cür müalicə tələb olunan zaman əməliyyata necə pul tapmaq haqda fikirləşsinlər. Bu problemin yeganə çıxış yolu icbari tibbi sığortanın tezliklə tətbiqidir».

«BƏS BAŞQA XƏSTƏLƏR?»

Aqil Qeybulla jurnalist Nicat Dağların səhhətində yaranan məsələyə diqqəti çəkir. Onun da qaraciyərində problem yarandığından əməliyyata 200 min manat vəsait gərək idi. Jurnalistlərin ölkə başçısına müraciətindən sonra prezident Nicat Dağların müalicəsini öz üzərinə götürdü. Aqil Qeybulla prezidentin bu addımını yüksək qiymətləndirir, amma əlavə edir ki, bəs, əməliyyat olunmayacağı halda həyatını itirəcək başqa xəstələrin vəziyyəti necə olacaq? Üstəlik, tanınan deyil, tanınmayan xəstələrin?

TİBBİ SIĞORTA NİYƏ YOXDUR?

Azərbaycanda tibbi sığortanın tətbiqini sürətləndirmək üçün prezident İlham Əliyev Nazirlər Kabineti yanında Tibbi Sığorta Agentliyinin yaradılması barədə sərəncam imzalayıb. Kimlərin hansı şərtlərlə sığortalanmasını, eləcə də sığortanın tətbiq və tənzimlənməsini bu agentlik həyata keçirməli idi. İlkin mərhələdə tibbi sığorta üzrə ixtisaslı mütəxəssislərin hazırlanması nəzərdə tutulurdu.
Foto: Arxiv
Foto: Arxiv
2009-cu ildən bəri hər il dövlət büdcəsindən tibbi sığorta islahatlarına milyonlarca manat vəsait ayrılır və istifadə olunmadığından ilin sonunda yenidən büdcəyə qaytarılır. Niyəsi də odur ki, tibbi sığorta hələ də tətbiq edilmir və istər-istəməz sual ortaya çıxır: Prezidentin Dövlət Tibbi Sığorta Agentliyinin yaranmasına dair 2008-ci ildəki sərəncamı niyə hələ də icra olunmur?

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyir ki, bu agentliyin onlara aidiyyəti yoxdur və sualları Nazirlər Kabinetinə ünvanlamaq lazımdır.

«DEYİRLƏR NEFT XALQIN SƏRVƏTİDİR...»

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirir ki, bu agentliyin niyə hələ yaradılmaması, tibbi sığortanın tətbiqi ilə bağlı məlumatı yoxdur.

3 ildir əməliyyat oluna bilmədiyindən səhhəti getdikcə pisləşən Ülviyyə Telmanqızına qayıdaq. O, dövlət qurumlarının biganə münasibətini heç cür anlamadığını deyir:

«3 ildir heç bir dövlət qurumu səsimi eşitmir. Deyirlər ki, neft xalqın sərvətidir. Ölürəm, bu sərvətdən niyə mənə pay düşmür? Ev istəmirəm, maşın istəmirəm. Heç olmasa, həyatda qala bilməyim, yaşamağım üçün mənə bu sərvətdən kiçik bir pay düşsün».
XS
SM
MD
LG