Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:19

Dilqəm Əhməd. Tanrının kədərli rəqsi (Esxatoloji hekayə)


-

Mən onu tanıyandan gözləri görmürdü. Hər gün işə “Azadlar” parkından keçib getdiyimə görə onun skripka ilə hüznlü nəğmələrini dinləyirdim. Digərləri kimi qarşısına skripkanın çantasını qoyub 20 qəpik dilənmirdi. Qara eynək taxır, hər gün eyni skamyada oturur, eyni istiqamətə baxaraq hüznlü simləri rəqs etdirirdi. Qəribədir ki, o dünyanı görmədiyi kimi, dünyada da heç kim onu görmürdü. Bir axşam vahiməyə qapıldım, düşündüm, bəlkə təkcə mənim gözümə görsənir? Səhəri dirigözlü açıb işə gedərkən yaxınlaşıb astaca əllərimlə çiyninə toxundum, dərindən rahatlandım. Gerçək idi.
-Sabahın xeyir, sənətkar?
- Sabahın xeyir, oğlum.
- Yenə kədərliyik, deyəsən?
-Başqa cür olmağa səbəb varmı, çünki az qalıb.
- Nəyə az qalıb?
-Rəqsin bitməyinə.
-Hansı rəqsin?
-Az qalıb, biləcəksən.
-Yaxşı...Sənətkar, utanıram da deməyə, hər səhər burdasan, amma mən bildiyim adətən parklarda skripka, kamança, qarmon çalan yaşlılar bunu dolanışıq üçün edir, amma sizin pul aldığınızı heç görməmişəm.
- Mən puldan istifadə etmirəm, tamamlamaq üçün burdayam.
-Nəyi tamamlamaq?
-Az qalıb, biləcəksən.
-Yaxşı, ümid edirəm biləcəyəm, mən bu yaxınlıqda işləyirəm, nəyə ehtiyacınız olsa, deyin.
- Mənim heç nəyə ehtiyacım olmur, hazırlaşın, sizin ehtiyacınız olacaq?
-Nəyə?
-Bağışlanmağa
-Hə...inşallah, sağ olun.

Qəribə aclıq hiss etdim. Qida aclığı deyildi bu. Boşluğa düşərkən yaşanılan hisslərin aclığı idi. Mənə elə gəldi ki, bu gün “Azadlar” parkının sonuncu günüdür, bir daha o parkı görməyəcəyəm, daha işə getməyəcəyəm, ən qəribəsi yaşamayacağam. Amma bağışlanacağam. Hansı günahıma görə bağışlanacağam?
Axşam işdən çıxandan sonra heç bir dostuma vaxt ayırmayıb, evə gedərək özümü otağa qapadım. Bilgisayarı qoşub, internetə daxil oldum. Xəbər başlıqları səhərki aclığımı daha da gücləndirdi:
- Kəbənin ətrafında cinayət törədilib, qara daşın üstündəki tikilinin parçasına insan qanı sıçrayıb.
- Roma papasına sui-qəsd olunub, bütün kilsələrdəki ikonalar yerə düşüb
- Hindistanda ən böyük Budda heykəli 11 ballıq zəlzələ nəticəsində darmadağın olub.
- İsraildə Süleyman məbədinin yeganə divarı uçub
- Bütün ölkələrdəki atəşgahların odu sönüb.

Ayın tarixinə baxıram, aprelin biri deyil. Nəfəsim daralır, pəncərəni açıram, küçələr uşaq meyiti ilə doludur, analar fəryad çəkir. Cəld çölə qaçıram, bir dəqiqə tez hərəkət etsəydim, toqquşan iki maşının arasında qalıb öləcəkdim. Qaçmağa başlayıram, binaların kərpicləri üzərimə tökülür, daha sürətlə qaçıram, qaçdıqca mənzərələr beynimə həkk olunur, yanan evlər, yanan insan üzləri, binanın qalıqları altında qalan insanların fəryadı, yer üzünə çıxan metro keçidləri, yerə düşən təyyarələr, göydələnlərin qum dənəsinə çevrilməsi....
Dəhşətli bir biçimdə qaçıram, şüuraltında bilirəm ki, “Azadlar” parkına doğru qaçıram.
Budur qoca həzin musiqisini çalmaqdadır, “Azadlar” parkına isə heç nə olmayıb. Yapışıram yaxasından, var gücümlə çığırıram:
- Deyəcəksən, nə baş verir?!
- Az, qalıb biləcəksən.
- Nəyə az qalır, hər yer dağılır, sənsə boş-boş danışırsan?
Eynəyini çıxarır, aman tanrım bəstəkarın cəmi bir gözü varmış.
- Bu..bu..bu necə olur?
- İnsanın iki gözə ehtiyacı var, xeyiri və şəri seçə bilsin deyə. Mənim nəyisə seçməyə ehtiyacım yoxdur, bir göz bəs edir mənə işimi tamamlamağa?
- Deyəssən, işinin nə olduğunu?
- Az qalıb, biləcəksən.

Yaxasından itələyirəm, tez sevgilimə zəng edirəm.
- Alo, eşidirsən məni...səsin qırılır, nə olub orda...

Qoca bəstəkara baxaraq, telefonu yerə çırpıram. Qaçaraq Gülayın yaşadığı evə doğru yüyürürəm. Xoşbəxtlikdən onların qaldığı tərəfə heç nə olmayıb. Qapı ağzındaca onu qucaqlayıram.
-Səni sevirəm!
-Mən də.
Evdən çıxırıq. Çıxan kimi acı bir dəhşətlə qarşılaşıram. Dostum Sadiqin meyiti iki maşının arasına ilişib qalıb. Hıçqırıq içində boğuluram, avtomobildəki sürücünün əlindəki iki balaca qız və gülümsəyən bir qadın rəsmi qanın içindədir.
Acı içində boğuluruq, Selayın fəryadını dayandıra bilmirəm. Yanğınların, uçan kərpiclərin, toqquşan maşınların, yarılan asfaltların üstündən keçib Azadlıq meydanına doğru yüyürürük. Meydanın ortasında diz çökərək, bir-birimizə sarılaraq baş verənləri qorxu içində izləyirik. Artıq Qız qalası yoxdur, Bayraq meydanını dəniz ağuşuna alıb, Nizaminin heykəli və ona baxan bütün heykəllər yerə aşıb, Park Bulvar, Park İnn, Hilton Hotelin yerində göyə ucalan toz buludu qalıb.

Bulvarda vahiməli insanlar vəhşicəsinə qaçır. İlk dəfədir ki, kütləvi aksiya keçirilir. Dəhşətə gəlirik, insan öz halındadır, heç bir əxlaq, heç bir şüur artıq öz gücünü göstərə bilmir. Qurandakı ayələri xatırlayıram...
Gülyla ibtidai insan sürüsünün qarşısını kəsirik. Hər kəs bizi yeyəcək kimi üzümüzə baxır.
- Durun, hara qaçırsız, qaçdığınız yerdə də belə olacaq, çünki dəhşətin mənbəyi sizin özünüzdən gəlir. Bəla, sizdən qaynaqlanır.

Kütlənin tapdağı altında qalmaqdan son anda qurtuluruq. Xəzərin coşan sularının qarşısında bir-birimizə sarılaraq sonsuzluğa baxırıq. Bu anda dənizin içindən dörd mələk görkəmində insan silueti canlanır:
Öncə birinci siluet qarşımızda dikilir:
- Mən Bethovenəm. “Ay sonatası” altında sizi salamlayıram. Bu gün sonuncu dəfə öz bəstəmizi ifa edəcəyik. Amma sonunu parkdakı qoca bitirəcək.
- Mən Vivaldi, “Dörd mövsüm” altında sizi salamlayıram. Sonucu mövsümün şərqisini o qoca ifa edəcək.
- Mən Motsart, “Requiem” altında sizi salamlayıram. Sondan qorxmayın. Biz bütün bəstələri Son üçün yazdıq. Amma sonuncu notları o qoca səsləndirəcək.
- Mən, Hacıbəyli. “Koroğlu” üverturası altında sizi salamlayıram. Sonuncu çalınacaq musiqi üçün idi bütün əsərlərimiz. Sona hazırlaşmaq üçün. Sonuncu himni o qoca çalacaq və tamamlanacaq.

Siluetlər yox olur. Gülayla kədərli şəkildə dənizə baxırıq. Hər gün gördüyüm eynəkli qoca bu bəstəkarlardan üstün imiş. Yaxasından tutub itələdiyimə görə vicdan əzabı çəkirəm. Bütün sonataların, üverturaların sona doğru çalınan əbədi himnin hissələri olduğunu anlayırıq. Bütün şeirlərin sona ithaf olunduğunu anlayırıq. Hər şeyin Son üçün hazırlandığını anlayırıq.

Gülayla “Azadlar” parkına doğru gedirik. Parka çatdığımızda artıq bütün dünya dağılmışdı, bütün insanlar ölmüşdü. Qoca eynəyini çıxarıb:
-Nəhayət gəldiniz.
- Tamamladınmı?
- Yox, tamamlanmaq üçün sizin də ölməniz lazım.
- Bəs, sən?
-Bilirsiz, artıq sonuncu nota qədər himnin səslənməsinə az qalıb. Kainat Tanrının bir dəfə kədərli rəqs etməsindən başqa bir şey deyildir. Bütün bəstəkarlar o kədərli rəqsə xidmət etmək üçün var idi. Sonuncusu mənəm. Kədərli rəqsin bitməsi üçün mənim sona qədər sağ qalmağım lazımdır. Sonuncu nota çatdığımda, Tanrı rəqsini bitirdiyində, mən də öləcəyəm. İndi isə siz, buyrun ölümə doğru.
Gülayla qucaqlaşırıq və ölürük.
Tanrı rəqsini bitirir.

08.03.2012
XS
SM
MD
LG