Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:46

Milli Şuranın komissiya sədri: «Gələn həftə Rüstəm İbrahimbəyovu qarşılamağa hazırlaşırıq»


Mehman Əliyev
Mehman Əliyev
-
Milli Şuranın İctimai Əlaqələr Komissiyasının sədri, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev AzadlıqRadiosuna müsahibə verib.

- Mehman müəllim, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov iyulun 31-də gəlməsi dəqiqləşdirilib?

- Bəli, belə bir məsələ var və deyilib.

- Gəliş biletini alıb-almaması barədə məlumatınız var?

- Bilet alıb-almadığını barədə məlumat yoxdur, amma Tbilisidən Bakıya gəlməlidir.

- Almaniya mətbuatına istinadən sosial şəbəkələrdə belə bir məlumat yayılıb ki, Rüstəm İbrahimbəyov müsahibəsində avqustun 10-dək Azərbaycana gedəcəyini bildirib. Bu məlumata münasibətiniz necədir?

- Bu gün (iyulun 26-da – M.Ç.) Milli Şuranın komissiya sədrlərinin toplantısı idi. Orada iyulun sonu və ya avqustun əvvəlində Rüstəm İbrahimbəyovu qarşılamaqdan da söhbət getdi. Əlimizdəki məlumata görə, gələn həftə onu qarşılamağa hazırlaşırıq.

- Qarşılamaqdan söz düşmüşkən, buna hazırsınız?

- Biz həmişə hazırıq. İki gün əvvəl aeroportda idim. Dostumu qarşılayıb, yola saldım. Həmişə kimisə qarşılayır, özümüz də harasa gedirik.

- Söhbət Rüstəm İbrahimbəyovdan gedir, axı... 2005-ci ilin payızında – parlament seçkiləri zamanı Rəsul Quliyev də Azərbaycana gələcəyini bildirdi, amma alınmadı. O, Ukraynaya gedəsi oldu. Bu dəfə də belə bir halın təkrarlanması gözlənilmir?

- Olarsa, o zaman hakimiyyətdəki kimlərsə həbs edilməlidir.

- Niyə belə düşünürsünüz?

-2005-ci ildə elə olmadı? Rəsul Quliyev gələ bilmədi və bir sıra nazirlər və başqa adamlar həbs olundu. Beləcə, İlham Əliyevə qarşı hakimiyyətdaxili müxalifət susduruldu. O dövrlə müqayisə ediriksə, bu dəfə də belə olmalıdır.

- Mehman müəllim, son vaxtlar mediada hüquq-mühafizə orqanlarında çalışan və adının çəkilməsini istəməyən şəxslərə istinadən Azərbaycana gələcəyi halda Rüstəm İbrahimbəyova qarşı cinayət işi açılacağı və onun həbs olunacağı barədə məlumatlar yayılmaqdadır. Belə hal olarsa, ehtiyat variantlar müzakirə edilib?

- Yox, ehtiyat variant müzakirə olunmayıb. Tək variantımız var: Rüstəm İbrahimbəyov gəlir və qarşılanır.

- Sizin təhlilləriniz nə deyir, Rüstəm İbrahimbəyov həbs oluna bilər?

- Mən bunu gözləmirəm və heç buna ehtiyac da yoxdur.

- Belə fikirlər səslənir ki, Rüstəm İbrahimbəyovun həbsi prezident seçkilərinin legitimliyini şübhə altına sala bilər. Belə fikirlərin əsası var?

- Legitimliklə yanaşı, həmişə beynəlxalq amillərə də üstünlük veririk. Burda hakimiyyətin maraqları xalqın və beynəlxalq aləmin maraqları ilə toqquşur. Ona görə də hakimiyyət iki daş arasında qalıb: Bir tərəfdən xalqla, o biri tərəfdən beynəlxalq qınaqla üz-üzədir. İndi keçmiş zamanlar deyil ki, hakimiyyət həbsə əl atsın. Bu, hakimiyyət üçün pis nəticələr verə bilər. Onsuz da vəziyyətləri yaxşı deyil. Biz görürük ki, beynəlxalq səviyyədə təkləniblər. Bu gün ən intensiv danışıqlar Rusiya istiqamətində aparılır. Hakimiyyət hər cür çalışır ki, Rusiyanın rəğbətini qazansın. Müxalifəti xaricdən dəstək almaqda suçlayan hakimiyyət özü daha çox bu dəstəyi axtarmaqdadır. Bütün istiqamətlərdə, ən çox da Rusiya ilə danışıqlar aparırlar. Bu da onunla bağlıdır ki, hakimiyyət Rusiyanın imkan və təsirlərinə yaxşı bələddir. Axı 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlməsində Rusiya böyük rol oynayıb.

- Rüstəm İbrahimbəyovun prezident seçilib-seçilməyəcəyini onu hava limanında qarşılayacaq adamların sayına bağlayanlar da var...

- İş orasındadır ki, onu qarşılamaq üçün hava limanına çox adam getməyəcək. Heç kim belə bir məsələdən şou yaratmaq fikrində deyil. Fikrimcə, Rüstəm İbrahimbəyov kifayət qədər nüfuzlu adamdır və normal şəkildə gəlib öz mübarizəsinə başlayacaq.

- Sizcə, Rusiya vətəndaşlığından imtinadan sonra Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmamasına hansı əsaslar tapmaq olar?

- Mənim məlumatıma görə, Amerika və Rusiyada iki qrup hüquqşünas çalışır. Bütün məsələlər Azərbaycan qanunvericiliyinə uyğundur. Bu baxımdan da hesab edirəm ki, iqtidarın ona qarşı hər hansı hüquqi irad tutmasına zəmin qalmayıb.
XS
SM
MD
LG