Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:46

«Gülbaxt»ın baxtsız sahibi


Maşallah Cəbiyev
Maşallah Cəbiyev
-
«Şəxsi mülküm olan «Gülbaxt» daş karxanasında polislərin hücumuna məruz qalmışam. Döyüblər, sol gözümü də tapançanın arxası ilə vurub çıxarıblar».

Bunları «Qaynar xətt»ə müharibə veteranı, sahibkar Maşallah Cəbiyev deyir. Onun bildirdiyinə görə, bir neçə il əvvəl Qaradağda karxana alıb. Karxananı lazım olan avadanlıqlarla təchiz edib, fəhlə götürüb işə başlayanda, rayonun icra başçısı Süleyman Mikayılov karxananı ondan istəyib.

«KARXANAMI BAŞÇI ÖZÜ İŞLƏDİRMİŞ»

Sahibkar:

«Razılaşmadım. Gələn adamlarına da dedim, başçı mənimlə şərik karxana alıb ki, indi ona bağışlayım? Sonra başçı xəbər göndərdi ki, bir nazirlik haradasa böyük tikinti aparır, ona görə də daş karxanasını müvəqqəti həmin nazirliyə vermək lazımdır. Mən də razılaşıb karxanada işləri dayandırdım. 2-3 ay ötdü, gördüm ki, karxananı qaytarmaq fikrində deyillər. Araşdıranda məlum oldu ki, Süleyman Mikayılov məni aldadıbmış. Karxananı özü işlədirmiş».

Sahibkar deyir ki, icra başçısı ilə onun arasında karxana ətrafında mübahisələr də bundan sonra başlayıb:

«Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov dəfələrlə üstümə adam göndərdi ki, karxananı ona verim. Razılaşmadım. Öz işçilərimi və texnikalarımızı karxanaya gətirdik, orada işləyən fəhlələri uzaqlaşdırıb özümüz işə başladıq. Elə 2-3 gün idi ki, işə başlamışdıq, işığı kəsdilər. Belə səbəb gətirdilər ki, guya aylıq işıqpulunu qaldırıb 1040 manat ediblər. Buna da razılaşdım. Karxananın işıqlarını birləşdirdilər. Daha bir neçə gün də iş davam etdi».

ARA QARIŞDI

Sahibkarın dediyinə görə, 2011-ci ilin avqust ayının 22-də karxanada ara qarışıb:

«Qəflətən 6 maşın polisgeyimli silahlılar karxanaya hücum çəkdilər. Məndən işi dayandırmağı və karxananı boşaltmağı tələb etdilər.
Karxana - Foto: Arxiv
Karxana - Foto: Arxiv
Aramızda mübahisə düşdü, bir polis işçisi tapançanın arxası ilə gözümə, bir başqası isə avtomat qundağı ilə boynumun ardına zərbələr ilişdirdi. Sol gözüm töküldü. Şərikimin də gözünü tökdülər, mənim də. Fəhlələrlə qarışıq bizi öz maşınlarına doldurub polisə apardılar. Məni polisin həyətində başqa maşına mindirib xəstəxanaya apardılar. Gözümdən əməliyyat olundum. Məni çox döymüşdülər, vəziyyətim ağır olduğuna görə 2 ay xəstəxanada yatdım. Oktyabr ayında xəstəxanadan çıxandan karxanaya yaxın düşə bilmirəm. İndiyə qədər də Süleyman Mikayılovun nəzarətindədir».

CİNAYƏT İŞİ TƏZƏLƏNSƏ DƏ...

Maşallah Cəbiyev karxanaya olan hücuma və əmlakının əlindən alınmasına görə prokurorluq orqanlarına şikayət etsə də, iki ildir ki, bir cavab ala bilmir.

Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov bildirib ki, Maşallah Cəbiyevin ərizəsi Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırılıb. Ötən il martın 31-də müstəntiqin qərarı ilə cinayət işi başlanması rədd edilib. Maşallah Cəbiyevin Baş Prokurorluğa yazdığı şikayətdən sonra araşdırmanın Bakı şəhər Prokurorluğunda davam etməsinə göstəriş verilib. İdarə rəisi söz verib ki, araşdırmanın gedişinə nəzarət olunur və şikayət üzrə obyektiv qərar qəbul ediləcək.

Qaradağ rayon İcra Hakimiyyəti isə «Gülbaxt» daş karxanasının hazırda kimin nəzarətində olması barədə sualları cavabsız qoyub.
XS
SM
MD
LG