Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:41

Əli Həsənov: Xidməti olan bütün jurnalistlərə dövlət qayğısı bəxş olunacaq


Əli Həsənov
Əli Həsənov
Prezident İlham Əliyev, Azərbaycan dövləti jurnalistlərə böyük qiymət, azad sözə, siyasi plüralizmə dəyər verir. Bunun nümunəsi olaraq jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində möhtəşəm addım atıldı. Trend-in məlumatına görə, bunu iyulun 22-də Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi Milli Mətbuat Günü münasibətilə Bakıda bəzi jurnalistlərə verilən mənzillərə də toxunub. Bildirib ki, bu gün - bayram günü jurnalistlər üçün yeni binanın təməli də qoyuldu: «Düşünürük ki, açılışı olan binadan ev ala bilməyən jurnalistlər növbəti binadan ev alacaqlar və Azərbaycan mediasında xidməti, haqqı və ehtiyacı olan bütün jurnalistlərə dövlət qayğısı bəxş olunacaq».

PA rəsmisinin sözlərinə görə, bu gün təməli qoyulan binanın inşası artıq qərarlaşdırılıb. Bu gün-sabah Prezident tərəfindən binanın inşası ilə bağlı rəsmi sərəncam imzalanacaq. Sərəncama müvafiq olaraq binanın inşasına başlanılacaq.

«Məkan bəllidir. Tikiləcək bina elə bu binanın yanındadır, şəhərciyin içindədir. Cənab Prezident də çıxışında qeyd etdi ki, bura yaradıcı insanların şəhərciyinə çevrilir. Bura yeni salınan yaşayış şəhərciyidir və Dənizkənarı Bulvarın da bu məkana qədər uzanacağını nəzərə alsaq, Bakının, Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcək. Düşünürük ki, yaradıcı insanlarımız onlar üçün yaradılan şəraitdən də ruhlanaraq yaradıcılıq imkanlarını daha da genişləndirəcəklər».

Həsənov bildirib ki, bu evlərin paylaşdırılması zamanı təkcə yaradıcı insanlara ev verilməyib:

«Biz Mətbuat Şurasının İdarə Heyəti ilə birlikdə bunu müzakirə etdik. Redaksiyalardan ehtiyacı, haqqı, xidməti olan insanların müəyyənləşdirilməsi və o siyahıya salınması məsələsini qoyduq. Orada müəyyən olunan meyarlar sırasında yaradıcı və ya texniki işçi məsələsi yox idi. Bəzi qəzetlər, məsələn, qəzetin dizayneri, texniki nümayəndəsi də siyahıya salındı, burada televiziyalardan operatorlar da var. Bu, bilavasitə təkcə jurnalistlər üçün deyil, eləcə də KİV-lərin ayrı-ayrı redaksiyalarında, qurumlarında çalışan yaradıcı insan və onları təmin edən insanlar üçündür. Ona görə də düşünürəm ki, gələcəkdə təqdimatlar hazırlanarkən təkcə jurnalistlər deyil, eyni zamanda, redaksiyalarda jurnalistlərin yazdığı yazını yığan, korrektə edən, dizaynerlər, televiziyalarda operatorlar, montajçılar və digər mütəxəssislər nəzərə alınacaq».

Həsənov bildirib ki, iki ildən sonra jurnalistlər yeni binadan mənzil alacaqlar.
XS
SM
MD
LG