Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:42

Orta məktəb «qızıl»ının suallı məntiqi


Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin məzunları.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin məzunları.
-
Bu günlərdə Təhsil Nazirliyi 2012-2013-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin XI sinfini medalla bitirmiş məzunların siyahısını açıqladı. Siyahıya görə, 238 şagird qızıl, 10 şagird gümüş medal alıb.

SİYAHININ AÇIQLANMA ZAMANI

Medal almaq qəbul imtahanlarında abituriyentə elə bir üstünlük verməsə də, həvəsləndirici amil sayılır. Elə Təhsil Nazirliyi də bildirir ki, «şagirdlərin təlimdə xüsusi nailiyyətlərə görə qızıl və ya gümüş medalla təltif olunması onların həyatında mühüm hadisə və mənəvi stimuldur».

Təhsil eksperti Nadir İsrafilov diqqəti başqa məqama yönəldir və soruşur ki, medalçıların siyahısı niyə buraxılış imtahanlarından dərhal sonra deyil, ali məktəblərə qəbul imtahanlarının ardından açıqlanır? Onun fikrincə, TQDK-nın nəticələri açıqlanandan sonra siyahıya düzəlişlər edilib, yoxsa qızıl medalçıların gümüş alanlardan 24 dəfə çox olmasını necə əsaslandırmaq olar? Ekspert təhsil şöbəsinin müdiri işlədiyi dövrü də xatırladır:

«Deyək ki, 100 medal verilirdisə, 60-ı bürünc, 25-i gümüş, haradasa 10-u qızıl olardı. Yəni piramida yuxarı qalxdıqca, qızılın sayı azalardı. Amma indi 248 medalın 238-i qızıldır, 10-u gümüş. Bu, heç bir məntiqə və təhsil təcrübəsinə sığmır».

700 BAL TOPLAMIŞ MEDALSIZ ABİTURİYENTLƏR

Bu il qəbul imtahanlarında 700 bal toplayanlardan bəziləri qızıl medal üçün müraciət etmədiklərini bildirirlər. IV ixtisas qrupunda 700 bal toplayan Aytən Paşazadə deyir ki, qızıl medal ona heç bir üstünlük vermədiyi üçün belə davranıb:
Foto: Arxiv
Foto: Arxiv

«Marağım olmadı qızıl medal almağa. Özləri dedilər, təklif etdilər, ancaq adımı yazdırmadım. Sadəcə, adı var. Sadəcə, statusdur, heç bir şeyə xeyri yoxdur, axı».

3-cü ixtisas qrupunda 700 bal toplayan Flora Qafarova bunu təkcə şəxsi istəyə bağlamır:

«İstəkdən də asılıdır, ancaq şərtləri də var. Respublika səviyyəsində olimpiadalarda yer tutanlar lazımdır. Namizədlərin adlarını da özləri göndərirlər».

Mingəçevirdəki 13 saylı məktəbin məzunu İlkin Əliyev qızıl medal alıb. Məktəbin direktoru Tünzalə Seyidovanın dediyinə görə, 1-ci sinifdən axırıncı sinfədək «əla» qiymətlərlə oxuduğuna görə İlkinə medal verilib:

«Bütün fənləri əla oxuyurdu. Bircə dənə «4»ü yoxdur. Çox istedadlı uşaqdır. Özü də tərbiyəsi, intellektual səviyyəsi ilə həmişə seçilib».

İlkin Əliyev 600-ə yaxın bal toplayıb və Bakı Dövlət Universitetinə qəbul olub.

BİR MƏKTƏBDƏN AZI 7 MEDALÇI

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 7 məzunu qızıl medal alıb. Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin adı da həmin siyahıdadır. Onun 590 balla Diplomatiya Akademiyasına qəbul olunduğu bildirilir.

Etibar Əliyev
Etibar Əliyev
Heydər Əliyev adına liseyin 9, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 8, 132-134 nömrəli təhsil kompleksinin 8, Bakı şəhəri Nəsimi rayonu 23 nömrəli orta məktəbin 4 məzununa qızıl medal verilib.

«TQDK-NIN VƏ EKSPERTİZANIN NƏTİCƏLƏRİ NƏZƏRƏ ALINMALIYDI»

Qızıl medal orta məktəb qiymətlərinin 75 faizi, son attestat qiymətlərinin hamısı «əla» olan şagirdlərə verilir. Ancaq «21-ci Əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev məktəblərdə qiymət şişirtməsinə yol verildiyini istisna etmir. O, hər il attestat qiymətləri «əla» olan abituriyentlərin 14-15 faizinin imtahanlarda 0-200 bal topladığını vurğulayır:

«TQDK-nın nəticələri mütləq nəzərə alınmalıydı. Bir az gözləmək lazım idi. Attestat qiymətləri əla olanlar TQDK-nın keçirdiyi yekun imtahanda hansı nəticələri göstəriblər? Bundan başqa Təhsil Nazirliyi medal verilməsi nəzərdə tutulan şəxslərlə bağlı jurnalların ekspertizasını aparmalıydı. Rüblük və yekun qiymətlərin ekspertizası həyata keçirilməliydi».

Təhsil Nazirliyi, hələlik, məsələylə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmayıb.

Qızıl və gümüş medalçıların adları oxuduqları məktəbin «Şərəf kitabı»na yazılacaq.
XS
SM
MD
LG