Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:43

Akademik Fikrət Əliyev: «Azərbaycanın tək elmi jurnalı...»


Fikrət Əliyev
Fikrət Əliyev
-
Elmdə inteqrasiyanın – bütünləşmənin qaçılmaz sayıldığı indiki dövrdə istinad indeksli jurnallarda çap olunan məqalələr yalnız alimin deyil, onun təmsil etdiyi ölkənin də əsas nüfuz göstəricisinə çevrilib. Elmin inkişaf göstərici kimi, digər vacib amil də təsir əmsalına (impact factor) layiq görülən jurnalların sayıdır. Bu baxımdan, «Thomson Reuters» Agentliyinin hesabatına salınmış yeganə Azərbaycan jurnalı – 2002-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AMEA və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən təsis olunan «Applied and Computational Mathematics» – «Tətbiq və Riyazi hesablama»dir. Həmin jurnalın baş redaktorlarından biri – akademik Fikrət Əliyev AzadlıqRadiosunun suallarını cavablayır.

– Fikrət müəllim, belə bir jurnalın nəşrinə nədən ehtiyac duydunuz?

– Dünyada minlərlə elmi jurnal çap olunur. Amma ötən əsrin ortalarından sonra elmi qiymətləndirən «Thomson Reuters» Agentliyinin siyahısında cəmi 10 min civarında elmi jurnal qeydiyyatdan keçib. Bu jurnallarda elmi-tədqiqat işləri qiymətləndirilir. Düşündük ki, belə bir jurnalın olması Azərbaycan elminin dünyada tanıdılmasına, qloballaşmaya qatılmağımıza yol açacaq. 2005-ci ildə RİTN-nin dəstəyi və nazir Əli Abbasovun məsləhəti ilə «Sənaye Tətbiqli Optimallaşdırma və İdarəetmə» konfransı təşkil olundu və bu konfransa 100-dək əcnəbi alim qatıldı. Jurnalın redaksiya heyətinə görkəmli elm adamları daxil edildi. Heç 3 il ötmədi ki, «Applied and Computational Mathematics» jurnalı «Thomson Reuters»in genişləndirilmiş siyahısına düşdü. 2012-ci il hesabatına görə, bizim beynəlxalq jurnalın təsir əmsalı (İmpact factor) artaraq 0.75-ə çatdı.

– Müəllif olmaq istəyən alim hansı şərtləri gözləməlidir?

– Bu prosesə ciddi nəzarət var. Hər iki-üç ildən bir «Thomson Reuters» rəyçilərin siyahısı ilə bağlı bizə sorğu göndərir. Şərtlərə görə, jurnala daxil olan məqalələrin hər biri ciddi rəydən keçirilməlidir. Bir məqaləyə, azı, 2 rəy verilməlidir. Bu, dünyada qəbul edilmiş bir prosedurdur. Bəzi alimlər rəy verməsi üçün vəsait tələb etsə də, bəziləri bunu özünün alimlik borcu bilir. Biri mənfi, digəri müsbət rəy yazarsa, üçüncü rəyçiyə üz tutulur və məqalənin çap edilib-edilməyəcəyinə qərar verilir. Təbii ki, səhvlər də olur. Mənfi rəyləndirilən məqalənin qəbul edilməsi gələcəkdə jurnalın nüfuzunu təhlükəyə atır. Məsələn, Türkiyədə «Thomson Reuters»in siyahısında olan 75 jurnaldan 5-i qeyri-ciddiliyə görə bu il o siyahıdan çıxarılıb. MDB ölkələrində də oxşar hallar təkrarlanıb. Qısa zamanda – 6 il içərisində «Thomson Reuters»in siyahısına düşməyimizin səbəbi də məhz şəffaflıq və ciddi nəzarət prinsipidir. Müqayisə üçün deyim ki, Türkiyədə buna yaxın adla dərc olunan jurnal 36 ilə o siyahıya daxil ola bilib. Ukraynada da buna yaxın olan jurnalların bəzilərinin impakt-faktorları dəfələrlə aşağı düşüb.

– Təsir əmsalının azalmasına nələr səbəb olur?

– Qeyri-ciddiliyə yol verilir. Reytinqsiz məqalələr götürülür…

– Bugünədək 27 sayınız nəşr olunub. Neçə məqaləni çapa götürməmisiniz?

– Bu yaxınlarda belə bir statistika aparmışıq. Hər 4 yazıdan biri qəbul olunmayıb. Müəllifin reytinqinə və danılmaz elmi nəticələrinə ayrıca diqqət yetiririk…

– Bəs alim gəncdirsə, onda necə?

– Reytinqsiz, amma çox güclü nəticələri olan gənc alimlərin məqalələrini rəyçilərlə məsləhətləşib dərc edirik. Yeri gəlmişkən, işinin nəticələri zəif olan yüksəkreytinqli alimlərin də məqalələri çapa buraxılmır.

– Azərbaycan mühitini gözə alsaq, yəqin ki, işiniz tapşırıqsız, xahiş-minnətsiz ötüşmür…

– Həddindən artıq xahiş-minnət olur. Amma obyektivliyin qorunmasında cənab nazirin çox böyük dəstəyi var. Bir çox alimlər, başqa şəxslər müraciət edir, amma heç bir tapşırıq nəzərə alınmır. Axı ikisindən birini seçməlisən – ya obyektivliyi, ya da tapşırığı. İkincisini önə çəksək, bir-iki il sonra qeyri-ciddiliyə yol verən digər jurnallar kimi biz də sıradan çıxarıq. İnanın ki, jurnalın redaksiya heyətinin üzvlərinə də güzəşt edilmir. Onlardan bəzilərinin məqalələri mənfi rəy aldığından nəşrə buraxılmayıb. Bəzi insanlarla münasibətlərdə müəyyən soyuqluq da yaranıb…

– Xaricə «beyin axını»nın qarşısını ala bilirsiniz?

– Gərək öncə alimlərin maddi durumunu yaxşılaşdıraq. İnanmıram ki, yaxşı maddi imkanı və elmi araşdırmalar üçün normal şəraiti olan alim başqa ölkədə yaşamaq istəsin. Amma xaricdə özünü təsdiqləyən və geri dönmək istəməyən alimlərin ölkəyə gətirilməsi də məqsədəuyğun deyil. Əksinə, onların yanında püxtələşmək üçün ölkəmizdən gənc kadrlar göndərilməlidir. İndi dövlətin dəstəyi artıb…

– Sizcə, hər hansı islahata nə dərəcədə ehtiyac var?

– İndi müstəqil dövlət kimi, elmdə qazanılan hər uğur Azərbaycanın adına yazılır. Bu baxımdan elmi tədqiqat işlərinin məzmunu da dəyişməli, müəyyən islahatlar da aparılmalıdır. Uzun illərin aliminin bu müddətdə heç bir elmi göstəricisi yoxdursa, həmin adam bilməlidir ki, o yeri tutmağın özü də elmə zərbədir. Hər bir elmi işçidən ciddi hesabatlar qəbul edilməlidir. Alimlər qarşısında iqtisadiyyatımıza xeyir gətirə biləcək problematik məsələlər qaldırılmalıdır. Eyni zamanda alimin gözü heç bir yerdə qalmamalı, işinə görə aldığı maaşla ailəsini normal dolandırmağı bacarmalıdır. Alimin maddi sıxıntıları varsa, onun beyni elmi işə deyil, qayğılarının həllinə köklənir.

– Fikrət müəllim, Azərbaycandan da kiçik dövlətlər var ki, «Thomson Reuters»in bazasında təsir əmsallı («impact factor»lu) bir neçə jurnalı qeydə alınıb. Cəmi bir jurnal Azərbaycan üçün az deyil?

– Tamamilə yerində verilən sualdır. Azərbaycanda elmin elə sahələri var ki, onlar çoxdan öz jurnallarını bu siyahıya salmaq üçün cəhd göstərməliydilər və əminəm ki, buna nail də olardılar. Onlar ilk növbədə güclü redaksiya heyəti formalaşdırmalıdırlar. Sonrası çətin deyil...
XS
SM
MD
LG