Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:54

«Hökumət məndən xəbərsiz darvazamı çıxarıb»


Əsəd Xəlilov
Əsəd Xəlilov
-
İmişlinin Ağaməmmədli kəndindən Əsəd Xəlilov «Qaynar xətt»ə şikayət edib ki, yerli icra hakimiyyəti onun mülkiyyət hüquqlarını tapdalayıb. Deyir, bu yaxınlarda ağır xəstə olan ailə üzvlərindən birini Bakıya müalicəyə gətirib. 3 gün Bakıda qalıb, kəndə qayıdanda, az qala, həyət-bacasını tanımayıb.

Deyir, son vaxtlar İmişlidə oğurluq hadisələri artdığına görə, kəndlilər qapı-bacanı yiyəsiz qoymağa ehtiyat edirlər. Hara gedirlərsə, tələsik ev-eşiklərinə dönürlər. Ancaq bu dəfə onun həyət-bacasına oğru yox, yerli hökumət nümayəndələri girib.

Şikayətçi:

«Gördüm, darvazamı çıxardıb atıblar kənara, hasarımın da bir hissəsi sökülüb. Həyət-bacanı qazıb töküblər, şlüz qurğuları qoyublar. İndi camaatın ayağı altında qalmışıq. Rahatlığımız yoxdur. Bizim həyətimiz çökəkdədir. Həyət-baca tez-tez su ilə dolur. Betonlar qoyub, həyətin bu başından o başına yol salıblar. Həyətyanı sahəmi zəbt ediblər. Evim 1941-ci ildə tikilib. Onsuz da qəzalı vəziyyətdədir».

«HƏYƏTİNƏ YAXŞI SU GƏLƏCƏK»

Əsəd Xəlilovun dediyinə görə, qəzalı vəziyyətdə olan evinin sökülüb təzədən tikilməsi üçün, nə az, nə çox, düz 63 dəfə yerli məhkəməyə gedib-gəlib. Heç nə əldə etməyib. Fövqəladə Hallar nazirinin Salyanda qəbul keçirdiyini eşidəndə, özünü ora çatdırıb. Ancaq nazirin qəbuluna düşə bilməyib:

«Bu azmış kimi, indi də qəzalı evimin həyətini qazıb tökürlər. Gözləyirlər ki, evimiz başımıza uçsun, ondan sonra sakitləşib otursunlar».

İmişli rayon İcra Hakimiyyəti başçısının Ağaməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəmsəddin Pənahov «Qaynar xətt»ə bildirib ki, kənddə əkin sahələrinin suvarılması üçün şlüz qurğular quraşdırılır, xırda arxlar qazılır. Bu qurğular əkin sahələrinə, həyətlərə gedən suları tənzimləyir. Əsəd Xəlilovun evinin yaxınlığında da belə bir qurğu qoyulub:

«Bizim kənddə kanallarda şlüzlaşma işləri gedir. Çökəkdə olan həyətlərə su ötürülməsini tənzimləyən su şlüzlarından danışıram. Evinin yanında bir yol var, layihəyə görə, ora bir su xətti düşüb. O xətt 30 həyətə su qaldırır. İndi istəyir ki, o xətt kəsilsin. O xətlərin onun həyətinə heç bir maneçiliyi yoxdur. Əksinə, həyətinə yaxşı su gələcək».

Əsəd Xəlilov isə mülkiyyət hüquqlarının pozulması iddiası ilə məhkəməyə şikayət edəcəyini deyir.
XS
SM
MD
LG