Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:47

Göyçay polisində saqqal qovğası...


Xəyal Şirəliyev
Xəyal Şirəliyev
-
Göyçay sakini Xəyal Şirəliyev polisdə saqqalının zorla qırxıldığını deyir. O, iyulun 22 də Göyçay rayon mərkəzi məscidində şərlənərək tutulduğunu bildirir. Xəyal Şirəliyevin deməsinə görə, o, Göyçay rayon mərkəzi məscidinin imamı ilə mübahisəsi üzündən şərlənərək polisə düşüb. 23 iyulda İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə 3 sutka həbs alan Xəyal Şirəliyev sonuncu gün saqqalını polis şöbəsində polislərin qırxdığını bildirir:

«İyulun 26-sı idi, artıq buraxmaqlarına az qalmışdı ki, müvəqqəti saxlanma təcridxanasının rəisi saqqalımı qırxacağını dedi. Etiraz edəndə isə bildirdi ki, tapşırığı rəis müavini Əflatun Məmmədov verib. Prezidentimizin din, azadlıq barəsində çıxışını Əflatun Məmmədova xatırladanda mənə bildirdi ki, bura mənim ərazimdir, burda qaydaları mən qoyuram, prezident yox. Saqqalımı qırxdılar. Məhkəmədə, şəxsiyyət vəsiqəsində saqqallıyam».

«BU GÜN SAQQALIMI QIRXACAQLAR, SABAH BAŞIMA MİN OYUN ACACAQLAR»

Xəyal Şirəliyev deyir ki, hər yerə rəsmi və şifahi müraciət edib, amma heç kim tədbir görmür:

«Cəza verdilər cəzamı çəkdim, günahkar olmaya-olmaya. Saqqalımın nə günahı var idi, anlamıram.
Xəyal Şirəliyev
Xəyal Şirəliyev
Müraciətlərimə cavab verən yoxdur. Bu gün saqqalımı qırxacaqlar, sabah da başıma min oyun acacaqlar. Qarşıdan da seçkilər gəlir . Mənim hüququmu qorumayan prezidentə necə səs verim. Saqqalımı kəsən polis əməkdaşlarının cəzalandırılmasın istəyirəm. Polislər cəzalandırılmasa qərara gəlmişəm ki, xarici dövlətlərə müraciət edib sığınacaq istəyim. Artıq bir necə xarici təşkilatlara müraciət ünvanlamışam».

«SANİTAR-GİGİYENİK QAYDALARI QORUMAQ MƏQSƏDİLƏ...»

Göyçay rayon polis şöbəsinin müavini Əflatun Məmmədov bu məsələ ilə bağlı AzadlıqRadiosuna bunları bildirib:

«Xəyal Şirəliyev 3 sutkalıq inzibati həbs olunub. Həbs olunduğu vaxt onun saqqalı həddindən artıq uzun olub. Müvəqqəti saxlanma təcridxanasının qaydalarına uyğun, sanitar-gigiyenik qaydaları qorumaq məqsədilə həkim məsləhətinə əsasən özü saqqalını qırxıb. Onun saqqalı heç bir polis tərəfindən qırxılmayıb. Dediyi ittihamlar hamısı böhtandır».
XS
SM
MD
LG