Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:54

Azərbaycanın ilk Media Azadlığı İndeksi açıqlanıb


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Ukrayna və Moldovanın jurnalist təşkilatları media azadlığının səviyyəsini indeksləşdiriblər. Başqa sözlə, ekspert sorğularına dayanan sıralama müəyyənləşdirilib. İndekslər Avropa Birliyinin dəstəklədiyi layihə – «Avropa Qonşuluq Siyasətinin Şərq regionunda söz azadlığının monitorinqi» çərçivəsində hazırlanır və indən belə hər üç aydan bir təzələnəcək.

Azərbaycanın ilk Media Azadlığı İndeksini «Yeni Nəsil» Jurnalistlər Birliyi bu ilin iyununda keçirdiyi ekspert sorğusu əsasında tərtib edib. Media azadlığının durumuna görə, Azərbaycan sorğu aparılan 6 ölkə arasında yalnız Belarusu qabaqlayıb və 523 balla axırdan ikinci yeri tutub. Gürcüstan 1222 balla birinci, Ermənistan 912 balla üçüncü yerdədir.

Avropa Qonşuluq Siyasətinin Şərq regionu ölkələrində Media Azadlığı İndeksi

Ölkə Reytinq İndeks

Gürcüstan

1222 6

Moldova

1111 5

Ermənistan

912 4

Ukrayna

797 4

Azərbaycan

523 3

Belarus

414 2

ELÇİN ŞIXLI: «TƏƏSSÜF Kİ, BELƏDİR»

«Ayna» və «Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlının fikrincə, Media Azadlığı İndeksi gerçəkliyə yaxın göstəriciləri əks etdirir:
Elçin Şıxlı
Elçin Şıxlı

«Təəssüf ki, belədir. Həmişə öz aramızda danışırıq. Axırda rəqəmlərlə də sübut olunur ki, Belarusdan bir az öndəyik. Hətta Ermənistandan da geri qalırıq, oradakı vəziyyətdən təxminən xəbərim var. Gürcüstandansa xeyli geridə qalmışıq. Demirəm ki, onlarda hər şey idealdır, amma hər halda belədir. 1996-cı ildə gürcü həmkarlarımız bizdə olan reklamın miqdarını eşidəndə, ürəkləri gedirdisə, indi tərsinə olub. Keçən parlament seçkilərində reklam üçün bir adam da bizə müraciət etməmişdi. Bu, bizdə seçki prosesinin özünün hansı şəkildə getdiyini göstərir. İkincisi də, bu günlərdə oxudum ki, pullu reklama hazır televiziyalarımızın sayı, deyəsən, İTV-dən o yana getməyib (MSK-nın məlumatına görə, ödənişli seçki reklamlarından yalnız İTV yararlanacaq – red.). Belə şəraitdə həmin hesabatın doğruluğuna şübhə etməyin yeri yoxdur».

NATİQ MƏMMƏDLİ: «BELƏ SORĞU METODU İLƏ OBAMA-NI DA DİKTATOR ADLANDIRMAQ OLAR»

«Kaspi» qəzetinin baş redaktoru Natiq Məmmədli Media Azadlığı İndeksinin nəticələrinə şübhə ilə yanaşır:

«İndeks sorğu əsasında müəyyənləşib. İddia edilir ki, sorğu dövlət orqanlarına yaxın olmayan və siyasiləşməyən müxtəlif təbəqələr arasında keçirilib. İstər-istəməz, sual yaranır: Azərbaycanda siyasiləşməyən və ya siyasi mövqeyi olmayan hüquq müdafiəçisi, ictimai xadim varmı ki, bu sualları cavablandırsın? Digər tərəfdən, praktik jurnalistikanı qiymətləndirmək üçün 37 meyar göstərilib.
Natiq Məmmədli
Natiq Məmmədli
Mən hesab edirəm ki, bu meyarlar yönləndiricidir. Respondentləri bir növ məcbur edir ki, öz fikirlərini deməsinlər, sadəcə, sifarişçi ilə həmrəylik göstərsinlər. Yəni, belə sorğu metodu ilə Obama-nı da diktator adlandırmaq olar».

Natiq Məmmədlinin fikrincə, söz azadlığının durumuna görə Azərbaycanı Belarus və ya Ermənistanla müqayisə etmək olmaz, Gürcüstan, Ukrayna və Moldovadan isə qətiyyən geri qalmır:

«Bizdə problem media azadlığından sui-istifadə halları ilə bağlı ola bilər. Tutalım, jurnalist «Facebook»da tamam fərqli mövqe nümayiş etdirir, ancaq işlədiyi yerin standartları tamam başqadır. Və ya kimsə anonim sayt açıb insanların şərəf və ləyaqətini alçaldır, heç kim də ona «gözün üstdə qaşın var» demir. Bütün bunlar ifadə azadlığından sui-istifadə hallarının mövcudluğudur və bunlar tənzimlənməlidir. Bu baxımdan düşünürəm ki, «Yeni Nəsil»in indeksi xəyalındakı Azərbaycan haqqındadır. Yaşadığımız Azərbaycanda vəziyyət başqadır».

ARİF ƏLİYEVİN AÇIQLAMASI

Sorğunu keçirən «Yeni Nəsil» Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev Natiq Məmmədlinin söylədiklərini «cəfəngiyat» adlandırdı:
Arif Əliyev
Arif Əliyev

«Əvvəla Natiq müəllimin bunun metodologiyasından xəbəri yoxdur. İkincisi, obyektiv və ya subyektiv qoyulmasından asılı olmayaraq, suallar 6 ölkənin hamısında eyni cür və eyni tərzdə qoyulub. Sorğu iştirakçıları da mediada təcrübəsi olan, siyasi asılılığı olmayan, səviyyəli şəxslərdir. Burda qeyri-obyektivlik və yönləndiricilik varsa, başqa ölkələrdə də nəticələr yönləndirici və qeyri-obyektiv olmalıydı».

«JURNALİSTİKANI TAMAM SIRADAN ÇIXARMAĞA YÖNƏLİB»

Köşə yazarı Şahvələd Çobanoğlu düşünür ki, adətən, bənzər sorğular sınanmış və güvəndoğuran metodologiya ilə aparılır və vəziyyətin yaxşılaşdırılmasını hədəfləyir. Onun fikrincə, normal hökumətlər Media Azadlığı İndeksini önünə qoyub çıxış yolu axtarardı. Amma Azərbaycan hakimiyyəti həmişə belə hesabatları narazılıqla qarşılayır, hesabatı hazırlayanları da «ermənipərəst» adlandırır.

Şahvələd Çobanoğlunun dediyinə görə, Azərbaycanda jurnalistlərə basqılar sürür, telekanallar müstəqil deyil, alternativ fikir yayan qəzetlər, demək olar, qalmayıb. Üstəlik, hökumət jurnalistləri ələ almaq üçün ev paylayır:
Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu

«Bu, jurnalistikanı tamam sıradan çıxarmağa yönəlib. Azərbaycanda jurnalist çalışmaq artıq təhlükəlidir. Son dövrlərdə Xədicə İsmayılovaya basqılar, qarayaxmalar, şəxsi həyatına müdaxilə hər şeyi açıqlayır. Azərbaycan hakimiyyəti tənqidçilərini sıradan çıxarmaq, məhv etmək istəyir».

Sorğuya qatılan ekspertlərin fikrincə, Azərbaycanda jurnalistlərin öldürülməsi və oğurlanması nadir hadisə olsa da, hökumət belə cinayətlərin üstünün açılması və günahkarların cəzalandırılması üçün lazımi tədbirlərin hamısını görmür:

«Jurnalistlərin həbsi, saxlanılması, fiziki təzyiqlərə məruz qalması halları isə tez-tez baş verir. KİV əməkdaşlarının hədələnməsi, psixoloji təsirlərə məruz qalması, hüquq-mühafizə orqanlarına çağırılması, rəsmi xəbərdarlıqlar alması hallarına da çox rast gəlinir».

Məhkəmələrdən KİV və jurnalistlərə təzyiq vasitəsi kimi istifadə olunduğu, bütün KİV-lərdə özünüsenzuranın aşırı səviyyəsi də vurğulanır. Ekspertlərin ümumi rəyinə görə, ölkənin yayım kanalları hakimiyyətin tam nəzarətindədir. Narahatlıq doğuran başqa bir məqam da budur ki, interneti tənzimləyəcək dövlət orqanlarının yaradılmasına çağırışlar get-gedə çoxalır.
XS
SM
MD
LG