Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 04:53

Qurban Yaquboğlu. Şeirlər


-

Qurban Yaquboğlu


Yoxsan

Yoxsan, daha sən yoxsan,
Hər şey qalıbdı dalda.
Odlu baxışlarını
Çıxarıb atacağam
Gözümdən damla-damla...

Neçə yetim arzular
Körpə quş balası tək
Açsa göyə ağzını
Yumacağam bərk-bərk.

Dalınca nə söyləyib,
Nə də bir söz deyəcəm.
Sevgi on addımlıq yol -
Beşini birgə getdik,
Beşini tək gedəcəm...

1984


Məktub

Əllərim də çatmır ki,
Öpsün qara saçından.
Harda gecələyim bəs
Ayrılığın ucundan.

Ağrılı ahlar kimi
Günlər axır irəli.
Səndən məktublar gəlir,
Atmamısan, deməli.

Ora yağsa qar-yağış
Neynərəm sözlərimlə.
Baxaram uzaqlara
Kədərli gözlərimlə.

Neynəyərəm görəsən,
Dilin desə sevmirəm.
Bu sevgidi,
Sevgidə
Unudulan bədbəxtdi,
Unudanı bilmirəm...

1987


Suya girən kimi...

Suya girən kimi

Girdim aylı gecəyə.
Uzaq ulduzlardan uçub gələn külək
Uşaq kimi qucaqladı boynumu.

Göy qulun dərisi kimi hamar,
Göy qız dodaqları kimi dolu.

Suya girən kimi
Girdim aylı gecəyə;
Düzənlərə aylı gecə dağılıb
Yanaqlara dağılan qəm kimi.

1988


***

Sakitəm.
Günün nuru
Bayram fişəngi kimi səpələnib havaya.
Qəzəbdən,
Ağrıdan,
Düşüncədən ayrılmışam.
Yormur məni musiqi, heyrət.
Sakitəm.

Sakitəm -
Dörd tərəfim suyun altı kimi sakitdi.

1989


Bütün gün

Bütün günü ov kimi
Həyəcanlı olmuşam.
Yorğunam, ağrıyıram.

Günlər elə getdi, qayıdacağına ümid yox.
Ürəyim güllü yaza aldandı,
Əlim, üzüm-gözüm peşman düşdü.

İnciməyin siz Tanrı,
Yorğunam.
Bir-iki kəlmə sözüm var.
Həm də heç nəyin ustadı deyiləm!
Əvvəllər ümid edərdim,
Sabahları bayram günləri tək gözlərdim.

Ayaq üstə olmuşam gün uzunu,
Ayaqlarım zirzəmi tək sızıltılı.
Dünən gecədən hava da dəyişib,
Bu gün bütün günü
ov kimi həyəcanlı olmuşam.

1990


Çox gəlmişik

Bu sarı-sarı xəzəllər
Küçələrlə axıb-gedir.
Çönür sağa, çönür sola
Bu dünyadan çıxıb gedir.

Yenə hər şeydən çox çəkən
Sarı heyva ağacıdı.
Tanrı havaya nə qatıb
Çəkməyə nəfəs - acıdı...

Töküləcək suvaq kimi
Uçulacaq gün işığı.
...Çox gəlmişik,
çox gəlmişik
Allah baxır üzü aşağı...

1995


Görən, gözəl olsam...

Bu yarpaqlar əl götürmür
Dil ayırmır budaqdan.
Bu yarpaqlar haçan doyar
Ağacların dadından.

Ayaz göydə bir qız üzü,
Qəlbin atdanar baxsan.
...Bir adam duyarmı, görən,
Kirpiyimi qalxızsam.

Bir dodağın yeri yoxdu
İndi mənim adımda.
Dodaqlarım alışacaq
Nəfəsimin odundan.

Mən bir topa qaranlığam -
Ürəyimdi közərən.
Görən gözəl olsam, Allah,
Yenə yalqız gəzərəm?

Bəlkə ölsəm axır biləm
Nə var könlüm altında.
Bəlkə ölsəm anlayaram
Nə umuram qadından...

1996


İki göz, bir ürəyəm

Adaşım yox, bu, mənəm,
Məni də gör, İlahi.
Yıxılmışam, nə yaman
Uzaqmış yer, İlahi.

Çoxdandı səsim çıxmır,
Ağlayaram - görərsən.
Qapımın cəftəsini
Bağlayaram - görərsən.

Küləyin harda yatıb,
Günəşin harda batıb?
Odunun odu yoxdu.
Ağzımdan dadmı qaçıb,
Ağzımın dadı yoxdu.

Düşürəm pillələri,
Bax gedirəm, İlahi.
Deyəsən, uzaqlarda
Yer görürəm, İlahi.
Yer tikərəm özümə,
Göy hörərəm, İlahi.

...İndi ümidlər qalıb
Əsən mehə, küləyə.
Dayanmışam, baxıram
İki göz, bir ürəyəm.

1997


Qaranlığa göz qoyurdum

Bax bu kağız, bu da qələm
Bəlkə yazım: “Gəlmişəm”.
Zalım qızı, görmürsənmi
Bu gün sizə gəlmişəm.

Məni yola salarsanmı?
Hara yola salasan...
Bəlkə cığır göstərəsən,
YOLA yola salasan.

Yox, görmədim, zalım qızı,
Yox, eşitdim getmisən.
Qaranlığa göz qoyurdum
İşıq düşüb getmisən.

1999


Təmənna

Ehey yoldan keçən dərviş,
Huy çağırsam baxarmısan?
Çubuq-çubuq nərdivanla
Bu xanəyə qalxarmısan?

Bir yaxşılıq elərmisən?
Ah-nalədən çəkinməyib,
Xəncər alıb
Düz köksümə saplarmısan?

Hanı dərvişin cavabı,
Qalmadı könlümün tabı...
Mövlam, oxudum kitabı,
Kitabımı bağlarmısan?

2013
XS
SM
MD
LG