Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:14

Zakir Sadatlı "Əfqanıstan uçurumu" (Əsərdən parça)


Zakir Sadatlı
Zakir Sadatlı

"Dəbilqəmi çıxarıb qazmanın içinə tulladım. Səngərin qırağındakı yaş torpağın üstündə yerimi rahatladım: cəhənnəm olsun e, - müharibə də, hərbi borc da…"

-

Təlim zamanı bəzi zabitlər əsgərlərə “Səngər qaz!” əvəzinə, “Öz qəbrini qaz!” deyə əmr edərdilər. Biz də bunu şirin bir zarafat bilib, tapşırığı yerinə yetirərdik… Ey dadi-bidad, əslində o zabitlər nə dediklərini yaxşı bilirmiş – doğrudan da təkadamlıq səngər qəbirdir ki qəbir!..


Zakir Sadatlı


ƏFQANISTAN UÇURUMU

Xatirə-roman
(Əsərdən parça)

("Qanun" nəşriyyatı)


Ölənlərin xatirəsinə
Qalanların xətrinə
Və bir də…
Həqiqət naminə!

Müəllif

…Но прошлое не может умереть
Оно из ничего родится снова…

Viktor Tarasov,
Əfqan döyüşçüsü, şəhid şair



…Alın yazımdan sonrakı yazılardı – yaddaşımın Əfqanıstan yazıları… Ola bilsin, taleyimin bir abzasıdı…

Bunu çoxdan, lap çoxdan yazmalıydım. Yazammadım.

Əslində, heç bu gün də yazmıram, sadəcə, yaddaşıma nökərçilik edirəm: Elə bil bütün olub keçənlər qorxulu bir yuxudur, davam edir, amma oyanıb danışılası, izah olunası deyil.

* * *

…İnsanı heç nə kor etməz – aydınlıq qədər!
Adamı heç nə göynətməz – xatirələr kimi!

* * *

Mənimçün bu yazını başlamaq, əlində düşmən haqqında azdan-çoxdan kəşfiyyat məlumatları olan komandirin döyüşə başlamaq qərarına gəlməyi qədər vaxt, tərəddüd, ölçüb-biçmək, qorxu, həyəcan əzablarının yaşantıları deməkdir.

Müharibədə ən çətini döyüşə başlamaqdır. Sonrası «asandır»: ara qarışır, məzhəb itir. Bütün hazır «ssenari» döyüşün gedişində it-bata düşür. Yaranmış şərait döyüşən tərəflərin qarşısında yeni, gözlənilməz, dəyişən tələblər qoyur. Belə qarmaqarışıqlıqlar, xaos həmişə müharibə haqqında həqiqəti yazmağa çətinlik törədir.
Müharibələr niyə təkrar olunur?

Ona görə ki, müharibəni ən çox tarixçilər yazır. Tarixçilərsə həmişə hadisələrin təfərrüatını diqqətdən kənarda qoyur; qorxunu, əzabı veclərinə almamaqla insan amilini unudurlar. Ən azı İNSANI müharibənin məzmunundan ayırıb kənara atırlar. Və bəşər ehtiraslarının özünütəsdiq ədavəti həmin səthdə çuxur qalan yerlərə qayıtmağa, öz yerini tutmağa can atır.

Tarixçiləri quru, statistik rəqəmlər və uzaq başı ümumi məkanın adı maraqlandırır. Onların o yerlərdəki çöl çiçəyiylə, çör-çöplə, daş-qumla işləri yoxdur… Tarixçiyə bədənində güllə soyudan ağac, güllədən başı yaralanmış daş, zərbədən bağrı çatlayan evlərin divarlarından danışsan, ya gülməkdən uğunub gedər, ya da əsəbiləşib üz-gözünü turşudar. Və bax, beləcə onlar müharibənin rənglərini korlayırlar. Amma nə etmək olar ki, tarixçisi, salnaməçisi olmayan müharibə ölü doğulan körpəyə oxşayar.
Müharibədə insanlar təkcə itirilmir – həm də kəşf olunur, tanınır, tapılır, yaranır!

…Heç bilirsiniz, döyüş insanları necə gözəlləşdirir?

Heç bilirsiniz, savaş adamları necə əclafa çevirir?

Və axırda, lap axırda görürsən; ruhundakı ən təmiz duyğuları, ən ali hissləri, işıqlı münasibətləri qanına qəltan eləyib, elə döyüşdəcə dəfn eləmisən.

Bilirsiniz?!

Noolar, lap yaxşı…

Sizi bu dünyada alçalda bilən ən çirkin sirləriniz kimi, hamıdan gizləyin onu… Ən azı unutmağa çalışın, özünüzü də elə inandırın ki, hər şeydən xəbərsizsiniz…

Bilmirsiniz?!

Bilməyin, Allah xətrinə!

Bilmədikləriniz azdırmı məgər – evinizin içindən tutmuş dünyanın çölünə qədər…



* * *

… И снова нам в путь,
Зовет вдаль дорога.
Сколько пройти
Нам придется еще…
Будем надеяться,
Что осталось немного,
А пока автомат
Тянет книзу плечо*.
Bir «əfqan» mahnısından


_______

* …Yenə də yol…
Uzaq səfərə çağırır bizi.
Görən nə qədər hələ
Yol getməli olacağıq
Ümid edəcəyik ki,
Lap az qalır mənzilə…
Amma hələ avtomat
Çiynimizi aşağı dartır.


…Bizi Almaniyadan təyyarə ilə Aşqabada gətirdilər. İki gün bu şəhərdə qaldıq. Axşam qatarla Quşqaya yola düşdük. Mən o günəcən bilmirdim ki, Quşqa – Türkmənistanın sonuncu cənub şəhəridir və Əfqanıstan sərhədinin lap yaxınlığında yerləşir.

«Aşqabad-Quşqa» qatarı bizi mənzil başına çatdıranda gün günortadan keçmişdi. Hay-küylə qatardan tökülüşdük. Bizi Almaniyadan gətirən zabitin əmriylə bütün əsgər və çavuşlar vağzalın həyətində sıraya düzüldülər. O, adbaad siyahını oxudu…
Hamı yerindəydi…
"Əfqanıstan uçurumu"
"Əfqanıstan uçurumu"

Qoca Asiyanın bomboz qış havasından və üzünə kül ələnmiş Quşqanın ətraf təpələrindən hücuma keçib, kələyimizi kəsən kəmfürsət soyuq hamımızın ovqatını təlx eləyirdi.

Sonra bizim zabit sıranın qabağında bir az ora-bura var-gəl elədi. Deyəsən, sözlü adama oxşayırdı. Birdən boğuq və zabitəli bir səslə əmr etdi:

– Dağılışın!..

Dağılışdıq.

– «U» hərfi formasında sıraya düzlənin!..

Düzləndik. Əsgəri qaydada onun başına toplaşdıq.

O, danışmağa tələsmirdi. Bizsə, ağzımızı ayırıb üzünə baxırdıq, təzə xəbər gözləyirdik. «Görəsən, harada gecələyəcəyik? Ayrı-ayrı hərbi hissələrə bölünəcəyik, yoxsa hamımız bir yerə düşəcəyik?..»

– Sizinlə yoldaşlığım bura qədərdi. İndi başqa zabitlər gəlib sizi təhvil götürəcəklər.
Mən yenidən Almaniyaya qayıdacağam… (Yorğun, xırıltılı və ağrılı səsinə bir xeyli ara verdi) İnanın, uşaqlar, sizin kimi döyüşçülərdən ayrılmaq şəxsən mənimçün çox çətindir. Amma nə etməli? Biz hər birimiz Vətənin əsgəriyik. Bilirsiniz də, onun da əmri həmişə, hər yerdə sözsüz yerinə yetirilir… (Onun bu cümləsində təsdiqdən çox inkar notları, ələsalma, ironiya və rişxənd var idi. Ədalətsizliyi anlayıb, ona qarşı çıxa bilməyən, ancaq içində Özündən böyük Güclə barışmayan adamın zəif müqavimətinin işartıları boylanırdı – bizim zabitin həm səsindən, həm də üz-gözünün ifadəsindən). Xahiş edirəm, harada olsanız, sizi əsl döyüşçü kimi yetişdirən ilk hərbi hissənizi, zabitlərinizi unutmayın! «Sovet İttifaqının Almaniyadakı Məhdud Qoşun Hissələri»nin çox şərəfli adı və ənənəsi var. Uca tutun bu adı, qoruyun o şərəfi… Arzum budur ki, hamınız Əfqanıstandan ata-ananızın, sevgilinizin, dostlarınızın yanına sağ-salamat qayıdasınız… (Hiss elədim ki, o, sonuncu cümləsini ürəkdən deyir, bizlərin taleyinə acıyır.)

«Əfqanıstan» adını eşidən kimi elə bil kimsə bizi dümsükləyib, yuxudan oyatdı və uşaqların arasında hay-küy qopdu. Sanki külək burulğanı quru xəzəlləri göyə sovurdu.
– Necə?! Bizi Əfqanıstana göndərirlər? Axı, orda demişdilər ki, siz hərbi xidmətinizin qalan hissəsini Sovetlər Birliyində davam etdirəcəksiniz. Biz də sevinmişdik: evdən pul, bağlama alacağıq. Qızlarla tanış olub, kef çəkəcəyik…

Artıq hər şey uduzulmuşdu. Daha zabitin nə danışdığının fərqinə varan yox idi. Qəfil zərbədən sarsılıb özünü itirən adam kimi qol-qanadımız qırılmışdı. Sadəcə, dayanıb key-key onun üzünə baxırdıq. Səsini eşitsək də, nə dediyini anlaya bilmirdik. Köhnə filmlərdəki lal kadrlar kimi onun ağzı-açılıb yumulurdu. Qəfil, sarsıdıcı xəbərin beynimizdə yaratdığı uğultudan başqa heç nə eşitmirdik… Başımıza gələn ağlımıza gəlməmişdi.

O, uzun bir nitq irad edib susdu. Lap axırda əl atıb yol çantasından bir şüşə «Russkaya vodka» çıxartdı, bizim sağlığımıza (dodağının altında mızıldaya-mızıldaya) vida tostu dedi. Butulkanı başına çəkdi…

Hamımız eyni vaxtda siqaret yandırdıq, siqaretin tüstüsünü içimizin tüstüsünə qarışdırdıq.

Çox qəribə mənzərəydi. Elə bil, barmaqlarımızın arasındakı siqaret deyil, yaş odun kösövüydü – əlimizdə, dodaqlarımızda öz-özünə tüstülənirdi. Bəlkə də Quşqanın dəmiryol vağzalı ömrü boyu bu boyda tüstü dumanında boğulmamışdı.
Zabit bizdən aralanıb, gedib səkinin üstündə oturdu.

Əsgərlər dağılışdılar. Bir azdan üç-üç, beş-beş topalaşıb, tədbir tökməyə başladıq (Guya nəyisə dəyişə biləcəkdik).

Hamımız «alman» olsaq da, eyni hərbi hissənin əsgəri deyildik. Yolda üzəvari tanış olub dostlaşmışdıq. Söhbətlərdən məlum olurdu ki, heç birimiz Almaniyada ipə-sapa yatan olmamışıq. Və məqam düşən kimi zabitlər fürsəti fövtə verməyib: Müharibəyə döyüşçü lazımdır? Buyurun, neçə nəfər deyirsiniz, verək. Üzə qayıdan, döşəmə-tualet yumayan əsgər nəyimizə lazımdır? Qoy gedib, Əfqanıstanda burunları ovulsun, boyunları qoltuqaltı görsün…

… Hardansa üç nəfər zabit peyda oldu. Onlar bizi gətirən zabitə yaxınlaşıb, hərbi qaydada təzim etdilər. Əyinlərində səhra forması var idi. Paqonlarına ulduz taxılmamışdı. Ona görə də rütbələrini müəyyənləşdirmək olmurdu. Hamı diqqət və xüsusi maraqla təzə zabitlərə baxırdı.

Bizi yenidən sıraya düzüb, adbaad yoxladılar. Elə sıranın qabağındaca təhvil-təslim sənədlərini imzaladılar.

Birdən «bizim zabit» pipiyini dikəldən xoruz kimi əlini yuxarı qaldırdı:

– Bir dəqiqə mənə qulaq asın, yoldaşlar!.. Qulaq asın deyirəm sizə!.. – O, ayaq üstə sağa-sola yellənib səndələdi. Bayaq başına çəkdiyi butulka yavaş-yavaş öz işini görürdü. Zabit əməlli-başlı kövrəlmişdi. Səndələyə-səndələyə irəli addımlayıb, sıradakı əsgərlərdən ikisinin boynuna qollarını doladı və başını qucaqladığı əsgərlərin arasında dayanan çavuşun sinəsinə söykəyib, xeyli beləcə dayandı. Boğuq səsindən və çiyinlərinin qalxıb-enməsindən hamımız bildik ki, ağlayır. Sonra “bizim zabit” başını qaldırıb bir addım geri çəkildi. Quş qanadı kimi qollarını açıb: «Hamınızı qucaqlayıram, hamınızı öpürəm, – dedi. – Əlvida, bizim uşaqlarımız!..» Məlul-müşkül «vida mərasimini» seyr edən zabitlərə tərəf dönüb, əmr edirmiş kimi dişlərini xırçıldada-xırçıldada dedi:

– Bu əsgərlərə heç vaxt yazığınız gəlməsin, amma istərdim, həm də onları hər vaxt qoruyasınız!.. Sizin hamınızın anasını… (Deyəsən, o artıq əməlli-başlı sərxoş idi).
Bizi «yerli zabitlərə» beləcə tapşırdı; beləcə, vida sözünü dedi...
Sonra «yerli zabitlər»in əlini sıxıb, onlardan aralandı. Gedə-gedə birdən nə fikirləşdisə, ayaq saxladı. Geriyə döndü. «Fərəqət!» komandası alıbmış kimi, lal-dinməz hərbi qaydada, uzaqdan-uzağa bizə təzim etdi və dərhal da üzünü çevirib, sürətlə platformadan enən beton pilləkənlərə tərəf addımladı.

Biz onun dalınca baxa-baxa qaldıq…

O öz borcunu yerinə yetirdi. Cəhənnəm qulluqçusu kimi bizi qapıdan içəri salıb, çıxıb getdi.

Quşqanın dəmiryol vağzalından pay-piyada yola düşdük – şəhərin kənarındakı dağın döşündə yerləşən hərbi hissəyə tərəf… Zabitlərdən biri qabaqda, o biriləri isə dəstənin sağ və sol böyrüylə irəliləyirdi… Eynən, çoban köçüydük elə bil…

Küçə boyu irəlilədikcə, evlərin eyvanından, həyətlərdən, yolun qırağındakı səkilərdən mülki geyimli adamlar (ən çox da qadın və uşaqlar) bizim tamaşamıza durmuşdular. Qadınlar, qızlar və uşaqlar arasından bizə əl eləyib, öpüş göndərənlər də vardı. Yolun qırağında dayanıb, bizə baxa-baxa ağlayan yaşlı qadının görkəmini elə o andaca göz yaddaşıma göçürdüm. Anamı xatırladım, ürəyimin başı göynədi: «Təki yuxusuna girməsin», - dedim.

Hər halda, Quşqanın mülki adamlarının təşvişi və narahatçılığı yaxşı heç nə vəd eləmirdi. Fövqəladə hadisələrin baş verə biləcəyi sövq-təbii sezilirdi.
Dağın döşündəki hərbi hissəyə çatdıq. Xarabalığa oxşayırdı. Az qalırdı «qu» deyəndə, qulaq tutulsun. Şəhərdən daha çox qəsəbəyə bənzəyən Quşqanın kirli mənzərəsi buradan apaydın görünürdü.

Bizi buz kimi soyuq kino zalına doldurub, qapını bağladılar.

Axşama az qalırdı.

1979-cu il dekabrın son günləri idi.

Hələ Əfqanıstanda müharibə başlamamışdı. Zalda cərgəylə düzülmüş taxta oturacaqların arasında zabitlər diqqətlə «təzə əsgərlər»ə baxa-baxa gəzişirdilər. Hərdən ayaq saxlayıb, kimisə sorğu-suala tutur və götürüb aparırdılar.
Mənə yiyə duran yox idi.

Bu vaxt zala bir nəfər baş leytenant daxil oldu. O biri zabitlərin üstünə çəmkirdi:

– Ey, parazitlər, əsgərləri mənsiz bölüşdürmüsünüz də… Özünüzə yaxşılarını götürmüsünüz. İzmalkovu da göndərmisiniz «üç hərfdən» o tərəfə. Bax, sizə bunu verərəm (Baş barmağını şəhadət barmağıyla orta barmağının arasına keçirib, yumruğunu zabitlərə tərəf uzatdı). Belə ola bilməz. Heç vaxt ola bilməz. Gəlin, təzədən başlayaq…

O, deyinə-deyinə əsgərləri müştəri gözüylə süzürdü. Mən divarın yarıqaranlıq küncünə qısılıb, sınıq-salxaq taxta klub oturacağında oturmuşdum. Dayanıb xeyli zəndlə üzümə baxdı. Şəhadət barmağını uzadıb mənə işarə verdi: «Dur, bura gəl!» Qalxıb, oturacaq cərgələrin arasından keçmək istəyirdim ki, təzədən işarə verdi: “Yük torbanı da özünlə götür!”

Yoldaşlarım pıçıldaşdılar:

– Yəqin elə bilir, Almaniyadan yaxşı yeyib-içmək gətirmisən…

Baş leytenantın hüzuruna gəldim. Hərbi qaydada təzim etdim. Məruzə etməyə macal vermədi. Əl uzatdı. Görüşdük. Familiyamı deyil, adımı soruşdu. Almaniyada hansı hərbi hissədə xidmət etdiyimi, hansı növ təlimlər keçdiyimi, milliyyətimi, təhsilimi öyrənəndən sonra sual verdi:

– Kəşfiyyatçı olmaq istəyirsən?

– Nə bilim…

– Gəl dalımca!..

Biz otağa girəndə balacaboy, qarasaç, qaragöz bir mayor stolun üstünə sərilmiş hərbi xəritədə öz-özünə mızıldana-mızıldana karandaşla nəsə qeyd aparırdı. Baş leytenant ona məruzə etdi:

– Bir nəfər də tapmışam, cənab mayor.

O, başını yuxarı qaldırdı. Sol gözünü qıyıb məni başdan-ayağa süzdü. Ancaq üzünün ifadəsində heç nə dəyişmədi. Soyuqqanlıqla əl tutub, görüşdü mənimlə: «Burada nə yaxşı zabitlər var. Hətta əsgərlə adam kimi əl tutub görüşürlər», – düşündüm.

– Haradansan?

– Azərbaycandanam – dedim.

– Охх ты , yerliyik ki! Mən də Sibirdənəm. Hə, yaxşı, eloğlu, tanış olaq: mayor Çyornoqlaz! Darıxma, daha tez-tez eşidəcəksən mənim familyamı. Yəqin, sənə deyəcəklər. Mən əsgəri quru yuyub, yaş sərən zabitlərdənəm (Güldü). Qorxma, zarafat edirəm… Bir yerdə xidmət edəcəyik – döyüşən kəşfiyyatçı kimi…
Onun zabitdən daha çox müəllim kimi davranmağı məni xeyli ürəkləndirdi. Bu anda ürəyimdən keçənləri qorxu-hürküsüz dilimə gətirdim:

– Yox, cənab mayor, məndən kəşfiyyatçı olmaz. Qətiyyən bacarmaram (İstəyirdim yoldaşlarımın yanına qayıdım).

- Necə?.. Nə dedin?.. Bir də de görüm… - Mülayim danışsa da, heyrətdən gözlərində şimşək çaxdı.

– Bacarmaram!..

– Bacarmazsan, öyrədərik!

– Həm də… - dilimi sürüdüm, - istəmirəm.

– İstəmirsən? Məcbur eləyərik!.. Tez ol, yığışdır bunu buradan… İrəli… - İzmalkova göstəriş verdi.

…Mən hərbi qayda-qanunu bilirdim; bilirdim, orduda könüllü heç nə olmur. Burada əsas - zabitdir. Onu dəqiq atan silaha da bənzətmək olar. Silah nə qədər dəqiq və mükəmməl olsa, əsgər üçün bir o qədər rahatdır.

Əsgər də daim komandirin itaətində olur. Zabit nə qədər qüsursuz, tədbirli, qətiyyətli və cəsur olsa, əsgərin müdaxiləsinə bir o qədər az yer qalır.

Bəs, əsgər zabit üçün nə deməkdir?

Sahibi - sədaqətlə qulluq edən zirəng iti necə sevirsə, öz işini yaxşı bilən, onu canı-dildən yerinə yetirən əsgər də komandir üçün uzaq başı elə o deməkdir, vəssalam!
Beləliklə, etiraz eləməyimin heç bir xeyri olmadı və mən “alman” yoldaşlarımdan ayrılası oldum. İzmalkovun seçdiyi on nəfər əsgərlə birlikdə məni də aparıb kəşfiyyat taboruna qatdılar. Həmin gecə bizim tabor Quşqada bölük üçün nəzərdə tutulmuş əsgər kazarmasında gecələdi. İkiyaruslu dəmir çarpayılarda, taxta döşəmənin üstündə leş-leşə uzanıb yatdıq.

Səhər yuxudan durandan sonra həmin bölüyün yeməkxanasında bizə isti çay və suda bişirilmiş sıyıq verdilər. Yeməkdən sonra hamıya silah-sursat, bir həftəlik quru azuqə və siqaret payladılar. Nahara yaxın «həyəcan siqnalı»yla taboru ayağa qaldırıb, Əfqanıstan sərhədinə gətirdilər. Mayor Çyornoqlaz sərhəddən təqribən 150-200 metr aralı tabora səngər qazmağı əmr etdi. Dedilər ki, qarşı tərəfdən – yəni Əfqanıstandan hücum gözlənilir…

Gündüz saat 16 radələrində artilleriya, tank, piyada alayları da sərhədin yaxınlığına gətirildi. Təkcə bizim 83260 saylı kəşfiyyat taborunun 27 PDM-i, 6 tankı, 13 KDM-i və çoxlu ağır hərbi yük maşınları vardı.

Quşqayla Əfqanıstan sərhədi arasında diviziyanın tank alayı və reaktiv taboru ara vermədən manevr edirdi.

* * *

Döyüşdə niyə səngər qazırlar? Təkcə ona görə yox ki, düşmən gülləsindən qorunursan, həm də ona görə ki, bu qazma sənə ölüm evini – məzarı xatırladır. Torpaq adamın canından qorxunu sorub çıxarır, hər şeyin ötərgi, tənha və fani olduğunu aşılayır ruhuna… Səni bu dünyaya bağlayan yalançı telləri qırıb dağıdır. Adam belə anlarda özünü gizləyə bilmir…

Özüm üçün təkadamlıq dərin bir səngər qazıb, yan-yörəsini bərkidəndən sonra asudə nəfəs almağa başladım. Hava soyuq olsa da, bədənim tər-su içində idi. Sırıqlımı geyindim, siqaret yandırdım. Silahımı və yük torbamı götürüb, səngərə endim. Oturub gözləməyə başladım. Arabir boylanıb ətrafa baxırdım ki, görüm, yan-yörəmdə gözə dəyən kimsə varmı. Bir az əvvəl hər tərəf adamlarla dolu idi, səs-küydən, çığır-bağırdan qulaq tutulurdu. İndi isə hərbi texnikadan başqa heç nə gözə dəymirdi. Bayaqdan qarışqa kimi qaynaşan adamlar elə bil torpağa gömülmüşdülər, yalnız səngərlərin qırağındakı torpaq təpəciklər əsgəri nizamla sıralanmışdı və göz işlədikcə uzanıb gedirdi. Nabələd çöllərdə, tək-tənha soyuq səngərin içində təpik döyə-döyə gözləməkdən səbrim tükənmişdi.

Almaniyada xidmət elədiyim günlər yadıma düşdü. Təlim zamanı bəzi zabitlər əsgərlərə “Səngər qaz!” əvəzinə, “Öz qəbrini qaz!” deyə əmr edərdilər. Biz də bunu şirin bir zarafat bilib, tapşırığı yerinə yetirərdik… Ey dadi-bidad, əslində o zabitlər nə dediklərini yaxşı bilirmiş – doğrudan da təkadamlıq səngər qəbirdir ki qəbir!

…Qonşu səngərdən gələn fit səsini eşitdim. Diksinib xəyaldan ayıldım. “Qonşum” fitlə «Vağzalı» çalırdı. Əvvəlcə, elə bildim ki, məni qara basır…

Bu nə gözəl təsadüf oldu? Elə axşamdan bəri hey düşünürdüm, görəsən, buralarda, kim olur-olsun, həmyerlilərimdən bir nəfər rastıma çıxacaqmı?

Allah yetirdi… Ya bəxt! Hər şeydə bəxtimiz belə gətirsəydi, nə vardı ki!

Qalxıb səngərin içində ayaq üstə durdum. Boylanıb ətrafı dinşədim. Səs gələn səngəri manşırladım.

Eloğlum öz kefiylə «Vağzalı» püləyirdi. Məni gülmək tutdu. Bu boyda zülmün, zillətin içində ancaq bizimkilərin sümüyünə toy havası düşə bilərdi… İnsafən, fit səsindən özümün də canıma təpər, gözlərimə işıq gəlirdi.

Amma daxilən o səsə köklənməyə hazır deyildim. Tarım çəkilmiş əsəblərimin, toz-torpağa bulaşmış pal-paltarımın, soyuqdan göm-göy göyərmiş sir-sifətimin elə bircə «Vağzalı»sı çatışmırdı. «Bu əhli-kef oğlu əhli-kefi haradan tutub gətiriblər görəsən?..

Belə arın-arxayın, asudə nəfəs alırsa, ya çox güclü, iradəli adamdı, ya da ağı-qaradan seçə bilməyən vecsizin birisi», - düşündüm. Maraq məni götürdü.

Dəbilqəmi çıxarıb qazmanın içinə tulladım. Səngərin qırağındakı yaş torpağın üstündə yerimi rahatladım: cəhənnəm olsun e, - müharibə də, hərbi borc da… (Deyəsən, «Vağzalı» məni yavaş-yavaş ruh düşkünlüyü və bədbinliyin boğuq və havasız dərinliyindən dartıb çıxarırdı).

Səs kəsildi. Maraq məni boğurdu – fit çalanın kimliyini necə öyrənim?..

Balaca bir daş götürüb o tərəfə atdım. Dərhal səngərin içindən bir əsgər şalban kimi qalxıb, dim-dik dayandı. Rus millətindən olduğu açıq-aydın bilinirdi. Əli ilə işarə etdi: «Nə lazımdır?»

– Heç nə! – dedim – Orda təksən?.. (Heç dəxli var, sən Allah?!)

– Tutaq ki, yox. Əgər darıxırsansa, qonaq çağıra bilərik. Narahat olma, genişdir, üç
meyitə bəs eləyər.

– Yox, – dedim, – Çox sağ ol, mənim varımdır…

Bu vaxt onun böyründən ikinci əsgər də ayağa qalxdı. Gülə-gülə soruşdu:

– Брат, как твая могила? Можна ночевать?

– Əlbəttə.

– Sağlığına qismət!

Səsini eşidib, üzünə baxan kimi qanım qaynadı. «Vallah, yüz faiz bu əsgər bizimkilərdən olacaq. Yumoru da o qədər pis deyil. Həm də diribaşdır, deyəsən… Bayaqdan «Vağzalı»nı mələdən də elə budur yəqin».

Tanışlıq üçün körpü yaranmışdı. Xeyli bir-birimizə atmaca atıb, haradan olduğumuzu soruşduq.

Zəndim məni aldatmamışdı.

Həmyerli olduğumuzu biləndə quş kimi səngərdən sıçrayıb, mənə tərəf gəldi. Qucaqlaşıb öpüşdük (İndi olmasın). Oturub xeyli dərdləşdik. Elə bil, min ilin dostlarıydıq. Çörək yedik. Bir-birimizə ürək-dirək verdik.

Ağdamlı balası Bakir Qəmbərovla beləcə tapışdıq. O gündən dost olduq. Amma heç vaxt bir-birimizə «dost», «qardaş» demədik. Kefimizə düşəndə «qağa» deyib, çağırırdıq – mən onu, o məni…

Ən ağır dəqiqələrdə, ən ciddi məqamlarda bir-birimizi ələ salırdıq, məsxərəyə qoyurduq.

Dostluğumuz o qədər duruydu ki, o qədər aydındı ki, heç kim bizdən baş açmadı… Heç özümüz də…


* * *

… Hava bomboz bozarırdı. Axşam toranı düşürdü. Qar yağmağa başladı.
Biz hamımız sərhəd boyu səngərlərdə müdafiə mövqeyi tutmuşduq. Düzənlik boyu hərbi texnika ardarda düzülmüşdü. Başımızın üstündə vertolyotlar çəyirtkə sürüsü kimi fırlanırdı. Qırıcı təyyarələr ildırım sürətilə hündürlükdən tez-tez Əfqanıstan ərazisinə şığıyırdı, haralarısa bombalayıb qayıdırdı. Səhra geyimində olan yüksək rütbəli zabitlər ora-bura şütüyürdü. Qeyri-müəyyənlik içində elə bil naməlum bir uzaqlıqdan əmr, gözəgörünməz, məxfi bir tapşırıq gözlənilirdi.

Külək səngiyirdi, quşbaşı qar yağırdı, hisli-paslı Quşqanın ətraf təpələri qar örtüyündə ağarırdı.

Mayor Çyornoqlazın əmriylə taborun şəxsi heyəti hücum hazırlığı vəziyyətinə gətirildi. O, diviziyanın komandiri, general-mayor Şatalinin əmrini məruzə etdi:

– Bu gecə saat 12-də Ordumuz Əfqanıstana girməlidir. Ola bilsin, onların sərhədçiləri bizə müqavimət göstərsinlər. Narahat olmağa dəyməz. Əks-kəşfiyyatın yarım saat əvvəl verdiyi məlumata görə, əfqan sərhədçiləri sayca çox azdırlar. Hərbi texnikaları, demək olar ki, yoxdur. Əsasən, avtomat və pulemyotlarla silahlanıblar. Mənim əmrim olmadan dayanmaq, geri çəkilmək, atəşə ara vermək olmaz. Tərcüməçilər bütün hallarda təyin olunduqları zabitlərdən aralanmasınlar. Sıralarımızda tacik millətindən olan əsgərlər də var. Onların da köməyindən istifadə edə bilərsiniz… Bizi ən ağır döyüş Heratda gözləyir. Orada xüsusi təlim görmüş əksinqilabçılar, ayrı-ayrı ölkələrdən gəlmiş muzdlu, peşəkar döyüşçülərlə yerli bandalar birləşib mövqe tutublar. Ümumi komandanlığı Ənvər Pilot adlı bir şəxs öz üzərinə götürüb. Ən pisi odur ki, bu hərbçi uzun illər Sovet İttifaqında Hərbi Akademiyada təhsil alıb. Bizim döyüş taktikamıza, müasir hərbi texnikamıza bələddir…

Yubana bilmərik. Yoxsa, Amerikanın, o cümlədən başqa imperialist ölkələrin silahlı qüvvələri Əfqanıstanı zəbt edə və güclü hərbi bazalarını yerləşdirə bilərlər. Sovet İttifaqının cənub sərhədləri daim təhlükədə qala bilər.

Mayor çıxışını bitirəndən sonra bütün şəxsi heyətə xüsusi vərəqələr payladılar. İndi ağlıma sığışdıra bilmirəm ki, illərin o boyda itkinliyi, ayrılığı, od-alovu ağzından əl boyda kağız parçası canını necə qurtara bilib, daim cibimdə gəzdirdiyim hərbi biletimin arasında sağ-salamat qalıb.

Yazıya pozu yoxdu – deyirlər.

Amma baxır hansı yazıya… Görünür, o yazılar pozulmur ki, onlar eynən insanlar kimidir. Taleyi, tərcümeyi-halı var, insan kimi canı ağrı dağarcığı, ürəyi qəm-qüssə saxlancıdır. Və bir də, o yazılar ona görə pozulmur ki, günlərin bir günü tarixə şəhadət verir, üzə durur…

“ SOVET ORDUSU DÖYÜŞÇÜSÜ ÜÇÜN YADDAŞ ”

Sovet əsgəri!

Yadında saxla ki, sən Əfqanıstanın ərazisində olduğun müddətdə, daxili reaksiya və imperializmlə mübarizə aparan xalqa, ölkəyə kömək əli uzadan bir ordunun nümayəndəsisən. Sovet İttifaqı bünövrəsi Lenin tərəfindən qoyulan ölkələrimiz arasındakı dostluq əlaqələrini əsas götürərək, Demokratik Əfqanıstan Respublikasının xahişilə qardaş xalqa köməyə gəlib. Bu kömək 1978-ci ildə imzalanmış «Dostluq, mehriban qonşuluq və əməkdaşlıq» haqqında müqavilə əsasında həyata keçirilir.
Vətənimizin – Böyük Sovet Sosialist Respublikaları İttifaqının sənin üzərinə qoyduğu böyük tarixi missiyaya layiq ol! Unutma ki, sənin hər bir hərəkətinə (əməlinə) görə əfqan xalqı bütün Sovet Ordusuna və bizim böyük Sovet Vətənimizə qiymət verəcək.
Əfqanıstan Orta Şərq ölkəsidir. Onun ərazisi 655 min kv. km, əhalisi 15 milyondan çoxdur. Ölkədə əfqanlar (və yaxud puştunlar), taciklər, özbəklər, xəzərlər, türkmənlər və s. xalqlar məskunlaşıblar.

Hazırda onlar Əfqanıstan Xalq Demokratik Partiyasının rəhbərliyi altında ölkədə elmi-sosializmə söykənən yeni cəmiyyət qururlar.

Sovet əsgəri!

Əfqanıstanda olarkən heç vaxt unutma ki, sən beynəlmiləl döyüşçüsən! Əfqanıstanda yaşayan hər bir xalqın milli qürur hissinə hörmətlə yanaş! Əfqanlarla ünsiyyətdə olarkən millətləri qarşı-qarşıya qoyma, çünki bu onların milli qürur və ləyaqətinə toxunar, Sovet Ordusuna qarşı narazılıq yarada bilər.

Unutma ki, bu ölkədə əhalinin əksəriyyəti dindardır. Əsrlər boyu əfqan xalqının məişəti, adət-ənənələri islam dininin təsirilə formalaşıb.
Sovet əsgəri!

Hətta razı olmasan belə, özgəsinin adət-ənənəsinə hörmətlə yanaş; onların müqəddəs bildiyi hər nə varsa, onu təhqir etmə. Hərbi zərurət olmadan məscidlərə, ziyarətgahlara, qəbiristanlıqlara girmə. Dini tikililər olan əraziləri özün üçün dayanacaq etmə. Namaz qılarkən müsəlmana mane olma, ibadət edərkən ona yaxınlaşma, ona istehza etmə.

Yadında saxla ki, əfqanların adət-ənənəsini bilmək onların hörmətini qazanmaqda sənə kömək edər, əks-qüvvələrin fəaliyyətini çətinləşdirər.

O əks-qüvvələr ki, onlar sənin hər bir səhvindən istifadə edib, əfqan xalqında təmsil etdiyin Ölkə və Orduya qarşı düşmənçilik hissi oyatmağa cəhd edəcək.

Sovet əsgəri!

Əfqanlara müraciət edərkən, çalış onlara ehtiramını büruzə verəsən. Əfqanlar çox qonaqpərvərdirlər. Onların qonaqpərvərliyindən sui-istifadə etmə. Əgər əfqan səni evinə qonaq çağırırsa, komandirinin icazəsilə gedə bilərsən.

Əfqan müsəlmanlarının evində qadınlar xüsusi ayrılmış otaqlarda qalır və yad adamlar olan yerdə üzə çıxmırlar. Evin qadınlar üçün ayrılmış hissəsinə keçməyə cəhd göstərmə. Kişilər danışıq zamanı öz arvadı haqqında söz açmırlar. Ona görə də müsəlmanla hal-əhval tutarkən onun qadını haqqında heç nə soruşmaq olmaz. Yaşayış məntəqələrində həyətlərə və pəncərələrə boylanma. Müsəlman qadınları çadrada gəzir. Qadınların üzünə baxmaq və yaxud onun çadrasını qaldırmaq üçün edilən hər hansı bir cəhd müsəlmanlar üçün çox böyük təhqir sayılır.

Sovet əsgəri!

Əfqanıstanda olarkən həkimlərin bütün məsləhət və göstərişlərinə əməl et. Xatırla ki, Əfqanıstan sanitariya baxımından o qədər də abad yer deyil. Üstündə gəzdirdiyin qumqumada daima su olsun. Arxlardan, quyulardan və başqa su hövzələrindən su içmə. Çünki onlar bir çox hallarda yoluxucu xəstəliklərin mənbəyinə çevrilir.

Sovet əsgəri!

Əfqanıstanda olduğun müddətdə xüsusən sayıq ol! Əgər ehtiyac yoxdursa, naməlum adamlarla ünsiyyət yaratma. Yadda saxla ki, onlar bundan kəşfiyyat məlumatları toplamaq, sovet əsgərinin nüfuzuna xələl gətirmək üçün istifadə edə bilərlər. Yaşayış yerlərində, şəhərlərdə olarkən sovet komendaturasının göstərişlərinə dəqiq əməl et.

Əsgər!

Vətən sənin üzərinə xeyirxah və şərəfli bir missiya qoyub. Zəhmətkeş əfqan xalqının əldə etdiyi inqilabi nailiyyətləri qorumaqda və sülh şəraitində yeni həyat quruculuğu yolunda ona hərtərəfli yardımçı olmalısan.

Həmişə və hər şeydə bu böyük missiyaya layiq ol!

Sovet döyüşçüsünün, azadlıq əsgərinin, beynəlmiləl döyüşçünün şərəf və ləyaqətini uca tut!

* * *

…İlk axşamdan yağan qar gecəyarısı xeyli gücləndi. Gözlədiyimiz siqnal fişəngi də elə bu anlarda atıldı. Bu, sərhədə doğru hərəkət üçün işarə idi.

Ətraf qəfil işıqlanıb, qaranlığa qərq oldu. Yüzlərlə ağır hərbi texnika eyni anda işə düşdü… Tanklar, PDM-lər, pulemyotlar sərhəd boyu atəş açmağa başladı. Bütün diviziya üzü Əfqan torpağına tərəf hərəkətə gəldi…

Bakir, mən və bir neçə əsgər üstü çadırla örtülü «Ural» maşınına mindik. Hamımız hansısa görünməz bir həqiqətə doğru irəliləyirdik. İlan gülləyə sıçrayan kimi, biz də müharibəyə sıçrayırdıq, ölümə şığıyırdıq…

Bədəni güllədən deşik-deşik olmuş əfqan əsgəri tikanlı sərhəd dirəklərinin arasında üzüqoylu torpağa quylanmışdı. Qanı çilənmişdi qarın üstünə. Sağ əli hələ də silahının qundağındaydı…

Qaranlıqda arxamızca gələn maşının işığında bu mənzərəni görən kimi üzümü yana tutdum.

Amma gec idi… Artıq bizi qan tutmuşdu. İlk addım atılmışdı. Bir az əvvəl bizə «Azadlıq ordusu», «Beynəlmiləlçi», «Sülhməramlı qüvvə» – deyib, qoltuğumuza qarpız verənlərin əsl məramı bu idimi? Deyilənlərə görə, biz «alqış» yiyəsi olmalıydıq, «qarğış» yiyəsi yox…

Beləliklə, meyitinin üstündən adladığımız sərhədçi əfqan əsgərin qanı ilə suvarılmış torpaq hələ bumbuz idi; hələ qızmar günəşindən yanmamışdıq, səhraları üstümüzə od ələməmişdi, dağları başımıza daş tökməmişdi, küləklərlə oynaşan qumlu torpağı bit-sirkə kimi canımıza daraşmamışdı…

Səhər açılırdı. Bütün gecəni yol gələn, ucu-bucağı görünməyən hərbi kalon şəhərin qırağından keçən şosse yolunda sıralanıb dayanmışdı…

Bu şəhər bizi azan səsiylə qarşılayırdı; ruhnan, işıqnan, min illik müdrik görkəmiynən çıxmışdı qənşərimizə…

Bu qocaman Şərq şəhərinin uca minarələri, əzəmətli məscidləri, yan-yörəsində baş-başa verən vəhşi dağları bir gecənin içində üstünə div kimi yeriyən Ordudan, onun gətirdiyi bəlalardan xəbərsizdi hələ.

«Görəsən, bura Əfqanıstanın harasıdı?» - öz-özümə fikirləşdim. Tərtəmiz havanın qəribə bir qoxusu dəyirdi burnuma. Mən bu qoxunu bir az torpağa qarışmış saman ətrinə, bir az da yenicə bişmiş halvaya oxşadırdım. Amma dəqiq anlaya bilmirdim ki, hansına daha çox yaxındı.

– Bu Şindand şəhəridir? – zabitlərdən biri mayor Çyornoqlazdan soruşdu.

– Yox, yox… bura Heratdır, – bir az da dəqiqləşdirdi, – Herat şəhəridir…

Sübhün işığında Herata baxa-baxa ruhumu ovsunlayan qədimliyin sehrinə düşmüşdüm. Bu nə məhrəmlik, bu nə doğmalıqdı, İlahi! Burda nə vaxt doğulmuşam, burda haçan ölmüşəm mən?.. Sümüklərim niyə sızıldayır, ürəyim niyə döyünür, axı?.. Nə vaxt görüşmüşük, nə vaxt ayrılmışıq? Yadıma sala bilmirəm, ay Herat, yadıma sala bilmirəm!..

Herat, ay Herat!..

Hardaydın, dədəm-qardaşım!

Ruhumun qərib paytaxtı, haradaydın indiyəcən?.. Kaş, heç sənin qapına «xoş gələn» günümüz olmayaydı! Sənə arxa durmağa, kömək əli uzatmağa gəlməmişik haa. Gəlmişik səni qanına qəltan eləyək…

Gecəyarı sərhəddə güllələnmiş əsgəri xatırladım. Birdən birə mənə elə gəldi ki, o şəhid əsgər də heratlıdı. Görəsən, arın-arxayın dağlara dirsəklənib mürgüləyən bu şəhər ölmüş balasının qara xəbərini eşidəndə neyləyəcək?

…Hər yandan başı ağ çalmalı kişilər, əyni-başı tökülmüş ayaqyalın körpələr Sovet qoşununa hisli-paslı aftafalarda isti çay, bağlamalarda pendir-çörək daşıyırdılar.
Bu insanlar yerişi-duruşu, nəvazişi, qabar əlləri, çal saçları ilə bizim kəndin adamlarına necə də oxşayırdı, ay Allah!..
XS
SM
MD
LG